Subscribe
Dadlı yemək reseptləri bloqu

Mükəmməl Asan Ağ Çörək

Mükəmməl Asan Ağ Çörək

Evdəki sobanızdan təzəcə çıxmış gözəl, sadə çörəkdən gözəl nə ola bilər? Mən evdə bişmiş çörəkləri sevirəm. Çörək bişirmək mənim ən sevdiyim mətbəx işlərindən biridir. Bəlkə də ən sevdiyim işdir. YMən həmişə çalışıram ki, işim çox olsa belə həftədə azı iki dəfə çörək bişirməyə vaxt tapım. Ürəyimiz ənənəvi milli çörək istəyəndə təndir çörəyi bişirirəm. Tənbəllik edəndə yoğrulmamış çörək köməyimə gəlir. Son vaxtlarda isə özümü əsl çörəkçi kimi hiss etmək istəyəndə mükəmməl asan ağ çörək bişirirəm.

Mükəmməl Asan Ağ Çörək

Bəs bu ağ çörəyi belə mükəmməl və asan edən nədir? Bu çörəyin mükəmməlliyi onun inanılmaz xırçıltısı, qızılı qabığında və yüngül, məsaməli içindədir. Üstəlik bu o qədər asan və əlçatadır ki! Əlbəttə ki, siz onu necə bişirməyi bilirsinizsə.

İşin açarı yoğurmadadır! Əksər çörək reseptlərində deyilir ki, siz xəmiri bir az yoğurub gəlməyə qoymalısınız. Bu resept isə bir az fərqlidir. Orijinal reseptin müəllifi Dan Lepard yazır ki, xəmiri 10 dəqiqəlik fasilələrlə bir neçə dəfə yağla yoğurmaq, yalnız bundan sonra gəlməyə qoymaq lazımdır. Bir qədər yapışqan olan xəmirin yağla yoğrulduqda necə göz qabağında hamar və elastik olması heyrətamizdir! Üstəlik sobadan çıxan çörək mükəmməlliyin özüdür. Siz bir bu şəklə baxın. Adam dayana bilmir, elə deyil?

Mükəmməl Asan Ağ Çörək

Mən ümid edirəm siz bu resepti sınaqdan keçirəcəksiniz. Siz özünüzlə fəxr edəcəksiniz! Proses son dərəcə sadədir, çörəksə son dərəcə mükəmməldir. Sevməməli bir şey qalmır. Gəlin başlayaq.

Mükəmməl Asan Ağ Çörək

Xəmiri hazırlamaq çox asandır. Bu şəkildə o hələ yağla yoğrulmayıb. Burada o bir az yapışqandır, ancaq yoğrulduqca hamarlaşacaq.

Mükəmməl Asan Ağ Çörək

Burada isə o, gəlməzdən əvvəl bir neçə dəfə zeytun yağı ilə yoğrulub.

Mükəmməl Asan Ağ Çörək

Xəmir gözəlcə qabarandan sonra biz onu yastılayırıq, sonra da oval şəkilli baton şəklinə salırıq.

Mükəmməl Asan Ağ Çörək

Ortasından uzunlamasına bir kəsik qoyuruq və çörəyimiz artıq sobaya girməyə hazırdır!

Mükəmməl Asan Ağ Çörək

Belə gözəl qızılı batonu necə sevməmək olar? Salçalar, souslar, kərə yağı, cemlər – bu çörək hər şeyə gözəl yaraşır!

Mükəmməl Asan Ağ Çörək

Mükəmməl Asan Ağ Çörək

Bu çörəyin hər dəfə mükəmməl alınmasının sirri xəmiri gəlməyə qoymazdan əvvəl bitki yağı ilə yoğurmaqdadır. Şörək sobadan çıxanda rəngi qızılı olur, Ortasındakı kəsik isə ona xüsusi gözəllik verir. Daxili isə yüngül və məsaməli olur. Bu mükəmmək asan ağ çörək sözsüz ki, hamının xoşuna gələcək.

1 baton çörək üçün

Ərzaqlar

  • 3 stəkan ağ un, əlavə olaraq bir az da üstünə səpmək üçün
  • 1 çay qaşığı quru maya
  • 1 çay qaşığı narın duz
  • 1¼ stəkan ilıq su
  • Yoğurmaq üçün bitki yağı (dadı neytral olan hər hansı yağ işə yarayır; mən zeytun yağına üstünlük verirəm)

