Subscribe
Dadlı yemək reseptləri bloqu

Manqo Lassi (Manqolu Şeyk)

Manqo Lassi

Gəlin sizə manqo lassi adlı şeykdən danışım. Bu içki Pakistanda və Hindistanda çox məhşurdur. Püstəkimilər fəslinə aid meyvə olan manqo və qatıqdan hazırlanan bu içki çox sərinləşdiricidir və özünəməxsus bir tamı var.

İlk dəfə manqo lassini bir kitabdakı resept əsasında hazırlamışdım. O reseptdə adi qatıq əvəzinə limonlu qatıqdan istifadə olunur, və hətta üzərinə sıxılmış limon suyu belə əlavə edirlər ki, bu da bir qedər ağız büzücü olur.

Əslində, mən bu dadı çox sevdim. Ancaq, uşaqlar sevmədilər turşməzə tərəfini. Ona görə qərara gəldim ki, manqo lassi reseptinin öz versiyamı hazırlayım, yəni limonsuz. Bu dəfə, uşaqlar da manqo içkisini sevdilər. Demək olar ki, evdə manqo olan günlər mütləq bu içkini hazırlayıram.

Manqo

Manqo Lassi (Manqolu Şeyk)

Qeyd: Siz öz manqo lassinizə bir neçə damcı gül suyu da əlavə edə bilərsiniz. Və ya əzilmiş püstə ilə bəzəyib masaya verə bilərsiniz. Mən adətən hil qatıram və süfrəyə verməzdən öncə nanə yarpağı ilə bəzəyirəm. Bu içkini hazırlayarkən, çalışın tam dəymiş, şirəli manqolardan istifadə edin. Konservləşdirilmiş manqodan da istifadə edə bilərsiniz. Az kalorili içki hazırlamaq niyyətindəsinizsə, yağsız qatıq və süddən istifadə edin, bal və şəkər qatmayın.

 3 fincan lassi üçün

Ərzaqlar:

  • 1 fincan manqo meyvəsi (konservləşdirilmiş meyvədən də istifadə edə bilərsiniz)
  • 1 fincan sərin adi qatıq
  • ½ fincan süd
  • 1-2 xörək qaşığı bal (şəkər tozu ilə əvəz etmək olar)
  • 1 çimdik hil (istəyə bağlıdır)
  • Nanə yarpaqları (yenə istəyə bağlı olaraq bəzək halında istifadə oluna bilər)

Hazırlanması:

  1. Axıcı bir qarışıq alınana kimi manqo, qatıq, süd, bal və hili blenderdə qarışdırın.
  2. Alınmış qarışığı fincana süzün və istəyinizə uyğun olaraq üzərini nanə yarpaqları ilə bəzəyin.

Manqo Lassi

Related Posts with Thumbnails

Bir cavab yazın