Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ağcaqayın Siroplu Balqabaq və Pekan Rollu

Pumpkin Pecan Rolls with Maple Glaze

O gün bir dostuma hədiyyə almaq üçün yerli geyim və min bir xırdavat dükanına girdim. Dükandan çıxanda əlimdə iki hədiyyə var idi. Biri dostuma, biri də özümə. Tapın görüm özümə nə almışdım. Cavabı tapmaq çətin deyil. Bəli, yemək kitabı. Mən həmişə paltar və ev əşyaları dükanlarına girəndə o balaca guşələrə nəzər salıram ki, görüm orada mənim üçün təzə bir yemək kitabı varmı. Bu, bir az da asılılığa bənzəyir və mən bunun qarşısını almağa çalışsam da səylərim boşa çıxıb. Bu dəfə dükandan çıxanda əlimdəki kitab “Cooking Light Complete Cookbook” kitabı idi. Bəlkə də “light” (“yüngül”) sözü məni cəlb etdi, çünki mən lap elə bu yaxınlarda yeni il ərzində daha yüngül və sağlam qidalanmağı, daha sağlam olmağı özümə söz vermişəm. Beləliklə, kitab lap durnanı gözündən vurmuşdu. Mən böyük həvəslə evə tələsdim, kitabı vərəqlədim və sınamaq üçün ilk reseptimi gözaltıladım. Balqabaq rollu!

Pumpkin Pecan Rolls with Maple Glaze

Buzxanamda bir az balqabaq püresi qalmışdı və indi onu istifadə etmək üçün əlimə yaxşı imkan düşmüşdü. Balqabaq püresi bu rolları super yumşaq etdi, bir az da ətir gözəl rəng əlavə etdi. Uşaqlar sevincək oldular, böyüklər də onlardan geri qalmadılar.

Səbrsizliklə gözlədiyim tərifləri eşitmək üçün mən resepti bir az da yaxşılaşdırmaq istəyirdim və beləliklə sözün hərfi mənasında bir az improvizasiya edərək onu yeni bir səviyyəyə çatdırdım. Məsələn, reseptdə pekan yox idi, amma mən düşündüm ki, pekan darçınlı içliyə gözəl, çxırçıltılı bir əlavə olar. Mən həm də rolların üzərinə original reseptdə tövsiyyə olunan adi vanil qlazuru əvəzinə ağcaqayın siropu qlazuru tökdüm. Hazırlanma qaydası, ölçülər və miqdarlar təhrif edildi və budur, ağcaqayın siropu qlazurlu ideal balqabaq və pekan rollu resepti dünyaya gəldi. O, bizim evdə uzun ömür sürməyə qərarlıdır.

Pumpkin Pecan Rolls with Maple Glaze

Ağcaqayın Siroplu Balqabaq və Pekan Rollu
“Cooking Light Complete Cookbook” kitabından götürülmüş reseptin gen-bol adaptə edilmiş versiyası

18 roll üçün

Ərzaqlar

Xəmir:
1 paket quru maya (2 ¼ çay qaşığı)
1/4 stəkan ilıq su
2  1/2 stəkan ağ un
1/2 stəkan evdə hazırlanmış balqabaq püresi
1/2 stəkan süd
1/4 stəkan duzsuz kərə yağı, əridilmiş və soyudulmuş
1 çay qaşığı şəkər tozu
1/4 çay qaşığı duz
1/4 çay qaşığı sürtgəcdən keçirilmiş Muskat cevizi

İçlik:
3 xörək qaşığı şəkər tozu
3 xörək qaşığı qonur şəkər  (yoxdursa, adi şəkər tozu ilə əvəz edin)
2 xörək qaşığı ağ un
1   1/2 çay qaşığı üyüdülmüş darçın
2 xörək qaşığı soyudulmuş duzsuz kərə yağı, kiçik hissələrə bölünmüş
1/3 stəkan pekan, doğranmış (çox da incə doğramayın; qozla əvəz edilə bilər)

