Best in the World!
Dadlı yemək reseptləri bloqu

Göyərtili-Narlı Kartof Salatı

Herbed Potato and Pomegranate Salad

Bu ilki ilk bloq postum. İnana bilmirəm ki, artıq 2015-ci ildir! Ümid edirəm il hamınız üçün gözəl başlayıb. Biz Yeni İlin gəlişini ailə dostlarımızla birlikdə, çoxlu dadlı yemək, içkilər, karaoke mahnıları və gülüşlə birlikdə qarşıladıq. Ümumilikdə 14 ailə bir dostumuzun evinə toplaşmışdıq. Hər ailə də ən azı iki cür yemək gətirmişdi. Masanın üstündəki o dadlı mənzərəni təsəvvür edin. Bu, məni bir günlük qarınquluya çevirmişdi. Xoşbəxtlikdən mən elə sabahısı gündən öz yeni il nizamnaməmə sadiq qalıb yenidən daha az yeməyə və idman etməyə qərar vermişdim. Elə partidə olanlarımızın çoxu özü üçün eyi qərarı qəbul etmişdi. Hamımıza bu məsələdə uğurlar arzu edirəm.

Herbed Potato and Pomegranate Salad

Uzun sözün qısası, mən bir az ucunu buraxmışdım. Qayıdaq Yeni İl süfrəsinə. Mənim partiyə töhfəm bu təzə göyərti və təzə, şirəli nar dənələri ilə rəngləndirilmiş bu dadlı kartof salatı idi (bir də haqqında növbəti postda danışacağım başqa bir salat). “Pomegranates and Saffron,” kitabının müəllifi kimi mən narlı bir şey bişirmək “öhdəliyi” hiss etdim və belə də etdim. Nəticə çox gözəl alındı! Sousuna zeytun yağı və limon suyundan başqa heç nə qoymadım. Bu ideya xoşunuza gəlirmi? Partidə dərhal bəyəndilər. Nar mövsümü hələ davam etdiyinə görə bu salatı düzəltməyə çalışın. Bütün dequstatorların qeyd-şərtsiz bəyənməsinə təminat verilir. Nuş olsun!

Göyərtili-Narlı Kartof Salatı

Təxminən 6 porsiya alınır

Qeyd: Bu salat bir az dəyişdirilə bilər. Siz nar dənələrinin, yaxud göyərtinin miqdarını artırıb-azalda; cəfəri əvəzinə keşniş istifadə edə; zeytun yağı, limon suyu, sumaq və qırmızı acı bibərin miqdarını zövqə görə artıra, yaxud azalda bilərsiniz.

Ərzaqlar

6 orta ölçülü kartof (soymayın)
1 balaca qırmızı soğan, soyulmuş, uzununa kəsilmiş və nazik doğranmış
Xırda doğranmış təzə göyərti (bol-bol)—şüyüd, cəfəri, nanə, yaşıl soğan (həm ağ, həm də yaşıl hissələri)
Təqribən 1/3 stəkan təzə nar dənələri (zövqə görə dəyişdirə bilərsiniz)
1/4 çay qaşığı sumaq
Duz
Üyüdülmüş qara istiot
Qırmızı pul bibər
1/3 stəkan extra-virgin zeytun yağı
1 kiçik limonun suyu

Hazırlanması

Kartofları yuyun və suyla doldurulmuş qulplu qazanda yumşalana qədər bişirin. Suyunu süzüb kənara qoyun. Kifayət qədər soyuyandan sonra kartofları soyun və orta ölçülü kublar şəklində doğrayın. İri, dərin bir cəmə yığın.

Ayrıca, soğanı kiçik bir cəmə qoyun. Üzərinə duz səpin. Bir neçə dəqiqə saxlayın, sonra acı suyunu çıxarmaq üçün əlinizlə yüngülcə əzin (beləliklə soğanın dadı yumşalacaq və o salatın içində çox “qabarıq” hiss olunmayacaq). İndi soğanı kartoflar olan qaba əlavə edin. Üzərinə zövqə görə təzə göyərti, nar dənələri, sumaq, duz, qara istiot və qırmızı pul bibər əlavə edin.

Ayrıca bir qabda zeytun yağı və limon suyunu çalaraq bir-birinə qarışdırın. Salatın üzərinə tökün. Salatı ehtiyatla qarışdırın ki, nar dənələri partlamasın. Dərhal, yaxud yüngülcə soyudaraq süfrəyə verə bilərsiniz (salatlat süfrəyə verilməzdən əvvəl soyuducuda bir neçə saat soyudularsa dadlar daha da dərinləşir).

Herbed Potato and Pomegranate Salad

Bir cavab yazın

4 Şərh
  1. Görünüşü super,dadı haqqında hele ki,heç bir şey deyə bilmərəm. İnşallah hazırlayacam ve bu barədə sizədə yazacam. Əlləriviz var olsun

  2. Cox sag olun mutleq bu gun hazirlayacam

  3. Tewekkrler istifade etdm ela oldu

  4. Ellerinize salix

Bir cavab yazın