Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qoz Kökəsi

Qoz Kökəsi

Mənim üçün ən əziz reseptlər məni uşaqlığıma qaytaran və xüsusi hadisələrin, ailə ənənələrinin, ən əsası isə onlarla bağlı insanların şirin xatirələrini canlandıran reseptlərdir.

Belə reseptlərdən biri də Ordubada aid qoz kökəsidir. Mənim həm ana, həm də ata tərəfdən nənə və babalarım Ordubadlıdır. Qonşu rayonlarda da qoz kökəsinin fərqli növlərini bişirirlər.

Mən bu resepti yeməli zaman və məkan səyahəti adlandırıram. Məsələ burasındadır ki, bu resept mənim ana tərəfdən ulu nənəmdən nənəmə keçib. Onların hər ikisi Ordubadda doğulublar. Daha sonra nənəmdən artıq Balakəndə doğulmuş anama, sonra da mənə, bakılı qıza keçib. Mənsə öz növbəmdə bu resepti Birləşmiş Ştatlara gətirmişəm, sonra da özümün “Pomegranates & Saffron: A Culinary Journey to Azerbaijan!” yemək kitabıma əlavə etmişəm. Kimin ağlına gələrdi? Siz bir səyahətin zənginliyinə, yolun uzunluğuna baxın!

Qoz Kökəsi

Gəlin mən sizə bu xüsusi kökələrdən danışım. Ordubadın məşhur qoz kökəsi. Əslində bu kökəni şorqoğal, şəkərbura və başqa məxsusi duzlu və dadlı biş-düş kimi Novruz bayramı üçün bişirirlər. Həm də o qədər çox bişirirlər ki, bir həftəlik bayrama bəs eləyir və həftə boyu yeyilir.

İçliyində iri-iri doğranmış qoz, soğança (karamelləşdirilmiş soğan) və sarıkök var. Bu da fərqli dad və teksturaların çox gözəl bir içlikdə birləşməsidir.

Kökələri iki formada bişirirlər, yumru və aypara şəklində. Zövqə görə hamısını bir formada bişirə, yaxud mənim kimi iki fərqli formada bişirib qarışdıra bilərsiniz.

Qoz Kökəsi

Ənənəvi olaraq qoz kökəsini təndirin divarına yapışdıraraq bişirirlər. Bu kökələr təndirdə qalxır, qızılı rəng alır və ətrafa heyranedici ətir saçır. Mənsə bu kökəni adi sobada bişirirəm və onlar yenə də çox gözəl alınır. O təzə bişmiş gözəl kökələrin qabağında kim dura bilər ki?!

Bir də, bu kökələr bahar bayramı üçün bişirilsə də mən bu qədər gözəl və hazırlanması o qədər də çətin olmayan bir şeyin istənilən vaxt, könlümüzə düşəndə bişirilməməsi üçün heç bir səbəb görmürəm.

Mən ümid edirəm siz bu kökələri bişirəcəksiniz. Bişirəndə mənə xəbər verin. Çox sevinərəm. Həm də ulu nənəmin, nənəmin, anamın və özümün adımdan sizə ürəkdən təşəkkür edərəm.

Qoz Kökəsi

Mənbə: “Pomegranates & Saffron: A Culinary Journey to Azerbaijan”

Qeyd: Bu kökələri çay dəsmalına bükərək qapaqlı qazanda saxlamaq lazımdır. Bu halda onları düz bir həftə saxlamaq olur. Siz onları xüsusi buzxana torbalarında dondurub sonradan yeyə bilərsiniz. Ancaq süfrəyə verməmişdən əvvəl onları otaq temperaturuna gətirin, yalnız bundan sonra sobada qızdırın.

 25 kökə üçün

Ərzaqlar

Xəmiri üçün

1 paket (2 1⁄4 çay qaşığı) aktiv quru maya
1 stəkan ilıq süd (40º–43ºC)
6 stəkan un
1 xörəl qaşığı duz
200 qram ərinmiş, ayranından təmizlənmiş yağ
1 stəkan qatıq
2  yumurta, otaq temperaturunda

İçlik üçün

4 xörək qaşığı ərinmiş yağ
2 orta ölçülü soğan, incə doğranmış (2 stəkan)
2 stəkan qoz, orta-iri ölçüdə xırdalanmış (onlar bir az xırçıldamalıdır)
1⁄4 çay qaşığı sarıkök
1⁄2 çay qaşığı, yaxud zövqə görə düz
Bir çimdik, yaxud zövqə görə üyüdülmüş qara istiot

Üstü üçün

Sarıköklə qarışdırılmış 2  yumurta sarısı

Hazırlanması

Əvvəlcə xəmiri hazırlayın. Balaca bir dərin qabda mayanı ilıq suda həll edib 10 dəqiqə saxlayın. Unu dərin bir qaba ələyin. Duz əlavə edib yaxşıca qarışdırın. Unun ortasında çuxur düzəldin və maya qarışığını, yağı, qatığı və yumurtaları bura əlavə edin. Eynicinsli kütlə alınana qədər əlinizlə qarışdırın.

