Best in the World!
Dadlı yemək reseptləri bloqu

Hind Quşu (Hinduşka) Ləvəngi

Walnut-Stuffed Turkey

Şəkildə gördüyünüz ləziz qoz içliyi ilə doldurulmuş hinduşkanı burada keçirilən ənənəvi Şükranlıq Bayramı süfrəsi üçün hazırlamışdım.  Məncə bu yemək Yeni İl süfrəsi üçün də çox gözəl seçim ola bilər.

Walnut-Stuffed Turkey

Hinduşkanı qoz içliyi ilə, yəni ləvəngi ilə doldurmuşdum. Cənub zonasında daha çox məhşur olan bu təam Azərbaycan mətbəxinin əvəzolunmaz bir atributudur. Ləvənginin resepti çox sadədir, yalnız xırdalanmış qoz ləpələri, sürtgəcdən keçirilmiş və suyu süzülmüş soğan və turşu lavaşanın qarışığından ibərətdir.  Formulanın sadə olmasına baxmayaraq ləvəngi çox zəngin,  turşa-şirin, ekzotik və özünəməxsus bir dada malikdir. Istər quş ətini, istər balığı, istərsə də hətta badımcanı ləvəngi ilə doldurduqda yeməyin adı uyğun olaraq dəyişəcək, məsələn biz bugün hinduşka ləvəngisini hazırlayırıq.

Çox zaman turşu lavaşasının əvəzinə mən narşərabdan istifadə edirəm. Sözün düzü,ləvəngiyə xüsusi təam, zəriflik qatdığına görə mən daha çox narşəraba üstünlük verirəm. Çox ləzzətlidir! Ləvəngini hazırlamaq qaydasını da sizinlə paylaşacam!

Ümid varam ki, resepti bəyənib hinduşka ləvəngisini bayram süfrənizin əsas təamı edəcəksiniz! Yeni iliniz mübarək olsun!

Rosemary and Basil

Hind Quşu (Hinduşka) Ləvəngi

Ərzaqlar:

6 kiloluq hind quşu (hinduşka)

Göyərtili yağ qarışığı:

115 qram kərə yağı
Xırda doğranmış təzə göyərti qarışığı- kəklikotu, cəfəri, bibəriyə, reyhan, tərxun (əlinizin altında adı çəkilən bütün və ya istənilən göyərti qarışığını istifadə etmək olar)
Yarım limon şirəsi
Yarım portağal şirəsi
Əzilmiş beş diş sarımsaq (sarımsaq əzəndən istifadə edə bilərsiniz)
Duz və qara istiot

Qoz içliyi:

3 orta ölçülü qırmızı soğan
6 stəkan ət maşınından keçirilmiş qoz ləpəsi (xırda üyüdülmüş amma toz halında olmayan)
Yarım stəkan narşərab
2 çay qaşığı duz (zövqə görə dəyişir)
Yarım çay qaşığı narın qara istiot (zövqə görə dəyişir)

Sous:

4 stəkan hinduşka və yaxud toyuq bulyonu
55 qram kərə yağı
Yarım stəkan un

Garlic and Herbs

Hazırlanma qaydası:

Hinduşkanın içalatını təmizləyin və boynunu kəsib ayırın.Sonradan istifadə edəcəyiniz bulyonu hazırlamaq üçün kəsdiyiniz boyunu su ile dolu orta ölçülü qazanda 1 saat orta istilikdə qaynadın. Bolyunu kənara qoyun (lazım olacaq).

Hinduşkanın dərisi üstündə qalsın, onun içini və çölünü axar su altında yuyun. Daha sonra suyu süzülünüdək qurulayın. Hinduşkanın içini və çölünü duzlayın və istiotlayın. Kənara qoyun.

Göyərtili yağ qarışığını hazırlamaq üçün orta ölçülü tavada orta istilikdə yağı bir az əridin (krem halına gələnədək).  Hazır olduqdan sonra dərin qaba və ya kasaya boşaldın, üstünə limon və portağal şirələrini, doğranmış göyərtiləri, sarımsağı və zövqə görə duzla istiotu da qatın. Yaxşı qarışdırın. Hinduşkanı döş hissəsinin üstündə olan  dərini bir qədər qaldırın, ətdən aralansın amma qopmasın. Dərinin altına  göyərtili yağın yarısını əlinizlə yayın. Hinduşkanın çölünə də qalan yağ qarışığını sürtün.  Daha sonra ya soyuducuya qoyub ertəsi günü ya da hemin gün içini doldurub bişirin.

