Best in the World!
Dadlı yemək reseptləri bloqu

İçi Doldurulmuş “Qarnıyarıq” Badımcan (Karnıyarık)

Turkish "Split Belly" Eggplant

Mənim badımcana olan sevgim! Bu heç vaxt bitməyəcək bir sevgi macərasıdır! Mənim hətta bununla bağlı uşaqlıq “travmam” da var. Mən hətta üstündən bu qədər il keçəndən sonar da onu çox aydın xatırlayıram. Mənim 7, ya 8 yaşım vardı, bəlkə hətta bir az da böyük olardım. Bu Bakıda baş verib. Anam şam yeməyinə badımcan dolması bişirmişdi. Biz masanın ətrafında oturmuduq. Anam hamıya yemək çəkdi. Mən bacımın boşqabına, sonar özümünkünə baxdım və onun boşqabındakı badımcanın mənimkindən bir azca böyük olduğunu görüb əsl “şok” keçirdim!

Mən qəzəblənib ailədə qəbul olunmuş davranış və nəzakət qaydalıarını nəzərə almadan öz güclü narazılığımı bildirdim. “Mən balaca badımacanı yeməyəcəm” dedim. Sonrakı söhbəti xatırlamıram, amma bircə onu xatırlayıram ki, mənim bu üsyanımdan az sonar həyətimizdə (bizim darvazalı həyəti olan balaca evimiz vardı) tək-tənha oturub, o dadlı badımcan dolmasını yemək fürsətini əldən verdiyimə görə hirslənirdim. Artıq badımcanın ölçüsü vacib deyildi. Yadımda deyil, bəlkə sonra mənə içəri girib yeməyimi bitirməyə icazə vermişdilər. Amma indi bu o qədər də vacib deyil.

Turkish "Split Belly" Eggplant

Vacib olansa odur ki, əziz dostlar, mən hələ də başqalarının boşqablarına baxıb onların badımcan dolmasını öz boşqabımda olan dolmayla müqayisə edirəm. Zarafat edirəm. 🙂 Mənim davranışım o vaxtkına baxanda  bir az yaxşılaşıb. Dəyişməyən şey mənim badımcana olan sevgimin sarsılmaz olmasıdır. Xüsusən də bu tərəvəzdən super dadlı bir yemək hazırlananda. Türk yeməyi  karnıyarık kimi.

Adından göründüyü kimi badımcanların qarnını yarıb onları pomidor, bibər, göyərdi və sarımsaqla qarışdırılmış ət içliyi ilə doldururuq.

Bu yemək bizim badımcan dolmasını xatırladır, amma içliyi və hazırlanma qaydası bir az fərqlidir. Mənim türkiyəli qaynanamın bişirdiyi karnıyarık həqiqətən də Türkiyədə gördüyüm bütün karnıyarıkların ən yaxşısıdır. O bu yeməyi bişirməyi mənə də öyrədib. Bu gün onun reseptini sizinlə bölüşürəm. Düşünürəm ki, onu siz də bəyənəcəksiniz.

Turkish "Split Belly" Eggplant

Karnıyarık

12 içi doldurulmuş badımcan çıxır. Bu, təxminən 4 porsiya deməkdir.

Ənənəvi olaraq badımcanı əvvəlcə qaynar yağda qızardırlar, sonar içini doldururlar. Son zamanlar isə badımcanı əvvəlcə qızartmaq əvəzinə sobada bişirirlər. Mən də bu reseptdə belə edirəm. Daha sağlam, dadı da heç o birindən geri qalmır!

Ərzaqlar:

12 orta ölçülü badımcan, eyni boyda
Üstünə sürtmək üçün zeytun yağı

İçlik üçün:
5-6 xörək qaşığı zeytun yağı, yaxud kərə yağı
450 qram çəkilmiş ət
2 orta boylu baş soğan, soyulmuş və incə doğranmış (2 stəkan)
1 kiçik dolmalıq yaşıl  bibər, tumları çıxarılmış və incə doğranmış
1 orta ölçülü pomidor, incə doğranmış
1 açay qaşığı tomat pastası
6-7 diş sarımsaq, soyulmuş və incə doğranmış
Duz
Üyüdülmüş qara istiot
Bir ovuc doğranmış təzə cəfəri

Üstü üçün (zövqə görə):
Pomidor dilimləri
Balaca acı, yaxud şirin yaşıl bibər

Sousu üçün:
2 xörək qaşığı tomat pastasını yarım stəkandan bir az çox suda həll edin.

Hazırlanma qaydası:

Badımcanları hazırlayın: Badımcanları yuyub qulplarını kəsin (əgər qulpları təmiz və qəşəngdirsə onları saxlaya da bilərsiniz). Badımcanları elə soyun ki, üstündə qalın qara zolaqlar qalsın. (şəkillərə baxın). Sobanı 200 dərəcə selsiyə qədər qızdırın. İri bir list götürüb içinə perqament kağızı döşəyin. Badımcanları perqament kağızının üzrəinə düzüb fırçayla hər tərəfinə zeytun yağı çəkin. Badımcanları sobanın orta gözündə tam yumşaq olana qədər, təxminən 30 dəqirə bişirin. Diqqətli olun, çünki badımcanlar əzilib püreyə dönməməli, öz gözəl formalarını saxlamalıdır (içi doldurulandan sonra yenə bişəcək). Sobadan çıxarıb soyumaq üçün kənara qoyun.

