Best in the World!
Dadlı yemək reseptləri bloqu

Fəsəli – Sadə və ya Ədviyyatlı

Fəsəli | AZCookbook.com

Bir müddət əvvəl yemək dərslərimdən birində bir neçə başqa yeməklə yanaşı, gələnlərə Azərbaycan mətbəxindən fəsəlinin hazırlanma qaydasını göstərdim. Dərstə iştirak edən amerikalılara bu çörək növünün həm tərkibi, həm hazırlanma texnologiyası, həm də dadı çox maraqlı gəldi.

Bu resept mənim Amerikada nəşr olunan Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan adlı kitabımda da yer alıb. Fikirləşdim ki, kitabı əldə edə bilməyənlər üçün resepti burada paylaşım. Həm də ki, kitab ingilis dilindədir axı.

Fəsəli nədir? Mənim bildiyim fəsəli mayasız xəmirdən hazırlanan qat-qat çörək növüdür. Adi xəmir yoğrulur, oxlovla nazik açılıb, səthi ya ərinmiş kərə yağı, ya da ki, ədviyyatlı kərə yağı ilə fırçalanır, sonra rulet kimi bükülür, burulur, iki tərəfindən büzülərək yumrulanır, yenidən yastılanır və sac ya da ki, tavada bişirilir.

Hansı fəsəli daha ləzzətlidir? O baxır sizin ədviyyatla aranızın necə olmasına. Ədviyyatı sevməyənlər yəgin ki, sadə fəsəlini bəyənər. Mənim kimi, ədviyyatla arası yaxşı olan, daha zəngin dada malik olan digər fəsəlini seçər. Dərsimə gələnlərin hamısı hər iki növu bəyənsələr də, ədviyyatlı fəsəlinin qeyri-adi və ekzotik olduğunu vurğuladılar. Bəh bəh!

Duzlu təamlara üstünlük verirsinizsə, fəsəlini pendirlə dadmaq olar,  yox əgər şirin sevənlərdənsinizsə, onu bal və ya bəkməzlə ləzzətlə yeyə bilərləsiniz. Keçək şəkil və reseptə. Nuş olsun!

Fəsəli | AZCookbook.com

Bu qatlara bir baxın!

Fəsəli | AZCookbook.com

Birinci mərhələ xəmiri hazırlamaqdır. O un, duz və sudan hazırlanan adi xəmirdir.

Fəsəli | AZCookbook.com

Sonra nazik, uzun oxlovdan istifadə edərək dairə formasında xəmiri yayırıq. Bu dairəyə əridilmiş yağ çilənir və üzərində yayılır.

Fəsəli | AZCookbook.com

Yağ sadə və ya ədviyyatlı ola bilər. Hər iki variant reseptrə göstərilmişdir.

Fəsəli | AZCookbook.com

Yağlanmış dairə sıx rulet formasında bükülür, hər iki ucdan qatlanır və burulur.

Fəsəli | AZCookbook.com

Gözəldir, elə deyilmi?

Fəsəli | AZCookbook.com

Burulmuş xəmir yenidən dairə formasına salınır.

Fəsəli | AZCookbook.com

Fəsəli bişməyə hazırdır.

Fəsəli | AZCookbook.com

Bu isə yeyilməyə hazır fəsəlidir.


FƏSƏLİ SADƏ VƏ YA ƏDVİYYATLI

2 ədəd fəsəli üçün

Ərzaqlar

Xəmir Üçün:

  • 2 stəkan un, həmçinin  yoğurmaq, taxta və ya stolu unlamaq üçün əlavə un
  • 1 çay qaşığı duz
  • 1 stəkan su

Içlik Üçün:

1-ci variant – sadə yağlı içlik:

  • 6 xörək qaşığı ərinmiş yağ

2-ci variant – ədviyyatlı yağlı içlik:

  • 6 xörək qaşığı ərinmiş yağ
  • 1/4 çay qaşığı üyüdülmüş zirə
  • 1/4 çay üyüdülmüş keşniş toxumları
  • 1/4 çay qaşığı üyüdülmüş cirə
  • 1/4 çay qaşığı razyana toxumları
  • 1/4 çay qaşığı badyan toxumları
  • 1/4 çay qaşığı həvəngdəstə ilə toz olana kimi üyüdülmüş zəfəran telləri
  • 1/4 çay qaşığı sarıkök

Qızartmaq Üçün:

  • Təqribən 2 çay qaşığı əridilmiş yağ

Hazırlanması

  1. Unu böyük bir kasanın icərisinə ələyin və ortasında çuxur düzəldin. Duz və su əlavə edin, əllərinizlə kündə forması alana kimi yoğurun. Əgər xəmir əllərinizə yapışırsa, bir az daha un əlavə edin. Mətbəxt dəsmalı ilə bükün və 10 dəqiqə dincəlməyə qoyun.
  2. Xəmiri 2 bərabər hissəyə ayırın, hər birini kündələyin. Bir kündə ilə işləyərkən, digər kündəni mətbəxt dəsmalı ilə örtün.
  3. Kündənin birini yüngülcə unlanmış yerə qoyun. Üzərinə bir az un səpin. Nazik oxlovdan istifadə edərək xəmiri açmağa başlayın. 40 sm ölçüsündə dairə əldə edənə kimi yayın.
  4. Əgər siz sadə yağ içlik istifadə etməyi planlaşdırırsınızsa, yağı əridin və otaq hərarətinə gələnədək soyudun. Ədviyyatlı yağ içlik üçün kiçik tavada yağı əridin və ədviyyatları əlavə edin. Qarışdırın, otaq hərarətinə gələnədək soyudun.
  1. Kənarlardan 2.5 sm buraxaraq yaymanın üzərində qaşığın köməyi ilə ərinmiş yağı və ya ədviyyatlı yağı yayın. Yayılmış dairələri sıx rulet formasında diyirlədin. Ruletin tərəflərini nə qədər uzana bilirsə astaca dartın (bu, layları daha da nazikləşdirəcək). Sonra, bir əlinizlə ruletin bir ucundan tutaraq onu digər əlinizlə tez bir müddətə (nəm paltarı əlinizlə sıxdığınız kimi) burun (qatqat çörək alınacaq).
  2. İndi isə, bir əlinizlə burulmuş ruletin bir ucundan tutaraq onu digər əlinizlə sıx spiral formasında bükün. Spiralı 10 dəqiqə müddətində dincəlməsi üçün kənara qoyun. Sonra oxlovdan istifadə edərək 25 sm-lik dairə ölçüsündə spiralı yayın. Qalan xəmir kündəsi üçün də eyni prossesi təkrarlayın.
  3. Bir fəsəlinin ölçüsünə bəs edəcək böyüklükdə tavada 1 xörək qaşığı yağı orta istilikdə qızdırın (bunu hər bir fəsəli üçün edin). Hər bir fəsəlini bir üzü üstə qızılı rəng alana kimi bişirin, sonra digər üzünü çevirin, ümumilikdə 7-10 dəqiqə vaxt aparacaq. Digər bir metod isə fətir qızılı rəng alana kimi hər iki üzünü vaxtaşırı çevirərək bişirmək olardı. Dərhal süfrəyə edin.

 ***
Resept Fəridə Buyuranın “Pomegranates &Saffron: A Culinary Journey to Azerbaijan” kitabından adaptasiya olunmuşdur.

Bir cavab yazın

3 Şərh
  1. Mukemmel. Bunu bu gun mutleq edecem. Cox dadli gorunur 🙂

Bir cavab yazın