Hazırlanması

  1. Unu, mayanı və duzu iri, dərin bir qaba qoyub üzərinə suyu tökün. Yapışqan kütlə alınana qədər qarışdırın.
  2. Əlinizə yapışmış xəmiri də sıyırıb xəmirin üzərini stəkan dəsmalı ilə örtüb 10 dəqiqəlik kənara qoyun.
  3. İş masasında 30 sm-lik bir sahəni və əllərinizi yüngülcə yağlayın. İçində xəmir olan qabı həmin yağlı sahənin üzərinə çevirib xəmiri çox dartmadan masanın üzərinə qoyun.
  4. İNDİ İSƏ BU XƏMİRİ BU TEXNİKA İLƏ YOĞURUN: Xəmirin özünüzdən ən uzaqda olan kənarını götürüb özünüzə ən yaxın kənarına tərəf qatlayın (elə bil kitab bağlayırsınız). Sonra digər əlinizin içi ilə xəmirin üstündən basın və xəmiri yüngülcə özünüzdən 5 – 10 sm dartıb uzaqlaşdırın. Yəni adətən xəmir yoğuranda hansı hərəkəti edirsiniz, eləcədə burada edin. Ehtiyatlı olun, xəmir cırılmasın. Xəmiri saat əqrəbi istiqamətində 45 dərəcə döndərib xəmiri yenidən özünüzə tərəf qatlayın. Sonra bu “çevir, qatla və dart” əməliyyatını 8 – 10 dəfədən çox olmayaraq təkrar edin. (yəni 8-10 dəfə bildiyiniz yoğurmaq hərəkətini edin).
  5. Xəmiri yenidən qaba qoyub kənara qoyun. 10 dəqiqədən sonra eyni yoğurma əməliyyatını yenidən təkrarlayın. Ümumilikdə əməliyyatə 10 dəqiqəlik intervallarla 3 dəfə həyata keçirmiş olursunuz.
  6. Xəmiri yenidən qaba qoyub üzərini dəsmalla örtün və 45 dəqiqəliyinə gəlməyə qoyun.
  7. İş masasını silib üzərinə un səpin. Xəmiri masanın üstünə qoyub oval formasında yastılayın.
  8. Xəmiri rulet şəklində kip burun. Hər iki kənarını sıxıb bərkidin.
  9. Xəmiri tikişi aşağı olmaqla unlanmış soba listinin üzərinə yerləşdirin. Üzərini dəsmalla örtüb həcmi iki dəfə artana qədər, təxminən 45 dəqiqəliyinə kənara qoyun.
  10. Sobanı 210ºC dərəcəyə qədər qızdırın.
  11. Xəmirin üzərini unlayın və bıçaqla ortasından uzunlamasına bir kəsik atın. Çörəyi sobanın orta gözündə 35 – 40 dəqiqə, açıq qızılı rəng alana qədər bişirin.

Qeyd: Bu resept Dan Lepardın “Short and Sweet”  kitabındakı reseptdən qaynaqlanır.

Related Posts with Thumbnails

Bir cavab yazın


8 Comments
  1. Salam, Fəridə xanım. Əllərinizə sağlıq. Yoğurma texnikası çətin görünür. Əgər mümkünsə, videosunu yükləyərdiniz, əyani görək.

    Cox sagolun.

    • Çox sağ olun. Əslində yoğurma texnikası adi yoğurmadır. Bir az düzəltdim o hissəni. Ümid edirəm ki, indi daha aydındır. Video çəkiliş etmirəm təəssüf ki.

  2. Feride xanim bu cörekden bishirdim. Cox cox ela alindi. Cox sagolun😘😘😘Sizin üreyinize,menim ellerime saglig🙏😊

  3. Salam Feride xanim. Uzun iller once , hele usaq iken yemisdim bele dadli corek🤗 Size cox tesekkur edirem. Bisirdim, dediyiniz kimi varmis. Corek cox asan, hem de cox lezzetli alindi. Size ugurlar, bol muveffeqiyyet arzulayiram😘

  4. Çörek cox lezzetli ve gözel görünüe. Mende anama deyecem bu resepti bizde eleyek görek nece alınır.
    Yorulmayasınız teşekkürler resepte göre. 🙂

  5. Salam Feride xanım,

    İki ay olar ki, men de Amerikaya gelmişem. Bir ara o qeder qeribe olmuşdum ki heç ne mene dadlı gelmirdi ve ele dad axtarışında idim. Sonradan başa düşdüm ki mesele çörekdedi. Yadırğadığım bizim çöreyin tamı imiş. Ele o günden qollarımı çırmalıyıb işe başladım 🙂 o günden etibaren 1-2günden bir çörek bişirirem. Hem teze hem dadlı. Çörek sobadan çıxan kimi ele yoldaşımla az qala yavan-yavan yeyirik yarısını. 🙂
    Gelen defe bu reseptle eliyeceyem mütleq. Teşekkürler size.

  6. Salam,zəhmət olmasa deyə bilərsiz mayanı eləcə xəmirə tökmək lazımdır ya suda həll etmək?əgər elədisə necə həll edəcəyimi başa salardız xahiş edirəm

Bir cavab yazın