Ağcaqayın qlazuru (siz bunun əvəzinə adi vanil qlazuru da hazırlaya bilərsiniz):
1 stəkan şkər pudrası
2 xörək qaşığı ağcaqayın siropu
1   1/2 xörək qaşığı süd

Hazırlanması

Xəmiri hazırlayın: İri və dərin bir qabda mayanı ilıq suda həll edin; 5 dəqiqə gözləməyə qoyun. Unun 2 stəkanını, balqabaq püresini, süd, yağ, şəkər, duz və Muskat cevizini əlavə edin. Mikserin orta sürətində tam qarışana qədər çalın. Qalan 1/2 stəkan unu da əlavə edib eynicinslu xəmir əldə edənə qədər yoğurun. Əldə etdiyiniz əxmiri yüngülcə unlanmış müstəvinin üzərinə qoyun və xəmir hamar və elastic olana qədər, təxminən 7 dəqiqə yoğurun. Xəmir bir az yapışqan olacaq, bu normaldır. Amma o sizin əlinizə çox yapışmalı deyil. Əgər yapışırsa bir azca da un əlavə edib yoğurmağa davam edin.

Xəmiri qaytarıb bir az zeytun yağı olə yağlanmış qabın içinə qoyun. Streç, yaxud çay dəsmalı ilə örtüb isti yerdə təxminən 45 dəqiqə, yaxud həcmi iki dəfə artana qədər saxlayın. (Xəmiri iki barmağınızla ehmalca basın. Əgər xəmirdə çökük izləri qalırsa deməli xəmiriniz kifayət qədər gəlib.)

İçliyi hazırlayın: Kiçik, dərin bir qabda şəkər tozu qonur şəkər, un və darçını qarışdırın. Soyuq yağı bu qarışığın içinə doğrayıb xəmir qarışdıran vasitəsilə qarışdırın, yaxud da barmaqlarınızla ovun. Əldə olunan qarışıq xırda lopaları xatırlatmalıdır. Pekanı da əlavə edib qarışdırın və kənara qoyun.

Xəmiri doldurun: İş masasını yüngülcə unlayın. Xəmiri masanın üstünə qoyub 45 x 28 sm-lik düzbucaqlı şəklində yayın. İçliyi üzərinə bərabər qaydada yayın. Düzbucaqlının uzun tərəfindən başlayaraq, içində hava qabarcıqları yaranmasın deyə yüngülcə basaraq kip burun. Ruleti 2.5 sm ölçülü 18 dilimə bölün. Dilimləri əvvəlcədən yüngülcə yağlanmış 28 sm-lik yumru soba tavasının içinə dairəvi şəkildə (şəkildəki qaydada) düzün. Üzərini örtüb 25 dəqiqəliyinə, həcmi iki dəfə artana qədər gəlməyə qoyun.

Rolları bişirin: Sobanı əvvəlcədən 190ºC-yə qədər qızdırın. Rolların üzərini açın. Sobanın orta gözünə yerləşdirib 20 dəqiqə ərzində, yacud qızılı-qonur rəng alana qədər bişirin. Üzərinə qlazur tökməzdən əvvəl təqribən 15 dəqiqə qabın içindəcə soyudun.

Qlazuru hazırlayın: Şəkər pudrası, ağcaqayın siropu və südü kiçik bir cəmə qoyub yumurtaçalanla eynicinsli kütlə alınana qədər çalın. Qlazuru rolların üzərinə tökün. İsti-isti süfrəyə verin.

Pumpkin Pecan Rolls with Maple Glaze

Bir cavab yazın

3 Şərh
  1. Elleriniz dert gormesin.Gorunur cox dadli sirniyyatdi.Buna formaca benzer olan “hilli ve limonlu siri corekler”bisirmisdim 3 il bunda evvel super idi.

  2. Feride xanim sizden bir xaisim var.Lenkaran metbexine aid olan “qend kulcesi ” var.Arada bisirib bloga qoysaniz super olar.inaninki cox dadlidi.Yemisem amma reseptini bilmirem.

Bir cavab yazın