Best in the World!
Dadlı yemək reseptləri bloqu

Dulce de Lecheli “Qoz” Peçenyesi

AZCookbook - Westgold

01_plated_west

Içi ləziz karemelləşmiş süd yaxud dulce de leche ilə doldurulmuş qoz peçenyesini kim xoşlamır? Məncə hamı xoşlayır. Çünki o qədər qeyri-adi və ləzzətlidir ki, dadına doymaq olmur. Qoz formasında olmağı isə bu peçenyeni daha da iştahaçıcı edir.  Bu peçenyeni hazırlamaq üçün sizə rusca “oreshnitsa” adlanan qəlib lazımdır. Onu məişət mağazalarında asanlıqla tapmaq olar (mən öz qəlibimi Bakıda alıb Amerikaya gətirmişəm).

shells_west

Qoz peçenyesinin xəmirinin hazırlanmasının bir neçə qaydası var. Bu gün sizə təqdim edəcəyim qayda ən çox bəyəndiklərimdəndir. Bu reseptlə hazırlanan qoz qabıqları olduqca zərif olduğuna görə, peçenye ağızda əriyir. Bu ətraflı reseptdən istifadə etsəniz, sizin peçenyeler də elə alınacaq. Mən bu peçenyenin xəmirini Westgold kərə  yağı ilə  hazırladım və nəticə əla oldu. Buyurun, bu da resept. Bişirin və sevdiklərinizlə paylaşın. Nuş olsun!

Westgold Kərə Yağı

Keyfiyyətli Westgold kərə yağı ilə yaxşı nəticə əldə edəcəksiniz.

making-the-dough-step-1_west

 Xəmirin çox bərk olmamasına diqqət edin. Əks halda, peçenye bərk alınar.

oreshki-baked_west

Bu da bişmiş qoz qabıqları.

dulche-de-leche-cream_west

Dulce de leche ilə qozu qarışdırdıq – ləziz kremimiz hazırdır!

filled-oreshki_west

Qoz qabıqlarını dolduraq!

Dulce de Lecheli “Qoz” Peçenyesi

Təxminən 60 peçenye alınır

Ərzaqlar

İçlik üçün:
İki 400 qramlıq dulce de leche bankası (bişmiş qatılaşmış süd)
1/2 stəkan və ya zövqə görə daha çox iri doğranmış qoz

Xəmiri üçün:
3 stəkan (450 qram) ağ un
250 qram Westgold kərə yağı, otaq temperaturunda yumşalmış (əritməyin!)
1/2 stəkan (125 qram) şəkər tozu
2 yumurta, ağları sarılarından ayrılmış
1 xörək qaşığı sirkə
1/4 çay qaşığı çay sodası

Hazırlanması

İçliyi hazırlayın: Ərzaqların içərisində verdiyim keçidə əsasən dulce de leche hazırlayın. Onu hazırlamaq və soyutmaq 3 saatdan çox vaxt aldığına görə vaxtınızı yaxşı planlaşdırın. Dulce de lecheniz kifayət qədər soyuyandan sonra onu bir dərin qaba tökün, qozu əlavə edib yaxşıca qarışdırın. İçliyiniz hazırdır.

Qozun qabıqları üçün xəmiri hazırlayın:
Unu orta ölçülü cəmin içinə qoyun. Kərə yağını əlavə edib dən-dən olana qədər əlinizlə sürtün. Kənara qoyun.

Başqa bir cəmin içində şəkəri yumurta sarıları ilə qarışdırın və bir neçə dəqiqə, qarışıq rəngi açıq olana qədər mikserin orta sürətində çalın.

Ayrıca bir qabda yumurta ağlarını mikserlə yumşaq təpəciklər alınana qədər çalın. Sirkəni balaca bir cəmə, yaxud fincana qoyub çay sodasını üzərinə səpin ki, qarışsın. Qarışığı çalınmış yumurta ağına əlavə edib ehtiyatla qarışdırın.