Walnut-Stuffed Turkey

İçliyi hazırlayın. Soğanları ya ət maşınından ya da mətbəx kombaynerindən keçirin. Tənzifə doldurub, sıxın ki, suyu tamamən çıxsın. Xırdalanmış qoz ləpələrini, narşərabı, duz və istiotu suyu sıxılmış soğana əlavə edin.  Qarışdırın, duzu və istiotu zövqə görə əlavə edin.  Narşərabın miqdarını artırmaq da lazım ola bilər, ona görə qarışdırdıqca dadına baxın və zövqə görə qərar verin.  Hinduşkanı hazırladığınız içliylə doldurun və ayaqlarını mətbəx sapı ilə bağlayın.

Walnut-Stuffed Turkey

Hinduşkanı telli formanın üstünə yerləşdirərək, 160c dərəcəlik sobada 3 saat yarım və ya 4 saat müddətində bişirin. Bu müddət ərzində hər yarım saatdan bir  hazırladığınız hinduşka bulyonundan (toyuq bulyonu da ola bilər) yarım stəkan hinduşkanın üzərinə gəzdirin.

Sousu hazırlayın. Sobadakı formanın  dibinə yığılan hinduşka şirəsini bir qazana boşaldın. Bu şirə azdırsa, hazırladığınız bulyondan da buraya əlavə edib ki, toplam 4 stəkan alınsın.  Ayrıca bir tavada yağı əridib üzərinə un əlavə edin və qarışdırın. Yağ qarışığını bulyona əlavə edin, 10 dəqiqə qatılaşanadək qarışdırın. Çox qatı alınsa  bir az da bulyon əlavə edə bilərsiniz.

Hinduşkanı bölüb iri bir qaba yerləşdirin. Ləvəngisini isə ayrıca bir kəsada süfrəyə verə bilərsiniz. Sousu da ayrıca sous qabına töküb süfrəyə qoyun. Qeyd edim ki, sous Amerikan mətbəxinə aiddir.  Hinduşka üstünə sousdan bir az tökülərək yeyilir. Sousun hazırlanması zəruri deyil.

Nuş Olsun!

Walnut-Stuffed Roast Turkey

Bir cavab yazın

7 Şərh
  1. Ayyy nə gözəl görünür… Təşəkkürlər Fəridə bacı… Sevirəm hinduşkanı da,ləvəngini də… Əla

  2. Hindqusundan ayri daha ne hazirlamaq olar ki,menim usaqlarim yesin.Bizde yalniz usaqlarin yemeyi vacibdir.Yoldasimda onlarin lezzetli yemeyini isteyir

  3. eziyetinize soz ola bilmez. beyendim. ama xristianlar goresen qurban bayraminda qoyun etinden yemek bisirib sufreye qoyarlarmi?…

  4. Mence sizin bu resptiniz cox gozel olacaq. Ozum levengini super hazirlayiram. Amma hec vaxt hinduska levengisi elememisem ne de yememisem. hazirlayaram inshallah.

  5. Hinduskanin bashqa bir resepti.
    Hindushkani dograyin yuyun temiz suyu cekilsin. qazana yigin. kere yaginda yungulvari (suyu cekilene qeder) qovurun. 6-7 dene iri sogan xirda dograyin. tokun ustune. 1 cimdik sarikok. vam xodda hamisi bir yerde bisecek. Uzerine su tokmek lazim deyil. Az xodda qapagi ortulu oz sokunda cox lezzetli olur. Tebii ki hinduska cavan ve teze olsun. Nusshhhhhh…

  6. Hindushka qurumur goresen sobada bishende burdaki hindushkalari gerek suda bir az bishiresen yeqin Amerikadaki hindushkalar buranin broyler toyugu kimidir

    • Buradakı hinduşkalar qurumur, baxmayaraq ki, orqanik, təbii böyüdülmüş hinduşkalardır. Əgər oradakılar bərkdirsə bir az suda bişirin.

Bir cavab yazın