Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Fevral 2012

San Diego Şəhərinə Səyahət

San Diego Şəhərinə Səyahət

Bugünkü yazıda resept olmayacaq, bağışlayın.

Bu gün sizi San Diego şəhərinə virtual səyahətə aparacağam – San Diego şəhərində gəzinti zamanı çəkdiyim şəkillər ilə. Bu şəkilləri buraya yerləşdirməzdən əvvəl çox fikirləşdim. Öz-özümə dedim ki, Azərbaycanda soyuq-çolğun, mən də yay şəkilləri qoyum (burada havalar adətən isti olur) – yaxşı çıxmaz axı.  Sonra dedim, bəlkə bu şəkillər içinizə bir istilik gətirər, ümid gətirər ki, isti günlər gələcək, uzaqda deyil!

İcazənizlə başlayaq. San Diego şəhəri Kaliforniya ştatının ən gözəl şəhərlərindən biridir. Los Angelesdən təxminən 2 saat uzaqlıqda yerləşən bu şəhər Meksikayla həmsərhəddir. Bir neçə həftə əvvəl dostlarımızla yığışdıq ki, uşaqları oradakı zooparka aparaq, amma planlar dəyisdi (uşaqları bilmirəm, amma mən buna sevindim).

Əvvəlcə San Diego Seaport Village adlanan bir istirahət yerinə getdik. Okean sahilində yerləşən bu yerdə müxtəlif mağaza, restoran və parklar var. Əsl istirahət güşəsidir. Buradan çıxıb Historic Old Town San Diego adlanan yerə getdik. Buraya kiçik Meksika desək yerinə düşər, çünki insan bir anlıq Meksikaya gəlmiş kimi olur. Burada hər kəs istədiyini tapa bilər – muzeylər, Meksika restoranları, mariaçi musiqisi, sərgilər, Meksika geyimi, suvenirləri, ərzaqları satan saysız dükkanlar. Yolunuz buraya düşsə (ümid edirəm ki, hamınızın yolu düşər), bu yeri mütləq görməlisiniz.

İndi isə səyahətə başlayaq!

Marina mənzərəsi. San Diego’s Seaport Village

Okean mövzulu suvenirlər satışda. Seaport Village.

Bu şəkili çəkməzsəm olmazdı. Quşların hərəkətləri keçənləri heyran edirdi – gah dalaşırdılar, gah barışırdılar.

Rəngləri necə də gözəldir!

Otel otağından San Diegoya baxış.

Sahil boyu gözəl mənzərələr.

San Diego mərkəzindən bir görüntü.

Yumuşaq qum, möhtəşəm  mənzərə.

Bu mağazanın kreativ adı var.

Bu isə falçı xalanın masası. Falçı isə gözə görünmürdü. Yəgin haradasa dincəlirdi.

Güllər.

Tarixi Köhnə Şəhər. Burada insan özünü Meksikaya gəlmiş kimi hiss edir. Bura Kaliforniya ştatının başlandığı yer hesab olunur.  16 əsrdə  buraya ispanlar gəlib sonra burada məskünlaşmışdılar (bundan əvvəl buralarda qızıldərililər yaşamışdır).

Frida Kahlonun adını daşıyan bir geyim mağazası.

Əl işi – Meksika duluşçuluq məmulatları. Hər şey rəngarəng!

Meksika restoranında qurudulmuş acı bibərlər və divarda şəkil.

Bu isə qrupumuzdan bir çoxunun sifariş etdiyi məşhur fajitas. Mən dəniz məhsullarından hazırlanan şorba yedim – ispanca desək “muy delicioso” idi – yəni çox ləzzətli idi!

Kaliforniya zeytunları satışda.

Dəmir orkest.

Meksika üslubunda bir şkaf.

Bu dükkanda acı nə varsa satılır – ədvalar, souslar, turşular və sairə.

Meksika ansamblı iş başında – açıq hava restoranındakı qonaqları əyləndirir.

Kaliforniya mətbəx tarixi haqqında bir yazı.

Köhnə Şəhərdə hər şeyin təbii aurası var. Süni heç nə yoxdur.

Meksika ərzaqları satan bir dükkanın girişində.

Qızım Meltem romantik skripkaçı ilə.

Romantik Meksika balladaları oxuyan müğənninin başında sombrero (Meksika papağı) yox idi. O, mənim onun çəkdiyimi gördüyündə, nəzakət əlaməti olaraq papağı geydi ki, şəkilim daha təbii, Meksikasayağı alınsın. Muchas gracias, amigo!

Bu xanım isə torlu budkada tortilla bişirirdi. Tortilla bir növ Meksika lavaşıdır.

Sombrerosuz Meksika olmaz ki!

Əl işi şamlar.

Köhnə Şəhərdə tarixi ev. Casa de Estudillo evi. Bu evdə bir vaxtlar 11 uşağıyla bərabər xəzinədar José Antonio Estudillo yaşayıb.

Meksika restoranında.

Hasta luego! Hələlik!