Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for İyun 2012

Qatıqlı Pərpətöyün Salatı

Qatıqlı Pərpətöyün Salatı

Pərpətöyün alaq otu olsa da yeməklərin hazırlanmasında tərəvəz kimi istifadə olunur. Ətli yarpaqları və gövdəsinin azca turşməzə olması ilə ispanaq və vəzəriyə yaxındır. Çoxlu yarpaqları olan bu tərəvəzin sağlamlığa da bəzi faydaları var. Onun tərkibində Omega 3 yağ turşuları, vitaminlərdən A, C və bir qədər də B vitamini,orqanizm üçün vacib olan minerallardan maqnezium,kalsium,pottasium və dəmir mövcuddur. Bu tərəvəzi qızartmaq, sote kimi bişirmək, marinadlaşdırmaq yaxud da hazırda təqdim etdiyim Türk salatında olduğu kimi, çiy vəziyyətdə istifadə etmək olar.

İlk dəfə salat haqqında eşidəndə bu dadların qarışığı mənə o qədər də maraqlı gəlməmişdi- pərpətöyün yarpaqları sarımsaqlı qatıqla? hmmm… Çünki biz Azərbaycanda pərpətöyünü çiy halda yemirik. Onu ya turşu hazırlamaqda istifadə etmişik, ya da bişirmişik. Ona görə də çiy halda dilimə heç vaxt dəyməmişdi. Lakin bir gün sınaqdan keçirdim və salatı hazırladım. Bu çox dadlı idi! Sərinləşdirici, xüsusi tamı və xırtıldayan olması həqiqətən də gözəl idi. Salatı hazırlamaq üçün sadəcə bir neçə dəqiqə vaxt lazımdır. Yedikdən sonra isə ləzzətindən uzun-uzun danışılacaq bir yeməkdir. Hazırlamaq üçün ən yaxşı yay salatıdır.

Qatıqlı Pərpətöyün Salatı (Yoğurtlu Semizotu Salatası)

6 nəfərlik salat üçün

1 böyük dəstə təzə pərpətöyün
2 fincan və ya bir qədər çox qatıq
2 diş əzilmiş sarımsaq (qədərini zövqə görə müəyyənləşdirin)
Duz,zövqə görə
Üzərinə çiləmək üçün zeytun yağı, səpmək üçün paprika (şirin qırmızı istiot)

Hazırlanması:

Pərpətöyün təmizlənir, gövdələri kəsilir. Yarpaqlı hissə iri-iri doğranır,doğrandıqdan sonra təmiz yuyulur. Suyu süzülüb qurudulur (tez olsun deyə mən mətbəx salfetiylə ehmalca qurulayıram).

Bir qabda qatıqla əzilmiş sarımsaq qarışdırılır. Pərpətöyün əlavə olunur,yavaşca qarışdırılır. Tam qarışdıqdan sonra zövqə görə duz qatılır. Hazır salat dayaz boşqaba boşaldılır. Üzərinə bir qədər zeytun yağı çilənir, paprika səpilir və süfrəyə verilir.