Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Aprel 2009

Badımcan, Bibər və Pomidor Dolması

Badımcan, Bibər və Pomidor Dolması

Sizcə Azərbaycan mətbəxinin ən məşhur yay yeməyi hansıdır? Məndən soruşsanız, deyərdim ki, badımcan, bibər və pomidor dolması. Burada yay və qışın fərqi bir o qədər bilinmədiyi üçün, mən bu dolmanı bütün fəsillərdə bişirirəm.

Bu resept mənim keçən yay Küveytin ingilis-dilli olan Arab Times qəzetinə verdiyim müsahibədə çap olunmuşdur. Arab Times Küveytin ən iri həcmli və ən çox oxunan ingilis dilli qəzetidir.  O vaxtlar qəzetin jurnalisti bloqumu təsadüfən tapıb məndən mətbəximiz barədə intervyu götürmək istədi. Sevincimin həddi-hüdudu yox idi. Bu mənim üçün böyük şərəf idi, çünki Azərbaycanın mətbəxini xaricdə təmsil etməli idim.  Məqalə olduqca maraqlı alınmışdı. Əgər oxumaq istəyirsinizsə, bu linklərə baxa bilərsiniz.

http://www.arabtimesonline.com/pdf08/july/6/page%2027.pdf
http://www.arabtimesonline.com/pdf08/july/6/page%2028.pdf

Nə isə. Gəlin keçək əsas məsələyə, yəni dolmanın necə hazırlanmasına. Bu dolmanı bişirmək üçün  içləri doldurulmuş tərəvəzlər eyni qazana yığılır. İç ət, soğan, pomidor, bibər və reyhandan hazırlanır. Biz bu dolmanın içinə bişmiş ləpə də əlavə edirik- çox ləzzətli olur. Bu, Naxçıvan zonasının variantıdır. Dolmalıq badımcanların hazırlanma qaydası rayondan rayona, hətta ailədən ailəyə dəyişir. Kimi badımcanı əvvəlvə suda pörtür, kimi qızardır, kimi toxumunu çıxardır, kimi çıxartmır, kimi badımcanın papaq hissəsini kəsir və içini təmizləyib doldurur, kimi isə bir tərəfini kəsir. Mən bu gün sizə badımcanın hazırlanmasının bir neçə yolunu göstərəcəyəm – ürəyiniz istəyəni seçin. Nuş Olsun!


BADIMCAN, BİBƏR VƏ POMİDOR DOLMASI

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

6 ədəd kiçik badımcan  (təzminən 12 cm uzunluğu, 4 cm diametri olan)
6 ədəd yaşıl Bolqar bibəri
6 ədəd pomidor
duz
istiot
1-2 xörək qaşığı ərinmiş yağ və ya duru yağ

İçi Üçün:

4 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
700 g çəkilmiş qoyun və ya mal əti (və yaxud ikisinin qarışığı)
2 ədəd baş soğan – soyulub xırda -xırda doğranmış
1 ədəd yaşıl uzun bibər – xırda doğranmış
doğranmış pomidor içi * (reseptə bax)
1 stəkan xırda doğranmış reyhan
½ stəkan bişmiş ləpə  (1/4 stəkan quru ləpəni bir az duz qatılmış suda qaynadıb,  bişirin)
zövqə görə duz
zövgə görə istiot

1.Əvvəlcə tərəvəzləri hazırlayın.

Badımcan: Badımcanları aşağıda verilən iki üsuldan birini istifadə edərək hazırlayın.

Üsul 1: Badımcanın saplağını kəsin. Bıcaqla “qarnını” kəsin. İri qazanı suyla doldurun və qaynadın. Badımcanları qaynayan suya qoyub təxminən 2 dəqiqə ərzində pörtün. Sudan çıxardın və bir az soyudun. Soyuduğunda, əllərinizlə ovun ki, tumları çıxsın.

Üsul 2: Badımcanları suda pörtmək əvəzinə qızardın. Bunun üçün,  əvvəlcə saplağını kəsin. Bıcaqla “qarnını” şəkildə gördüyünüz kimi kəsin. Badımcanları soyuq su və 2 xörək qaşığı duz olan ləyənə qoyub və üstlərini ağırlıqla örtüb 20 dəqiqəliyinə kənara qoyun. Bu, badımcanların acısı çıxması üçün edilir. Acısı çıxan badımcanları sudan çıxardıb, qurulayın. Tavada bol-bol yağ qızdırıb, bu yağda badımcanların hər tərəfini qızardın. Yağdan çıxardıb salfet və ya kağız dəsmal üzərinə qoyaraq yağını süzdürün.

Bibərlər: Bibərlərin saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçinin tumlarını təmizləyin.

Pomidorlar: Pomidorların saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçini bıcaq və ya qaşığla oyub çıxardın. Təmizlədiyiniz içi atmayın – bunu ətli iç üçün istifadə edəcəksiniz*

2. İndi isə içi hazırlayın. Bunun üçün tavada yağı qızdırın. Əti əlavə edib suyu çəkilənə və qızaranadək r bişirin. Soğanı ətə əlavə edib, birlikdə bir az da qızardın.  Doğranmış pomidor* və bibəri əlavə edib, 5 qədidə də bişirin. Oddan kənara çəkin. Göyərtini əlavə edin. İstifadə edirsinizsə, ləpə də əlavə edin. Zövqə görə duz və istiot vurub qarışdırın.

3. Badımcan, bibər və pomidorların içini bir az duzlayıb-istiotlayın. Bİbər və pomidorların “qapaqlarını” örtün. Tərəzəvləri dərin tavaya yığın. Üstünə 2 qaşıq ərinmiş yağ və ya duru yağ tökün. Tavanın qapağını örtüb dolmaları vam odda təxminən 35-40 dəqiqə ərzində bişirin. Nuş Olsun!