Xəmiri yüngülcə unlanmış masanın üzərinə qoyun və tam elastik və təqibən 10 dəqiqə, yumşaq xəmir halına gələnə qədər yoğurun. Xəmiri yenidən tasa yerləşdirin, üzərini çay dəsmalı, yaxud da streçlə örtün və saat yarımlığına isti yerdə həcmi iki dəfə artana qədər gəlməyə qoyun. Xəmir qabarıb barmaqla toxunanda yupyumşaq olmalıdır.

Xəmir gələnə qədər içliyi hazırlayın. Orta ölçülü tavada və orta istilikdə yağı qızdırın. Soğanı əlavə edib 10 dəqiqə tez-tez qarışdıraraq, rəngi açıq qəhvəyi olana qədər bişirin. Ocaqdan götürüb soyumağa qoyun. Qoz, sarıkök, duz və qara istiot əlavə edin. Yaxşıca qarışdırıb kənara qoyun.

Sobanı 190ºC dərəcəyə qədər qızdırın. İki soba listinə perqament kağızı döşəyin.

Xəmiri hər biri yumurta boyda olan 25 yumru kündəyə ayırın. Bir kündə ilə işlədiyiniz zaman o biri kündələrin üstünü çay dəsmalı ilə örtün ki, qurumasın. İndi isə siz aşağıdakı üsullardan biri ilə kökələrinizin içini doldura bilərsiniz:

Dəyirmi kökələr üçün: kündəni bir ovcunuzda tutaraq o biri əlinizlə onu yastılayın. Ortasına təpələmə bir qaşıq içlik qoyub kənarlarını birləşdirərək içliyin üstünü örtün. İndi isə əlinizdəki içi doldufrulmuş topu oxlovun köməyilə ehtiyatla 9 santimetrlik disk formasında yayın. Bərk basıb kökəni həddindən çox yastılatmayın.

Aypara şəkilli kökə üçün: Kündəni bir ovcunuzda tutub digər əlinizlə yastılayın və kənarlara doğru yüngülcə yayın, diametri 9-10 sm olmalıdır. Bir yarısına təpələmə bir çay qaşığı içlikdən qoyun. Digər tərəflə üstünü örtün və kənarlarını bərkidir. Sonra baş və işarə barmqlarınızın köməyinə kökələri şəkərbura kimi bükün.

Kökələri aralarında 5 sm məsafə qoymaqla əvvəlcədən hazırladığınız listlərin üzərinə yerləşdirin. Çəngəlin arxası ilə paralel xətli naxış qoyun. Üsərini üç yerdən çəngəllə deşin. Bu, bişmə zamanı yaranan buğun çıxması üçündür. Kökələrin üzərinə sarıköklə qarışdırılmış yumurta sarısı sürtün. Təxminən 25 dəqiqə, qızılı rəng alana qədər bişirin. Vaxtın tən yarısında listlərin yerini dəyişin.

Qoz Kökəsi

Bir cavab yazın

10 Şərh
  1. Naxçıvan çocesi

    • Naxchivan deyil xanim! Ordubad kükäsidir. Naxchivan chöchäsi ayri olur. Cävizli olmur. Märcimäkli olur.

  2. Yemiwem bu kokeden.Cox dadli olur.Resepti bildim,ozum de hazirlayacam.

  3. Salam,Feride xanim.Resept ucun sag olun.Men ozum eslen Bakidanam,amma yoldawim Naxcivandandir ona gore de men bu kokeden artiq 7 ildirki hazirlayiram.Bir weyi qeyd etmek isteyirem,eziz xanimlar menim qaynanam bu icli chochenin soganini ve qozunu mawindan cekir.Yani ki dogramir.Bele de cox lezzetli alinir.Ozum sinamiwam,siz de sinayin?

  4. Shukran xanimdan da soruwmaq isterdim ki Naxcivanda hansi mehellede mercimekli coce biwirirler?Menim yoldawimin butun qohumlari Naxcivanin ozundendir,amma men mercimekle biwiren gormemiwem.Maraqlidi,mercimekle olan koke nece dadir?

  5. Qozlu yeməmişəm. Amma mərciməkli çox ləzzətlu olur.

  6. ele bu qozlu kokedir, Naxcivan MR-nin her yerinde cevizlidir! Cevizi olmayan kartof, merci, lobya ve s ureyi ne istese vurur. Esasi, koku qozlu olur, ay millet!

  7. Salam Feride xanim.Bes nece derecede bishmelidir?

  8. Salam Xanimlar. Menimde ata terefim Naxcivandandir. Bizde bu kokeye Nəzik deyilir ve heqiqeten coooox lezzetlidir. Ilk baxisda adam dusunurki qozla sogan nece olar ama dadanda gorursenki basqa alemdi. Yemeyenlere meslehet gorerdimki dadsinlar pesman olmazlar. Feride xanim sizede tesekkurki bizim bolgeleremizin lezzetli dadlarini yayirsiz

Bir cavab yazın