Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Noyabr 2010

Darçınlı Qoz Çərəzi

Darçınlı Qoz Çərəzi

“Ürəyim nəsə yemək istəyir”  dediniz? Eşitdim. Bu çərəzlər məncə lap  yerinə düşər – içi yumuşaq, üstü bir az xırt-xırt darçına bürünmüş bu qozlar imdadınıza çatacaq. Mən bu qozları tum çırtlayan kimi yeyirəm.

Darçınlı Qoz Çərəzi

The Costco Connection jurnalının noyaybr 2009 sayından adaptə edilmişdir

2 stəkan çərəz üçün

1 yumurta ağı
1 xörək qaşığı su
2 stəkan qoz ləpəsi (qırılmış parçalar da ola bilər)
Yarım stəkan şəkər tozu
1 xörək qaşığı darçın
Bir  çimdik muskat qozu (tozu)

Sobanı 110Cdək qızdırın. İri dəyaz formanın dibinə folqa kağızı (şəkildəkindən) sərin.

Bir qabda yumurta ağını suyla bərabər mikserlə təxminən 1 dəqiqə, köpüklənənə qədər çalın. Üstünə qozu əlavə edib qarışdırın. Kütləni süzgəcə boşaldın. Qoyun 2-3 dəqiqə suyu süzülsün.

Plastik torbada şəkər tozu, darçın və muskat cevizini qarışdırın. Buraya qozu da əlavə edib, torbanı bağlayın və silkələyin ki, içindəkilər yaxşı qarışsın. Sonra isə qozu formadakı folqa kağızına bir lay olmaq şərtilə yayın.

1 saat ərzində bişirin – hər 15 dəqiqədən bir yüngülvari qarışdırın. Sobadan çıxardın. Qoyun soyusun. Bir birinə yapışan qozları əlinizlə qırıb ayırın.