Best in the World!
Dadlı yemək reseptləri bloqu

Razyana və Yerkökülü Yunansayağı Toyuq

Razyana və Yerkökülü Yunansayağı Toyuq | AZCookbook.com

Vaxtınıza qənaət edib tez başa gələn yemək bişirmək istəyirsinizsə, bu da sizə ideal resept. Razyana və Yerkökülü Yunansayağı Toyuq. Bu resepti burada yaşayan bloqer dostlarım Mary Platis (California Greek Girl) və Laura Bashar-ın (Family Spice) zeytun yağı haqqında hazdıqları yemək kitabında rast gəldim.

Bu ləziz yeməkdə yumşaq toyuq əti şirin yerköküxoş ətirli razyana soğanağı ilə bərabər bişib, limon şirəsi və şərab əlavə edilməklə daha da dadlanır.

Razyana və Yerkökülü Yunansayağı Toyuq | AZCookbook.com

Hazır yeməyi təzə cəfəri və əgər varınızdırsa yerqulağı (kapers) ilə bəzəyib ya sadə plovla, ya da ki çörəklə süfrəyə vermək olar.

Razyana və Yerkökülü Yunansayağı Toyuq | AZCookbook.com


RAZYANA VƏ YERKÖKÜLÜ YUNANSAYAĞI TOYUQ

4 porsiya üçün

Ərzaqlar

  • 8 ədəd toyuq budu
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı istiot
  • 2 çay qaşığı zeytun yağı
  • 2 ədəd özəyi təmizlənmiş razyana soğanağı (kökü), dilimlənmiş
  • 2 ədəd soyulmuş, uzununa bir neçə yerə bölünmüş yerkökü
  • 1/2 stəkan təzə sıxılmış limon suyu
  • 1/2 stəkan ağ şərab
  • 1/2 stəkan toyuq bulyonu (əgər lazım olarsa)
  • Üzərini bəzəmək üçün 1/2 stəkan çəyirdəyi çıxarılmış zeytun
  • Üzərini bəzəmək üçün 1 xörək qaşığı konservləşdirilmiş yerqulağı (kapers)
  • Üzərini bəzəmək üçün 1/2 stəkan təzə doğranmış cəfəri

Hazırlanması

  1. Toyuq tikələrini yuyun, qurulayın və hər tərəfini duzlayıb istiotlayın.
  2. Çuqun qazanda zeytun yağını qızdırın.
  3. Toyuq tikələrini 1 lay olaraq, təxminən hər tərəfini 5 dəqiqə hər iki tərəfi qəhvəyi rəngdə olana kimi qızardın. Toyuğu qabdan çıxardın və boşqaba düzün.
  4. Razyana və kökləri eyni qazana əlavə edin, 5 dəqiqə müddətinə yumşalana kimi bişirin.
  5. Toyuğu yenidən tərəvəzli qazana qoyun.
  6. Şərab və limon şirəsini əlavə edin.
  7. Qaynara düşdükdən sonra istiliyini azaldın. Şirələr toyuğun üzərindən tamamilə çəkilənə kimi 45 dəqiqədən 1 saata kimi bişirin. Əgər toyuq qurudursa, yanmaması üçün toyuq bulyonunu və yaxud su əlavə edə bilərsiniz.
  8. Toyuq və tərəvəzləri qabdan çıxardın, zeytun, yerqulağı və cəfəri ilə üzərini bəzəyib dərhal süfrəyə verin.

***
Resept Mary PlatisLaura Bashar-ın Cooking Techniques and Recipes with Olive Oil  kitabından adaptasiya olunmuşdur.

Bir cavab yazın

1 Şərh
  1. Mmmmm, necə də dadlı görsənir!!!!!

Bir cavab yazın