Best in the World!
Dadlı yemək reseptləri bloqu

Taciksayağı Mərci və Düyü Şorbası

Taciksayağı Mərci və Düyü Şorbası | AZCookbook.com

Bir müddət əvvəl Facebook-da Bakıdakı savadlı və bacarıqlı rəfiqələrimdən biri Aytənin Tacikistana vəzifəyə təyin edildiyi xəbərini aldım. Aytənə yazdım ki, ora mənim görmək istədiyim yerlərdən biridir. Əslində Orta Asiyanın hər yerini görmək istəyərdim. Oranın tarixi, mətbəx ənənələri məni maraqlandırır. Aytən ilə virtual söhbətimizdən sonra əlimi evdəki Samarkand: Recipes and Stories from Central Asia & the Caucasus atdım ki, gözüm Taciksayağı Mərci və Düyü Şorbası reseptinə sataşdı. Maraqlı səsləndi. Dərhal elə o gün onu sınadım.

Bu şorbada mərci və düyü tərəvəz və çoxlu ədva ilə bərabər bulyonda bişirilir. Ədvalar şorbaya olduqca maraqlı təam qatır. Şorbanın üstünə keçi pendiri ova bilərsiniz, olmadığı təqdirdə isə qatıq və ya süzmə ilə əvəz etmək də olar.

Şorbanı evdə bişirdiyim çörəklə yedik. Və xəyalıma bir gün olduğum yerdən çox uzaq olan Tacikistana gedəcəyimi gətirdim. İnanıram ki, bir gün bu baş tutacaq. Hələlik isə, hamımıza nuş olsun!

Taciksayağı Mərci və Düyü Şorbası | AZCookbook.com

TACİKSAYAĞI MƏRCİ VƏ DÜYÜ ŞORBASI

6-8 pay üçün

Ərzaqlar

  • Təqribən 1/4 stəkan zeytun yağı
  • 1 ədəd xırda doğranmış soğan
  • 1 ədəd xırda doğranmış kərəviz saplağı
  • 1 ədəd xırda doğranmış  yerkökü
  • 4 ədəd xırda doğranmış pomidor
  • 2 diş xırda doğranmış sarımsaq
  • 2 çay qaşığı zirə
  • 1/2 çay qaşığı döyülmüş yenibahar (allspice, yoxdursa zəruri deyil)
  • 1/4 stəkan yuyulmuş yaşıl, ya da qəhvəyi mərci
  • 1/4 stəkan yuyulmuş qəhvəyi, ya da ağ düyü
  • 2 ədəd quru dəfnə yarpağı
  • 4 stəkan və ya lazım olsa bir az da çox tərəvəz bulyonu və ya adi su
  • Duz və istiot
  • 1/2 stəkan keçi pendiri (qatıqla əvəz edilə bilər)
  • Doğranmış göyərtilər – cəfəri, keşniş, nanə (miqdarı zövqə görə)
  • Təzə sıxılmış limon şirəsi

Hazırlanması

  1. Böyük bir qazana zeytun yağı əlavə edib vam odda qızdırın.
  2. Soğan, kərəviz, pomidor və yerkökünü əlavə edib yumşalana kimi bişirin.
  3. Sarımsaq, yenibahar, və zirə toxumlarını əlavə edin. Bir neçə dəqiqə bişirin, daha sonra dəfnə yarpaqları, mərci, düyünü əlavə edib qarışdırın.
  4. Tərəvəz bulyonu və ya suyu tökün. Zövqə görə duz və istiot əlavə edin.
  5. Qaynara düşəndə odu azaldın, qazanın üzərini qapaqla örtün. 20-30 dəqiqə mərci və düyü yumuşalana kimi bişirin.
  6. Bişməyinə 5 dəqiqə qalmış göyərtiləri əlavə edib qarışdırın.
  7. Qazı söndürün. İstəyə görə  şorbaya limon şirəsi tökə bilərsiz. Əgər şorba çox qatı olsa, qaynamış su əlavə edin.
  8. Çömçə ilə servis qabına qoyun. Üstünə pendir ovun və servis edin.

***
Resept Caroline Eden and Eleanor Ford-unSamarkand: Recipes and Stories from Central Asia & the Caucasus  kitabından adaptasiya olunmuşdur.

Bir cavab yazın

2 Şərh
  1. Bu yemeyi bişirdim, çox lezzetli, ferqli bir dad idi. Allah razi olsun gözel resept üçün. Evvelki kimi reseptler paylaşmırsız Feride xanım, sizin reseptler deqiq olduğu üçün qelb rahatlığı ile yoxlaya bilirik. Yeni reseptlerinizi gözleyirik. Size işlerinizde uğurlar

    • Gül – Çox sağ olun. Reseptlər olacaq. YouTube Kanalıma da abunə olun.

Bir cavab yazın