Best in the World!
Dadlı yemək reseptləri bloqu

Pomidor Çığırtması (Video)

Pomidor Çığırtması (Pomidor-Yumurta)

Bu resepti avqust 16, 2016 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin).

______

Türkiyədəki menemenin, Şimali Afrikadakı və Yaxın Şərqdəki  şakşukanın bizim pomidor çığırtması, yaxud pomidoryumurta ilə nə əlaqəsi var?

Bütün bu yeməklərdə pomidorla yumurta bir-biri ilə çox gözəl ahəng təşkil edir. Şakşuka və menemendə pomidordan başqa soğan və bibərdən də istifadə olunur. Ancaq bizim pomidor çığıirtmasında belə deyil. Yüngül nahar, yaxud şam yeməyi üçün hazırlamağa öyrəşdiyimiz pomidor çığırtmasını son zamanlar yaxşı milli restoranların səhər yeməyi menyusunda da görə bilirik.

Pomidor çığırtmasını hazırlamaq çətin deyil. Yetişmiş pomidorları qabığını soymadan iri-iri doğarayıb suyu ərinmiş yağa çıxana qədər tavada bişiririk. Daha sonra üstünə yumurtaları töküb bişməsini gözləyirik. Üstündən bir az duz və istiot və yeməyimiz hazırdır.

Pomidor

Çox asandır, elə deyilmir? Ancaq ən yaxşı pomidor çığırtmasını hazırlaya bilmək üçün bəzi incəliklərə bələd olmalıyıq. Mən sizə hamısını danışacağam. Ən birincisi, əsl ənənəvi dadı əldə etmək üçün ərinmiş kərə yağından istifadə edin. Əgər olmasa adi kərə yağı da olar. Həmin o təkrarolunmaz dadlı sous pomidorların suyunun məhz yağla qarışmasından yaranır. Bu isə yeməyimizin əsas komponentidir. Hər hansı səbəbə görə eytun yağından istifadə edə bilərsiniz, ancaq dad o ənənəvi dad olmayacaq.

İkincisi, yalnız yetişmiş, sulu pomidorlardan istifadə edilməlidir. Quru və bərk pomidorlar qətiyyən işə yaramır.

Ən yaxşı nəticə üçün orqanik, yaxud kənd yumurtası götürülməlidir. Bu zaman yeməyimizin həm dadı, həm də rəngi göəl olacaq. Yumurtanın ağı ilə sarısını çox da möhkəm qarışdırmadığımıza görə hazır yeməkdə onların rəngi bir-birindən seçilir.

Bəli, artıq bütün sirləri bilirsiniz. Harda olmağınızdan asılı olmayaraq bir tava Azərbaycan dadı hazırlaya bilərsiniz. Nuş olsun!

Pomidor Çığırtması (Pomidor-Yumurta)

POMİDOR ÇIĞIRTMASININ HAZIRLANMA QAYDASI VİDEODA:

Pomidor Çığırtması (Pomidor-Yumurta)

Bu sadə, ancaq dadla dolub-daşan yeməyi səhər, nahar və hətta şam yeməklərində süfrəyə verə bilərsiniz. Onu ənənəvi Azərbaycan qaydasında süfrəyə vermək istəyirsinizsə təndir təndir çörəyini unutmayın.

3 – 4 porsiya üçün

Ərzaqlar

  • 5 orta ölçülü yetişmiş sulu pomidor, iri-iri doğranmış (qabığını soymağa gərək yoxdur)
  • 3 xörək qaşığı ərinmiş kərə yağı
  • 3 yumurta
  • Duz
  • İstiot

Hazırlanması

  1. Tavada kərə yağını əridib üzərinə pomidorlarınızı qoyun. Pomidorlar yumşalana və suyunu buraxana qədər bişirin. Bu vaxt artıq iri pomidor parçaları kiçilmiş olmalıdır. Bişirən zaman vaxtaşırı taxta qaşıqla qarışdırmaq lazımdır ki, pomidorun şirəsi tavaya yapışıb yanmasın.
  2. Yumurtaları dərin bir qaba qırıb çəngəlllə yavaşca qarışdırıb pomidorun üzərinə tökün. Üzərinə övqə görə duz və istiot əlavə edin. İstəsəniz yeməyin üzərində kiçik deşiklər də aça bilərsiniz. Yumurta bu deşiklərə axıb bişəcək. Ancaq yeməyi qarışdırmaq lazım deyil.
  3. Dərhal, elə bişdiyi tavadaca və ya qaba boşaldıb süfrəyə verin. Yanında da təzə bişirdiyiniz təndir çörəyini nuş edə bilərsiniz.

 

Bir cavab yazın

8 Şərh
  1. Mmm sevimli yemeyimiz 🙂 inanmıram ki bu yemeyi sevmeyen olsun.) pomidor yumurtanı hazırlayanda “axotum” olanda soğan da qovururam. Yaxşı olur ?

    • Pamidor yumurta bisirende icine iki eded qendde atinki pamidirun tursulugun goturur daha dadli olur

      • Hm qend dediz yoldaşımın sevdiyi resept yadıma düşdü–> yağ soğan, pomidor ve şeker tozu adı da şirin pomidor))) pis olmur ?

  2. Düz qeyd olunub, xırda doğranmış soğanı əlavə edəndən sonra yemək daha dadlı olur.

  3. Salam, çoxdan Azərbaycan dilində yeni kulinar məsləhətləri yazmırsız:(

  4. M-m-m-m, Çox dadlı görsənir, təşəkkürlər!

  5. Yayda en çox yeyilen yemeklerden biridir. Hele teze çörekle olsa lap gözel olur dadı.

  6. ƏllərinizƏ sağlıq.

Bir cavab yazın