Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim. Nəticədə bu yeni resept yarandı. Çox məmnun qaldım, həm dadından, həm də görünüşündən.
Bu piroqu hazırlamaq üçün xəmiri mayalamağa da gərək yoxdur. Qabartma tozu ilə şişir. Çörəyin səthinə fırça ilə cəkilmiş yumurta sarısı və bunun da üstünə səpilmiş çörəkotu bişmiş çörəyi bir az günəbaxana bənzədir. Siz də bu piroqu bişirin, peşman olmazsınız.
ASAN PENDIRLI PIROQUN HAZIRLANMA QAYDASINI İZLƏYİN:
ASAN PENDİRLİ PİROQ
1 ədəd duzlu piroq üçün
Ərzaqlar
İçlik:
- 2 stəkan iri-iri ovulmuş duzlu ağ pendir
- Təxminən 2 xörək qaşığı doğranmış cəfəri və şüyüd (cəfəri daha çox olsun, istəyə görə sadəcə cəfəridən də istifadə etmək olar)
Xəmir:
- 3 stəkan un
- 1 çay qaşığı duz
- 2¼ çay qaşığı qabartma tozu
- 2 yumurta (sarılardan birini piroqun üstü üçün saxlayın)
- 1 stəkan qatıq
- 3/4 stəkan zeytun yağı
Üstü:
- 1 ədəd kənara qoyduğunuz yumurta sarısı
- Çörəkotu
Hazırlanması
- İçliyi hazırlayın: Balaca qarışdırma qabında pendir və göyərtiləri qarışdırın. Pendir duzlu olduğuna görə əlavə duz vurmuruq.
- Xəmiri hazırlayın: İri qarışdırma qabında 2 stəkan un, duz və qabartma tozunu qarışdırın. Buraya yumurta, qatıq və zeytun yağını əlavə edin. Qarışdırıb qalan unu da qatın. Əlinizlə kobud xəmir alınanadək qarışdırın. Xəmiri masaya devirib əlinizlə elastik və ələyapışmaz xəmir yoğurun.
- Sobanızı 180ºCdək isidin.
- İri soba listinin üstünə perqament kağızı sərin.
- Masanızı bir az unlayın.
- Xəmiri ikiyə bölün.
- Oxlovla xəmirin birini 22 sm diametri olmaq şərtilə yayın.
- Dairəni listə yerləşdirin.
- İçliyi üstünə səpin.
- İkinci xəmiri də eyni şəkildə yayıb içliyin üstünə yerləşdirin.
- Kənarlarını barmağınızla bərkidin.
- Çörəyin səthinə yumurta sarısı çəkib çörəkotu səpin.
- Sobanın orta rəfində üstü qızaranadək bişirin.
Bir cavab yazın