Bir spatula götürüb yumurta ağını yumurta sarısı və şəkər qarışığına əlacə edin və ehmalca qarışdırın. Bunun üçün mikserdən istifadə etməyin!

Yumurta qarışığını yağ-un qarışığına əlavə edin və xəmir əmələ gələnə qədər ehtiyatla qarışdırın. Alınan xəmir əlinizə yapışmamalıdır, amma bərk də olmamalıdır. (Bir az nəm qumu təsəvvürünüzə gətirin.)

Qoz qabıqlarını bişirin:
Qəlibiniz iki metal lövhədən ibarətdir: Biri xəmiri içinə qoymaq, digəri isə ona qoz qabığı forması vermək üçün, xəmirin üstünə basmaq üçündür. İki lövhəni bir-birindən aralayın (Bəzi qəliblərdə iki lövhə bir-birinə bitişik olur və onları aralamaq mümkün deyil; ən yaxşısı əlinizdə olan qəlibin instruksiyasını oxuyun). Qəlibin hər iki lövhəsinin xəmirə toxunacaq iç tərəfini yüngülcə yağlayın. Bunu xəmirin qəlibə yapışmasına imkan verməmək üçün edirik. Bunu hər 2-3 bişirmədən bir təkrarlayacaqsınız. Qəlibi hər dəqiqə yağlamağa gərək yoxdur.

Xəmirdən bir çimdik götürüb qəlibin bir üzündəki oyuqlara yerləşdirin. Oyuqları ağzına qədər xəmirlə doldurmayın; xəmir oyuğun təxminən 1/3-ni tutmalıdır. Digər lövhəni onun üzərinə qoyub xəmirin üzərinə basın. Bundan sonra daha qəlibi açmayın.

Qəlibi orta istilikdə olan qaz, yaxud elektrik sobanızın üzərinə qoyun. Bir neçə saniyə ərzində qəlibin qulplarını bir-birinə sıxın. Bunu içəridəki xəmirin lazım olandan çox qalxmasının, nəticədə qəlibin lövhələrinin aralanmasının qarşısını almaq üçün edirik. Bir neçə saniyədən sonra əlinizi buraxa bilərsiniz. Qoz qabıqlarının bir qədər qızarmış olmasını yoxlamaq üçün üst qapağı ehmalca qaldırıb baxın. Əgər qızarıbsa onda qapağı bağlayıb indi də qəlibi o biri tərəfinə çevirin. Arabir qapağı açıb qoz qabıqlarının hazır olub-olmadığını yoxlamaq olar. Amma bunu təxminən ilk bir dəqiqə keçməmiş etməyin. Qoz qabıqlarının bayır tərəfi yüngül qızılı rəng alan kimi (içi daha açıq rəngdə qalacaq) qəlibi qazın üzərindən götürün, lövhələri aralayıb qoz qabıqlarını ehmalca qəlibdən azad edin (qəlibi silkələyin, yaxud sizə uyğun olan hər hansı başqa üsuldan istifadə edin). Bu zaman diqqət edin ki, çox kövrək olan qoz qabıqları qırılmasın.

Bütün xəmri istifadə edib bitirənə qədər bişirməyə davam edin. Qabıqları kənara qoyub tamamilə soyudun. Sonra, barmaqlarınızın uclarıyla qabıqların ətrafında ola biləcək artıq bişmiş xəmir qalıqlarını təmizləyin ki, qoz qabıqlarınız ideal görünsün. İstəsəniz həmin o artıq xəmir parçalarını dulce de lechedən hazırladığınız içliyə qata bilərsiniz (mən öz içliyimdə yalnız qozu sevirəm, amma, təbii ki, bu, zövq məsələsidir). Siz həmçinin onu başqa məqsədlər üçün saxlaya, yaxud da eləcə yeyə bilərsiniz.

