Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Avqust 2009

Kəsmikli Kətə – “Zərif”

Kəsmikli Kətə - "Zərif"

Bu kətənin (piroqun) reseptini mənə ailəvi dostumuz Sevinc xanım göndərib. Kətənin adı yox idi, amma Sevinc xanım reseptin axırında yazmışdı ki, bu kətə çox zərif olur. Mən də kətəni bişirib onun doğrudan da da zərif olduğunu görüncə, ona Zərif adını verdim. Ümumiyyətlə, kəsmikli şirniyyatları çox sevirəm, çünki məncə, kəsmik şirniyyatlara yüngüllük, zəriflik əlavə edir. Bu kətə də bu cür zərif şirniyyatlardandır.

Sevinc xanım resepti Azərbaycandakı yemək verilişlərinin birindən öyrənib. Sevinc xanım deyir ki, reseptin müəllifi o verilişdə iştirak edən Şirin xanımdır. Hər ikisinə də buradan təşəkkürümü bildirirəm. Resepti kiçik dəyişikliklər ə detallı şəkillərlə sizə çatdırıram. Nuş Olsun!

Kəsmikli Kətə “Zərif”

Xəmir üçün:
200 q soyuq kərə yağı
1/2 çay qaşığı soda
1/2 xörək qaşığı qatıq və ya xama
2 stəkan un
1/2 stəkan şəkər tozu

İçi üçün:
400 q kəsmik
1 stəkan şəkər tozu
2 yumurta
bir çimdik vanil

Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün soyuq kərə yağını sürtgəcin iri dişlərindən bir qabın içinə keçirin.

Stəkanda sodanı qatıq və ya xamada həll edib yağ olan qaba əlavə edin. Unu və şəkər tozunu da oraya əlavə edib, çəngəllə əzmədən, təxminən noxud boyda umaj əldə edənə qədər qarışdırın. MİKSERDƏN İSTİFADƏ ETMƏYİN!

İndi isə içi hazırlayın. Bunun üçün içə lazım olan ərzaqları bir qaba qoyub, qarışdırın.

20 x 28 cm ölçülərində olan kənarları bir qədər hündür fomanı yağlayın (mən sobaya dayanıqlı şüşə formadan istifadə edirəm).

Sobanı 180C-dək qızdırın.

Xəmiri iki yerə bölün. Bir hissəsini yağladığınız formanın dibinə yayın. Üstündən basmayın.

Kəsmikli içi bunun üzərinə yayın.

Sonra isə qalan xəmiri için üstünə səpin. Üstündən basmayın.

Kətəni sobanın orta rəfində 30 dəqiqə ərzində, və yaxud üstü biz az qızaranadək bişirin.

Kətəni sobadan çıxardın və qoyun formada 15 dəqiqə soyusun. Sonra isə kətəni doğrayın. Süfrəyə verməzdən əvvəl tamamilə soyumasını gözləyin. Nuş Olsun!