Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Avqust 2011

Kremli Banan və Giləmeyvə Deserti

Kremli Banan və Giləmeyvə Deserti

Bu resepti mənə bir rəfiqəmin anası Türkan xanım verib. O, bir gün bu ləzzətli olduğu qədər də yüngül olan bu deserti başqa bir rəfiqəm gilin evində yığışdığımız gün oraya gətirmişdi. İlk qaşıqdan məhəbbət deyilən budur yəgin. O qədər bəyəndim ki! Türkan xanım heç tərəddüd etmədən reseptini məni  dedi, mən də yazdım. Desept nədən ibarətdir – bir lay meyvə, bunun da üstünə vanilli-limonlu krem krem. Orijinal reseptdə müxtəlif meyvələrdən istifadə edilmişdir – gavalı, banan, hətta üzüm belə var idi. Mən resepti bir qədər dəyişdirərək yalnız bir lay banan, bir lay da giləmevyələrdən istifadə etdim. Üstünə də möhtəşəm krem! Və mənim giləmeyvəli hər növ şirniyyata yaraşdırdığım bəzək – təzə nanə yarpaqları. Nuş olsun!

Kremli Banan və Giləmeyvə Deserti

Note: Istəyə görə, deserti bir iri qab yerinə, paylıq stəkanarda, bakallarda da hazırlaya bilərsiniz. Bir də qeyd edim ki, buradakı krem bir qədər qatı olur, puddinq kimi. Kremin bir az duru olmasını istəyirsinizsə, südün miqdarını bir az azaldın.


Krem Üçün:

2  stəkan + bir stəkanın dörtdə biri qədər süd
2 ədəd yumurta
14 xörək qaşığı şəkər tozu
4 xörək qaşığı un
2 xörək qaşığı qarğıdalı nişastası (kartof unuyla əvəz etmək olar)
2 xörək qaşığı təzə sıxılmış limon suyu
1 çay qaşığı vanil ekstraktı (və ya iki paket vanil tozu)
2 xörək qaşığı narın rəndələnmiş limon qabığı
1 xörək qaşığı kərə yağı

Meyvə Layları Üçün:
5-6 ədəd banan – yumru-yumru doğrayın
3-4 stəkan qarışıq morux, böyürtkən, və qaragilə (çiyələk və ya istədiyiniz başqa yumuşaq meyvələr də olar)

Bəzək Üçün:
Təzə nanə yarpaqları

Hazırlanma Qaydası:

Əvvəlcə kremi hazırlayın. Qazanda süd, yumurta, şəkər tozu, un, qarğıdalı nişastası və limon suyunu yaxşıca qarışdırın. Taxta qaşıqla qarışdıra-qarışdıra, kütlə qatılaşanadək bişirin, təxminən 2 dəqiqə. Kənara çəkib, vanil, limon qabığı və yağı əlavə edin. Mikserlə və ya mətbəx teliylə yağ əriyənə, və kütlə bir az soyuyanadək çırpın.

Banan dilimlərini ölçüsü 33 x 25 sm olan qalın şüşə qabın dibinə düzün.

Üstünə giləmeyvələri yığın.

İlıq kremi meyvələrin üstünə tökün. Qoyun soyusun. Üstünə mətbəx streçi örtüb, qabı nir neçə saat müddətinə soyuducuya qoyun. Süfrəyə verməzdən əvvəl desertin üstünü nanə yarpaqları ilə bəzəyin.