İçlik düzəldin: Badımcanlar soyuyana qədər siz içliyi düzəldin. Orta ölçülü tavada orta atəşdə  yağı qızdırın. Əti əlavə edib arabir qarışdıra-qarışdıra, ayrılmış suyu buxarlanıb qurtarana, ət qızılı rəng alana qədər, təxminən 10 dəqiqə bişirin. Soğanı əlavə edib arabir qarışdıraraq, soğan yumşalana qədər, təxminən 5 dəqiqə bişirin. Yaşıl bibəri əlavə edib iki-üç dəqiqə də bişirin. Pomidor və tomat pastasını əlavə edin. Bir neçə dəqiqə də bişirin. Sarımsaq, zövqə görə duz və istiot əlavə edib qarışdırın və dərhal odun üstündən götürün. Otaq temperaturuna qədər soyudub cəfəri əlavə edin və qarışdırın.

Badımcanların içini doldurun: İti bıçağın köməyilə hər badımcanı ortadan uzununa yarın. Yarıq ağ zolağın üstündə olmalıdır. Diqqətli olun ki, badımcanları tam kəsməyəsiniz, bu yalnız yarıq olmalıdır. Əgər istəsəniz, badımcanın toxumlarını kəsib çıxara bilərsiniz (əgər onların acılıq verəcəyindən narahatsınızsa), ya da olduğu kimi saxlayın (mən çox nadiq hallarda kəsib çıxarıram). Hər badımcanı içliklə doldurun. İçi doldurulmuş badımcanları soba üçün olan iri şüşə qaba qoyun (mən düzbucaqlı Pyrex qabından istifadə edirəm və yeməyi də elə onun içində süfrəyə verirəm). Badımcanları bir-birinə çox sıx qoymayın. İstəsəniz hər badımcanın üstünə bir dilim pomidor və balaca yaşıl bibər qoya bilərsiniz.

Badımcanları bişirin: Tomat pastalı sousunuzu badımcanları düzdüyünüz qaba tökün. Sobanın orta gözündə 190 dərəcə selsidə 20-25 dəqiqə, yaxud badımcanlar yumşalana və sous yüngülcə qatılaşana qədər bişirin. Əgər bişirmə müddətində sous çox tez buxarlanıb yoxa çıxsa bir az da sous düzəldib qaba əlavə edin. Hazır yeməyin bir az sousu olmalıdır ki, istəsəniz yeməyi boşqaba çəkən zaman o sousdan qaşıqla götürüb boşqaba qoya biləsiniz.  Süfrəyə düyü plovu, yaxud çörəklə təqdim edə bilərsiniz. Afiyet olsun!

Şərh yazmağı unutmayın! Müzakirəyə qoşulun.

Turkish "Split Belly" Eggplant

Bir cavab yazın

12 Şərh
  1. cox dadli gorunur amma feride xanim men diyeta saxlayiram diyetik bir seyler yaza bilersiz yeni gun erzinde ne yeyeceyim barede bir az zorlaniram mumkunse indiden tesekkurler:)

  2. men de badimcan xoslayiram. amma yoldasim xestesidi badimcanin. dadlı gorunur FERİDE xanim. tesekkurler))

  3. ¿Podrías añadir un gadget de traducción por favor?. Estoy segura de que muchas recetas tuyas me gustaría hacerlas.
    Un grupo de amigas queremos hacer recetas de Azerbaiyán y me gustaría tener más conocimiento de recetas de ese país.
    Gracias y un saludo
    Mar

    • Hola Mar. Me hace feliz saber que quiere hacer mis recetas. Los siento, pero en este momento no tengo la gadget de traduccion (tengo que pedir a mi web developer). Aqui esta el siteo en ingles: http://www.azcookbook.com. Talvez sea mas facil de usar. Gracias.

  4. Mən badımcan yeməkərini çox sevirəm .Belə ləziz yeməkləri bizlərə təqdim etdiyinizə görə sizə çox təşəkkür edirəm.

  5. Mən də, badımcan yeməklərini çox sevirəm. Elə tam vaxtıdır, bu dadlı yeməyi hazırlamağın. Fəridə xanım, çox sağ olun belə gözəl reseptləri paylaşdığınız üçün.

  6. Men de bisirmisem cox dadli olur

  7. Salam Feride Xanim. Bayram erefelerinde basim yaman qarisig oldu, size de yazib Bayraminizi Tebrik ede bilmedim. Yaz gelende nese badimcan dolmasi isteyirem. Bayramda da mutleq bisirirem ve bi dede de bisirdim. Amma bu karniyarildan da bu gun bisirdim, cox Dadli yunguldu. Ellerinize sagliq, yorulmayasiz. Sonsuz tesekkurler

  8. Salam, Feride xanım. Bu gün bişirdim bu yemeyi. Çooooox dadlı çıxdı. Yoldaşım da çox beyendi Teşekkür edirem. Supersiniz.)))☺️

Bir cavab yazın