Qabıqları doldurun:
Bütün qoz qabıqlaırnı bişirib kənarlarını təmizlədikdən sonra hər bir qabığı demək olar ki, ağzına qədər (amma daşacaq qədər yox) dulce de leche-qoz qarışığı ilə doldurun və onları iki-iki birləşdirərək içi dolu qoz düzəldin. Bu əməliyyatı bütün qabıqlar iki-iki birləşənə qədər təkrar edin. Ola bilər ki, bəzi peçenyelərdə dulce de leche qabıqlardan kənara çıxsın, bu normaldır. Dulce de leche bir azdan bərkiyəcək və axmayacaq. “Qozlarınızı” hermetic qabda otaq hərarətində 5 günə qədər saxlaya bilərsiniz.

styled-west

AZCookbook - Westgold Facebook

Bir cavab yazın

12 Şərh
  1. Salam) Dunen siz “dulce de leche”ni hazirlanmasini yerlesdirende menim aglima da birinci bu qoz pecheniyasi dusdu. Amma buna yag qatib krem kimi de tortlarda istifade olundugunu nezere alaraq maraqla ne yerlesdireceyinizi gozleyirdim. Belke bilmediyim nese var? Cox sag olun, yerine dusdu. Cox sevirem bu sirniyyati

  2. Cox saqolun Feride xanim, cox sevirem bu sirniyyati, ama tessuf ki bu formadan yoxumdu, cox gözel alinib ellerinize saqliq, inşallah mende edecem, teşekkür ressept üçün

  3. Salam,Feride xanim.Ellerinize sagliq gozel gorsenir.Feride xanim eveller bir shey hazirlayanda step by step hazirladiginiz shirniyyat ve yemeklerin sekillerini cekirdiz biz de rahatliqla oyrenirdik.Xahish edirem evvelki qaydayla yemeklerin ve shirniyyatlarin hazirlanma shekillerini saytiniza yerlesdirin.Bu bloqunuz da qesengdir amma…..(

  4. Salam Feride xanim.cox gozel receptleriniz var.ve en esasida herweyi aydin cekib yazirsiz.ancaq sizin receptlerle mende herwey alinir.cox xahiw edirem badamburanida gostererdiz hazirlanma qaydasini.ancaq sizin receptle isteyirem.gozleyecem.coxsaqolun.

  5. Salam men seva şırniyatlari,cox sevirem qoz sirniyati cooooxxxx dadlidi men özümde dadli hazirlayiram.

  6. Men pençeniya resepdi isdeyirem munkunse indiden tesekurler 🙂

  7. En sevdiyim shirniyyatdir shekildeki qabdanda varimdir ama h3c vaxt xosha gelen xemir rastima cixmayib inshaAllah bunuda bishirecem

  8. Superdi,men eledim.cox saqolun.

  9. Feride xanlm men bu resepti ekedim ama mende çoox betk alındı.Nece ede bilerem ki yumçaq olsunlar.Magazadan alıb yediklerimuz çoox yumşaqdr axı.Belke men neyise düz elememişem hee?

  10. Salam Farida xanim. Reseptleriniz de ozunuz qeder gozeldir. Inanin bezen televizorda 1 saat vizual olaraq yemek verilisine baxiram, amma neticede hec ne basa dusmek olmur. Cox vaxt bezi seyleri sirr olaraq saxladiqlarina gore bisirilen sirniyyat o qeder de yaxsi alinmir. Inanin eks cinsin numayendesi olaraq sizin sayti tapdiqdan sonra evde herden vaxt olanda nese bisirirem, heqiqeten gozel alinir. Cox sag olun, Size islenizde ugurlar arzulayiram …

    • Çox sağ olun gözəl şərhə görə. Yaşasın evdə yemək bişirən əks cinsin nümayəndələri!:)

  11. Salam Feride xanim mende bu qablardan var amma ic-ice kecmir men onu nece ede bilerem xemiri icine elimle yayib ede bilerem? Alinar onda

Bir cavab yazın