Best in the World!
Dadlı yemək reseptləri bloqu

Posts Tagged keks

Şokoladlı Armudlu Piroq

Şokoladlı Armudlu Piroq

Kaliforniyada armud sezonudur. Dükkanlar bu meyvənin müxtəlif növləriylə doludur. Bu piroqu bu bolluqdan istifadə etmək üçün bişirdim. Piroq quru olmamalı, içi bir qədər nəm qalmalıdır – onda çox ləzzətli olur. Nuş Olsun!

Şokoladlı Armudlu Piroq

Resept Elra’s Baking bloqundan adaptə edilmişdir

1 ədəd 23-santimetrəlik piroq üçün

Armudları Bişirmək Üçün:
4 ədəd bərk armud (yumuşaq armuddan istifadə etməyin. Bərk cinsdən olmalıdır, yoxsa armudlar dağılar)
2 stəkan su
Yarım stəkan şəkər tozu

Xəmir Üçün:
113 qram acı-şirin plitka şokolad – əlinizdə hissələrə qırın
Yarım stəkan un
Yarım stəkan un kimi üyüdülmüş badam və ya fındıq
4 xörək qaşığı naşirin kakao tozu
1 çay + bir çay qaşığının dörtdə bir hissəsi qədər qabartma tozu
Bir çimdik duz
113 qram kərə yağı – əvvəlcədən soyuducudan çıxardın ki, yumuşalsın
Yarım stəkan şəkər tozu (əgər piroqun çox şirin olmasını istəyirsinizsə onda dörtdə üç stəkan şəkər tozundan istifadə edin)
4 ədəd yumurta – otaq hərarətində

Əvvəlcə armudu hazırlayaq. Bunun üçün armudları soyun, yarıya bölüb içlərini təmizləyin. Kiçik qazanda su və şəkəri qarışdırın. Armudu  bir lay olmaq şərtilə qazana düzün. Su armudu tamamilə örtməlidir, ona görə əgər suyun az olduğunu hesab edirsinizsə, bir az da su əlavə edin.  Qaynadın, sonra isə vam odda armudlar bir qədər yumuşalanadək bişirin, təxminən 15-20 dəqiqə. Armudlar dağılmamalıdırlar. Dilimləri qazandan çıxardıb kənara soyumaları üçün qoyun. Bu müddət ərzində xəmiri hazırlayın.

Əvvəlcə şokoladı əridin – bunun üçün onu istiyə qarşı dayanıqlı bir qaba qoyub, qaynayan su olan qazanın üstünə yerləşdirin. Qabın dibi suya dəyməməlidir. Tez-tez qarışdıraraq, şokoladı əridin. Sonra qabı şokoladın soyuması üçün kənara qoyun.

Sobanı 175Cdək qızdırın.

Diyametri 23 sm olan və kənarları çıxan yumru biskvit formasının dibini və kənarlarını yağlayın. Formanın dibinə eyni diyametrdə kəsilmiş perqament kağızı sərin. Perqament kağızını da yağlayın. Sonra isə formanın həm dibinə, həm kənarlarına bir az un səpin. Artıq gələn unu formanı silkələyərək boşaldın. Formanı kənara qoyun.

Bir kasada un, badam və ya fındıq unu, kakao tozu, qabartma tozu və duzu qarışdırın. Ayrı iri kasada yağ və şəkəri mikserlə ağaranadək çalın. Üstünə bir-bir yumurtaları əlavə edin, və  hər əlavədən sonra çalın. Alınan kütləyə ərinmiş şokoladı da əlavə edib qarışanadək çalın. Sonra isə unlu qarışığı da buraya əlavə edib bir dəqiqə ərzində çalın (daha çox çalmayın).

Alınan kütləni formaya töküb, üstünü hamarlayın. Üstünə armudları dairəvi şəkildə (şəkildə gördüyünüz kimi) düzün. Sobanın orta yerində təxminən 30-40 dəqiqə bişirin.  Hazır piroqun içi bir qədər nəm olmalıdır. Kibritlə biskvitin ortasına batırıb çıxartdığınızda, kibrit təmiz olmamalı, əksinə, bir az nəm və üstünə xəmir parçaları yapışmış olmalıdır (amma çox deyil). 30 dəqiqə ərzində bişən piroq çox nəm olacaq, 35 ərzində bişən isə orta nəm  olacaq (mən belə xoşlayıram). 40 dəqiqə  isə bir az quru piroq verəcək. İstədiyiniz kimi edin.

Piroqu sobadan çıxardın. Formanın kənarlarını çıxardın. Piroqu ya isti (qaynar deyil) ya da soyumuş halda yemək olar.