Best in the World!
Dadlı yemək reseptləri bloqu

İspanaqlı-Pazılı Krostata

Mənim kimi göy-göyərti və yeməli otları sevirsinizsə, onda bu İspanaqlı-Pazılı Krostatanı çox bəyənəcəksiniz. Krostata nədir deyə soruşa bilərsiniz. Krostata (italyanca yazılışı “crostata”dır) italyan piroqudur və həm şirin, həm də duzlu ola bilər. Bu günkü resept adınızdan başa düşdüyünüz kimi, duzlu piroqdur.

Bu krostatanı hazırlamaq üçün əvvəlcə razyana tozumu ilə dadlandırılmış xəmir yayılır və bunun üzərinə ispanaq, pazı və müxtəlif pendirlərdən hazırlanan içliklə doldurulub sobada bişirilir. Bişən içlik sıx olduğuna baxmayaraq, olduqca zərif olur. Başlayaq.

Xəmirdəki razyana toxumu krostataya çox gözəl təam verir. Reseptdəki 2 çay qaşığı razyana toxumu sizi qorxutmasın – bu heç də çox deyil.

Razyana toxumlarını və parmezan pendirinin qırıntılarını xəmirdə seçə bilirsinizmi?

İçlik yarı ispanaq, yarı pazıdan hazırlanır.

Xəmiri yayıb, içliklə doldurdum.

Sobadan çıxan ləzzət!

ISPANAQLI–PAZILI KROSTATA

İspanaqlı-Pazılı Krostata (crostata) bir növ italyanüsulu üstü açıq, duzlu piroqdur. Bu krostatanın xəmirinə gözəl təam qatan razyana toxumlarıdır. Əgər pazı yarpağı tapa bilmirsinizsə, narahat olmayın – onu ispanaqla əvəz edə bilərsiniz. Olacaq ispanaqlı krostata.

Bir ədəd krostata üçün

Ərzaqlar

Xəmir Üçün:

  • 2 çay qaşığı razyana toxumu (zəruri deyil, amma məsləhətdir)
  • 2 stəkan un
  • 1/2 çay qaşığı duz
  • 1/2 stəkan rəndələnmiş parmezan pendiri
  • 1/2 stəkan zeytun yağı
  • 1/2 stəkan və əlavə 2 xörək qaşığı buzlu su (bəli, buz kimi soyuq)

İçlik Üçün:

  • 3 xörək qaşığı zeytun yağı
  • 1 ədəd soğan, xırda doğranmış
  •  4 diş sarımsaq, xırda doğranmış
  • Toplam 700 qram olmaq şərtilə –  doğranmış pazı yarpağı (saplaq və yarpağı bərabər) və ispanaq (saplaq və yarpağı bərabər). Doğranmış pazı  və ispanaq toplam 15 stəkan olmalıdır.
  • 1 çay qaşığı duz
  • Hərəsindən 1 çimdik olmaq şərtilə – qurudulmuş oreqano, kəklikotu, rozmarin (yoxdursa, onlarsız da olar)
  • 2 cimdik üyüdülmüş hind qozu
  • 4 yumurta
  • 1/2 stəkan doğranmış göy sogan
  • 1 stəkan rikotta pendiri (ricotta cheese) və yaxud kəsmik (sulu olmasın)
  • 1/2 stəkan rəndələnmiş parmezan pendiri

Hazırlanması

  1. Əvvəlcə xəmiri hazırlayın. Razyana toxumlarını tavada orta hərarətdə daim qarışdıraraq 3 dəqiqə ərzində qovurun.  Kənara çəkin ki, soyusun.
  2. Geniş ləyəndə un, razyana toxumları, duz və rəndələnmiş parmezan pendirini qarışdırın. Zeytun yağını əlavə edib əl ilə qarışdırmağa davam edin. Sonra 1/2 stəkan buzlu suyu əlavə edib xəmiri qarışdırmağa davam edin. Lazım gələrsə, əlavə 2 qaşıq suyu da qatın (xəmir qurudursa). Xəmiri kündələyin. Hazır xəmir ələ yapışmamalıdır. (Əl ilə yoğurmaq çətin olarsa mikserin xəmir qarışdıranından istifadə edə bilərsiniz).
  3. Xəmiri azca unlanmış taxta ya masada  30 saniyə ərzində yoğurun. Əgər xəmir qırılır və ya çox qurudursa əlavə olaraq azca su ilə yenidən yoğurun. Xəmiri mətbəx sellofanına büküb  soyuducuda ən azı 30 dəqiqə (hətta 1 gün də qala bilər) saxlayın.
  4. Zeytun yağını tavada qızdırın. Soğanları 2 dəqiqə ərzində yumşalınca qovurun. Əvvəlcə sarımsağı, sonra isə doğradığınız pazı və ispanaq saplaqlarını tavaya atıb yumşayanadək qovurmağa davam edin. Sonra isə yarpaqlarını, quru otları, hindistan qozunu əlavə edib soğanla birgə suyu çəkilənədək 10 dəqiqə daha qovurun. Kənarda soyudun.
  5. Sobanı 190ºCdək qızdırın.
  6. Kalka kağızın üzərində xəmiri mərkəzdən kənarlara doğru oxlovla yayın. 38 sm-lik dairə əldə etməlisiniz. Dairə  mükəmməl olmasa da olar, çünki kənarları sonra qatlanacaq.
  7. Yayılmlş xəmiri kalkanın üstündə olmaq şərtilə ehmalca listin üzərinə yerləşdirin.
  8. Kənarda 1 yumurtanı 1 xörək qaşığı su ilə ehmalca çırpın.
  9. Ayrica, böyük bir kasada qalan yumurtaları, göy soğanı, ispanaqlı qarışığı, rikotta (və ya kəsmiyi) və parmezan pendirini qarışdırın. Içlik hazırdır.
  10. Xəmirin kənarlarında 4 sm yer saxlamaqla hazır içliyi xəmirin üzərinə yayın. İçliyin həddən artiq çox olması sizi çaşdırmasın – krostata bişdikcə içlik enəcək və sıxlaşacaq.
  11. Xəmirin kənarlarını ehmalca içəri qatlayın. Xəmirin səthinə yumurta çəkib 40-45 ərzində bişirin. Bişdikdən sonra 15 dəqiqə soyumasını gözləyib, sonra dilimləyib süfrəyə verin. Krostatanı ilıq və ya otaq hərarətində ikən yemək olar.

***
Resept Cara Mangininin The Vegetable Butcher kitabından adaptasiya olunmuşdur.

Bir cavab yazın

3 Şərh
  1. Bu nə gözəldir.. İspanağın və razyanın bir yerdə dadı çox maraqlandırdı məni. Mütləq sınayacam.

  2. Bizim küküyə oxşayır – mütləq sınamaq lazımdır

Bir cavab yazın