Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qaragiləli Yulaf Piroqu

Blueberry-Oatmeal Crunch Squares

2002-ci il. Biz Los Ancelesdəyik, təzəcə köçmüşük, yeni evlənmişik. Bir gün ailəvi dostumuz Cim Porter bizim mənzilimizə daxil olur. Əlindəki boşqabda da çox dadlı görünən bir şey var. Cim bizim üçün yulaf peçenyesi bişirib! Peçenyelər o qədər dadlı idi ki. Yumşaq, yulafla dolu, arasına da şirəli mürəbbə yaxılmış.

Peçenyeləri o qədər xoşladım ki, Cimdən resepti istədim. O da, sağ olsun, resepti mənimlə bölüşdü. Cimin resepti sonralar Uilyams-Sonomanın (Williams-Sonoma) şirniyyat kitabında rastıma çıxmış reseptə çox oxşayır. Aralarında olan kiçicik fərq yalnız inqredientlərin miqdarındadır. O reseptlərdən birini sizinlə bölüşəcəyəm.

Oatmeal

Təəssüf ki, Cim daha həyatda yoxdur. Üstündən illər keçib. Amma hər dəfə mən bu peçenyeləri bişirəndə Cim içində evdə bişirdiyi gözəl peçenyelər olan boşqabı fəxrlə mənə uzadır və mən bir fincan çayla onları ləzzətlə yeyəcəyimi düşünəndə gözlərim işıldayır. Cim, şirin xatirələrə görə sənə təşəkkür edirəm! Sənin peçenyelərin ən dadlısı idi!

Blueberry-Oatmeal Crunch Squares

Qaragiləli Yulaf Piroqu
Uilyams-Sonomanın (Williams-Sonoma)“Essentials of Baking” kitabındakı resept əsasında

İstəsəniz hətta cemin üstünə qoz ləpəsi də səpə bilərsiniz. Qoz xüsusilə də ərik cemi ilə yaxşı tutur. Bundan başqa siz bu peçenyeləri isti halda bir top dondurmayla da təqdim edə bilərsiniz. Çox dadlıdır!

Ərzaqlar:

280 q ağ un (1 +3/4 stəkan)
140 q yulaf lopaları (1  +1/2 stəkan)
220 q kip qablaşdrılmış qəhvəyi şəkər (1 stəkan)
1 çay qaşığı üyüdülmüş darçın
230 q soyuq duzsuz kərə yağı, 2-sm-lik parçalara bölünmüş
1 stəkan qaragilə cemi (bunu evinizdə olan istənilən cem, yaxud mürəbbə ilə əvəz edə bilərsiniz. Albalı, çiyələk, moruq, ərik və s.)

Hazırlanma qaydası:

Soba rəfini sobanın ortasına yerləşdirin və sobanı 165 dərəcə Selsiyə (165C) qədər qızdırın. 23 santimetrlik kvadrat listi kərə yağı ilə yağlayın.

İri bir cəmdə unu, yulaf lopalarını, qəhvəyi şəkəri və darçını yaxşıca qarışdırıın. Bu kütləni kərə yağıyla birlikdə xırda noxud boyda olan dənlərə bölünənə qədər bıçaqla doğrayın. (Əgər blenderiniz varsa  un, yulaf və şəkəri düyməni 2-3 dəfə qısa müddətə basmaqla qarışdıra bilərsiniz. Daha sonra kərə yağını əlavə edib maşını daha 8-10 dəfə işə salmaqla xırda noxud boyda dənlər əldə edənə qədər qarışdırın.)

Bu dən qarışığından 2 stəkan ayırıb kənara qoyun. Qalan dən qarışığını əvvəlcədən hazırladığınız listin dibinə və 2.5 sm hündürlüyündə kənarlarına kip döşəyin.

Cemi xörək qaşığı ilə götürüb bərabər qaydada həmin bu qatın üzərinə damızdırın. Sonra onu qaşığın arxası ilə elə yayın ki, bütün qat cemlə örtülsün. Əvvəlcədən ayırıb saxladığınız dənləri cem qatının üzərinə səpin. Səpdiyiniz dənlərin üzərindən basmayın.

Üzəri qızılı rəng alana qədər, təxminən 50 dəqiqə bişirin. Soba rəfinin üzərinə qoyub təxminən iki saat bərkiyənə qədər soyudun. İri, iti bıçaq götürüb 25 kiçik kvadrata bölün. Hermetik qabda otaq temperaturunda maksimum 3 gün saxlaya bilərsiniz.

Şərh yazmağı unutmayın! Onları oxumağı xoşlayıram:)

Blueberry-Oatmeal Crunch Squares

Bir cavab yazın

17 Şərh
  1. Feride xanim salam.bura normal seker istifade etmek olarmi?

  2. Feride xanim tsk edirem resepte gore.bideki Men kismisli qozlu xas xasli dadli sirniyyat bisirmek isterdim ne meslehet gorerdiniz ?

    • Qozlu xaş-xaşlı bir şey bişirsəm sayta qoyaram. Hələlik ağlıma heç nə gəlmir.

  3. Kitabin cixmagini maragnan sebirsizliknen gozluyurem)))yeginki sekillerdenolacaqda orda)

    • Çox sağ olun:) Kitab iniglis dilində olacaq və şəkilli olacaq.

  4. SALAM FERIDE XANIM RESEPTLERINIZE GORE MINNETDARAM. AMMA ANLAMADIGM BIIR SEY VAR YULAF LOPALARI NEDIR? VE ONU NECE ELDE EDE BILEREM///?

    • Yulaf lopalarının şəkli reseptdə var. Bakıdakı bütün böyük supermarketlərdə satılır. Ruscası – ovsyaniye xlopyadir.

  5. Feride xanim, qehveyi sekerin evezine ag seker qatmaq olarmi?

    • Olar

      • Feride xanim cox tewekkur cox gozel gorunur. Mende hazirlamaq isterdim ama bu julaf nedi onu anlaya bilmedim.

        • Dükanlarda satılır. Ruscası bəlkə kömək edər – ovsaniye xlopya.

  6. O qizil Ellerinizden coxlu coxlu opurem.Sag olun var olun.

  7. Salam Fəridə xanım. Mütləq bişirəcəm çox dadlı görünür. Zərif kətə yə bənzəyir. O çox dadlı alınmışdı. Kim yeyir resepti istəyir. Eksklüziv reseptlər üçün minnətdaram. Bir də yulaf supermarketlərdə satılan gerkulesdir. Uşaqlara səhər kasa bişirirlər ondan

  8. Salam feride xanim piroqu bisirdim cox lezzetli alindi cox sagolun. Ama biraz quru alindi yeqin ki ya cox bisirdim yada erzaqlarda biraz qarisiqliq oldu.bir sualim var siz seker 220 q yeni 1 st yazmisiniz bes nece olur yulaf 140q yeni 1 st+ 3/4 st olur?

    • Şəkər yulafdan ağırdır, ona görə stəkandakı ölçülərində fərq var.

Bir cavab yazın