Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Sentyabr 2010

“Banan” Pirojnası

"Banan" Pirojnası

Banan pirojnası Bakıda keçirdiyim uşaqlığımın və gəncliyimin bir xatirəsidir. Bu pirojna evimizdə tez-tez bişərdi – həm qonağımız olanda,  həm təntənəli günlərdə, həm də ki, ürəyimiz şirniyyat istəyəndə, banan pirojnası bişirərdik. Bu yay Bakıda olanda anam bir ənənə olaraq bizə bu ləziz şirniyyatdan bişirdi. O bişirdi, mən də proses boyu şəkillər çəkdim ki, sizə çatdırım. Nuş Olsun!


“Banan” Pirojnası

20 pirojna üçün

Xəmir üçün:
1 stəkan xama
çay qaşığının ucunda (çay qaşığının dörtdə  bir hissəsi) çay sodası
200 qram kərə yağı – əridib soyudun (qaynatmayın – əriyən kimi oddan götürün)
2 stəkan əla növ ağ un

İçi üçün:
2 stəkan kəsmik
1 stəkan şəkər
yarım stəkan un
bir çimdik vanil

Üstü üçün – şəkər kirşanı (pudrası)

Əvvəlcə xəmiri düzəldin. Bunun üçün bir qabda sodanı xamada qabardın. Üstünə yağ və unu əlavə edib xəmir yoğurun. Xəmir zərif olmalı və çox bərk olmalalıdır. Xəmiri kündələyib 2 saat ərsində soyuducuda saxlayın.

İçi hazırlayın. Bunun üçün bir qabda kəsmik, şəkər, un və vanili qarışdırın. Alınan kütləni 1 saat ərzində soyuducuda saxlayın. Diqqət – əgər kəsmik çox suludursa, onu tənzifə qoyub suyunu süzün. Əks halda iç sulu olacaq.

Sobanı 190C-dək qızdırın.

Xəmiri qozdan bir qədər böyük parçalara ayırıb kündələyin. Hər kündəni oxlovla diyametri 5 santimetrə olan dairələr şəklində açın. Dairənin bir tərəfinə təxminən bir xörək qaşığı içdən qoyub dairəni şəkildə gördüyünüz kimi bükün. Sonra pirojnalara banan şəkli verib tikişləri aşağıda olmaq şərtilə listə aralı-aralı düzün.

Təxminən 20-25 dəqiqə bişirin. Hazır pirojnaların altı bir qədər qızarmış olmalı, üstü isə ağ qalmalıdır. Pirojnalar tamamilə soyuduqdan sonra üstlərinə şəkər kirşanı ələyin. Nuş Olsun!