Best in the World!
Dadlı yemək reseptləri bloqu

Uşaqlar Üçün

Sobada Ballı Toyuq Qanadı

Sobada Ballı Toyuq Qanadı

Amerikada qanad toyuğun ən məşhur hissələrindəndir. Hətta, xüsusi restoranlar var ki, menyularında yalnız qanad var, amma qanad dediyiniz adi qanad deyil. Bu qanadları müxtılif şirin, acı souslarda marinə etdikdən sonra, qızğın yağda qızardırlar. Sonra isə müxtəlif souslara batırıb yeyirlər. Əvvəllər acı yeməklə aram yox idi. Amma buraya gəldikdən və buradakı acı qanadlardan daddıqdan sonra, acıya bir qədər öyrəşdim.

Dünən dükkandan bir xeyrli qanad aldım. Fikirləşdim ki, evdə uşaqlar var, acı qanaq bişirmək yaxşı olmazdı. Dedim, uşaqların yeyə biləcəyi bir şey bişirsəm, daha yaxşı olar. Türkiyədən mənə hədiyyə göndərilən bir kitabdan aşağıdakı resepti tapdım. Kitab uşaqların yeyə biləcəyi yeməklərə aid idi, amma məncə bu qanadları böyüklər uşaqlardan da çox bəyənər. Toyuq qanadlaqı əvvəcə bal-ketçup-mayonez qarışığında bastırma edilir, sonra isə çörək qırıntısına batırılıb sobada bişirilir. Buranın restoranlarındakı qanadlardan fərqli olaraq, bu qanadlar yağda deyil, sobada bişirilir. Nəticədə çox ləzzətli qanad alınır – üstü xırt-xırt, içi isə yumuşaq. Bal sözü sizi qorxutmasın. O, qanada xoşməzə şirinlik qatır. Mən çox bəyəndim. Umid edirəm ki, siz də eyniylə bəyənəcəksiniz.

SOBADA BALLI TOYUQ QANADI
Resept Sahrap Soysalın “Anne, ben acıktım” kitabından götürülmüşdür

16 ədəd toyuq qanadı
2 xörək qaşığı ketçup
2 xörək qaşığı mayonez
2 xörək qaşığı bal
zövqə görə duz
zövqə görə istiot
çörək qırıntısı (suxariki) – irilərindən olsa daha yaxşı olar

1. Toyuq qanadlarının ucunu kəsib atın. İri bir qabda qanadlar, ketçup, mayonez, bal, duz və istiotu yaxşıca qarışdırın. Soyuducuda ən azı 4 saat saxlayın (gecədən səhərə kimi qalsa, daha yaxşı olar).

2. İri listin dibinə kalka kağızı (baking paper) sərin. Çörək qırıntılarını dəyaz biz qaba qoyun.

3.Qanadların hər tərəfini qırıntıya batırıb listə düzün.

4. 200C-lik sobada təxminən 40 dəqiqə ərzində, və yaxud qanadlar bişib üstləri qızarana kimi bişirin. Nuş Olsun!