Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şirniyyatlar

Kəsmikli Limonlu Keks

Kəsmikli Limonlu Keks

Çox zərif və olduqca ləzzətli keksdir. Əgər çizkeykin dadını bilirsinizsə, bu keks bir qədər onu hatırladır. Onun kimi yumuşaqdır. Mən burada Azərbaycanda satılan kəsmikdən tapmadığıma görə, bu keksi duzsuz ağ pendirlə bişirirəm. Yaxşı alınır.

KƏSMİKLİ LİMONLU KEKS

Ərzaqlar

250 g kəsmik və ya duzsuz ağ pendir
115 g kərə yağı, əridib soyudun
5 yumurta, otaq hərarətində
bir çimdik vanil tozu
3/4 stəkan əla növ ağ un
1   1/4 stəkan şəkər tozu
1 stəkan qatıq (çox sulu olmasın)
1 limonun qabığı, sürtkəcin iri dişindən keçirilmiş
üstü üçün şəkər kirşanı

Qeyd: Diqqət yetirin ki, kəsmiyiniz çox sulu olmasın. Əgər suludursa, onu xəmirə qatmaqdan əvvləl tənzifə qoyub suyunu süzdürün. Kəsmik quru olmalıdır.

1. Sobanı 180Cdək qızdırın.

2. Böyük bir qabda kəsmik və ya pendiri kiçik parçalar halına qələnədək ovun. Üstünə soyumuş kərə yağı, yumurta, vanil tozu və unu əlavə edin. Mikserlə qarışanadək təxminən bir dəqiqə ərzində çalın. Alınan kütlə aşağıdakı şəkildə göründüyü kimi olmalıdır.

3. Ayrı qabda şəkər tozu və qatığı mikserlə qarışanadək çalın. Üstünə rəndələnmiş limon qabığı əlavə edib qaşıqla qarışdırın.

4.  Qatıqlı qarışığı kəsmikli qarışığa əlavə edib qaşıqla qarışdırın. Alınan kütlə bir qədər sulu olacaq. Bu normaldır.

5.      21 X 11 santimetr ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın. Alınan kütləni yağlanmış formaya tökün. Sobanın orta rəfində 50 dəqiqə ərzində, üstü qızaranadək, bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ keksiniz hazırdır (bu keks çox şişən kekslərdən deyil. Olduqca zərif və yumuşaqdır).  Keks öz formasında tamamilə soyuduqdan sonra, onu yavaşca alt-üst çevirin. Sonra servis qabına çevirib üstünə şəkər kirşanı və istəyə görə, rəndələnmiş limon qabığı səpin. Nuş Olsun!