Best in the World!
Dadlı yemək reseptləri bloqu

Fransızsayağı Sitrus Keksi

French Citrus Cake

Bu yaxınlarda kitabxanaya getmişdim. Orada bir yemək kitabı gözümə sataşdı. Fransız mətbəxinə aid bu kitabda gözüm birinci sitrus keksini gördü. Yəgin sitruslu bişmələri çox bəyəndiyimə görə. Keksin şəkilini görən kimi bunu mütləq bişirməyə qərar verdim. Kitabı evə gətirdim və, necə deyərlər, hərəkətə başladım.

O qədər ləzzətli alındı ki! Həm dadı, həm rəngi, həm ətri gözəl idi. Çay ilə, kofe ilə, və yaxud heçnəsiz nuş etmək olar. Fransızca desək – Très délicieux! Bon appétit, dostlar!

french citrus cake steps

Fransızsayağı Sitrus Keksi (Quatre-Quarts Aux Agrumes)
Rachel Khoonun “The Little Paris Kitchen” kitabı əsasında

Ərzaqlar:

4 yumurta – otaq hərarətində olmalıdırlar
1 + 1/4 stəkan (bir stəkan və bir stəkanın dörtdə biri qədər və yaxud 250 qram) narın şəkər tozu (adi şəkər tozunu bir neçə saniyə robotdan keçirsəniz narın olar)
2 stəkan (300 qram) un
Bir çimdik duz
Sürtgəcdən keçirilmiş 1 limonun və 1 portağalın qabığı (hərəsindən 1 xörək qaşığı olmalıdır)
1 çay qaşığı qabartma tozu
225 qram kərə yağı – əridib soyudun

Hazırlanma Qaydası:

Sobanı 175Cdək qızdırın. Ölçüləri 23 X 18 sm olan kərpic formasını  bir az yağlayın.

Yumurtaların agını sarısından ayırın.  Bir qabda ağları şəkər tozunun yarısı ilə mikserlə bir qədər sərtləşənə qədər (qaşıqla qaldırdığınızda tökülməməlidir) çalın, təxminən 5-8 dəqiqə.

Ayrı qabda yumurta sarısını qalan şəkər tozu ilə qatılaşıb rəngi açılanadək mikserlə çalın.

Digər qabda isə un, duz, limon və portağal qabıqları və qabartma tozunu qarışdırın.

Unlu qarışığı yumurta sarısı olan qaba əlavə edin. Üstünə ərinmiş və soyudulmuş yağı əlavə edib, yağ digər ərzaqlara yedirdilənədək qarışdırın. Sonra buraya çalınmış yumurta ağını da əlavə edib qaşıqla hamar olanadək qarışdırın.

Alınan kütləni formaya tökün. Sobanın orta gözündə 40-50 dəqiqə bişirin. Keksin ortasına kibrit batırıb çıxartdığınızda kibrit quru çıxırsa, keks hazırdır.

Keks tamamilə soyuduqdan sonra kəsib süfrəyə verin.

French Citrus Cake

Bir cavab yazın

9 Şərh
  1. Feride xanim sheker tozunu robotdan yeni hansindan kechirek? Rondo ya blender?

    • Blender xırdalatmaz, rondo dediyiniz tərəvəzləri və sairəni xırdaladan alətdirsə, odur.

  2. Men hazırladım, çox dadlı idi. Teşekkürler! 🙂

  3. ellerinize sagliq!

  4. Chox sagolun Feride xanim. Bu keksi bishirende bashima her ish geldi. Mikserim xarab oldu, yarisini elle qarishdirmali oldum. Qabardici yadimdan chixdi, firina qoyanda yadima dushdu tez-tez ustden tokub qarishdirdim. Ama o qeder dadli ve zerif chixdi ki, musibet:)

  5. Buna benzer keks men de bisirirem.Limonla portagali yudugdan sonra buzlugda yarim saat dondururam,sonra keksin olcusune gore her birinin yarisini ve ya 1x.g gederini butun olarag surtgecden kecirirem.Asan rendelenir ve cox gozel netice verir

  6. Men bir defe portagal qabigi rendesi ile keks bisirdim, cox aci alindi.Portagal qabigi aci tam vermezmi?

Bir cavab yazın