Best in the World!
Dadlı yemək reseptləri bloqu

Mütəkkə (Mutaki) – Video

Mütəkkə (Mutaki) | AZCookbook.com

Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin).

____

Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar. Mütəkkə (rus dilində onu mutaki adlandırırlar) Azərbaycanda çox məşhurdur, xüsusən də Novruz bayramı dönəmində çox bişirilir. Mən mütəkkələri qozla doldurmağı xoşlayıram amma fındıq və badam da ona eyni dərəcədə yaraşar.

Mütəkkə (Mutaki) | AZCookbook.com

Əvvəllər mütəkkə bişirəndə, qozu çox xırda üyüdürdüm. Sonralar isə daha iri-iri etməyə başladım və iri qozun mütəkkəyə daha çox yaraşdığını başa düşdüm. Belə olduqda, qoz  mütəkkəyə xoşxırçıltı qatır və yediyimizdə onun dadı daha çox hiss olunur.

Bu resepti  bir neçə yemək kursumda amerikalılara öyrətmişdim – o qədər çox bəyənmişdilər ki!

MÜTƏKKƏNİN HAZIRLANMA QAYDASINI İZLƏ:


Mütəkkə (Mutaki)

24 ədəd mütəkkə üçün

Ərzaqlar

Xəmir üçün:

  • 2¾ stəkan un
  • 120 qram soyuq kərə yağı, parçacıqlara ayrılmış
  • 1 stəkan xama
  • 2 yumurta sarısı

İçlik üçün:

  • ½ stəkan qoz, iri şəkildə xırdalanmış
  • ½ çay qaşığı üyüdülmüş hil
  • ¼ stəkan şəkər tozu (şirin olmasını arzulayırsınızsa, biraz daha artıra bilərsiniz, amma ½ stəkandan çox olmamalıdır)

Üzəri üçün:

  • ¼ stəkan şəkər pudrası

Hazırlanması

  1. Birinci xəmiri hazırlayın. Unu və soyuq yağ parcacıqlarını geniş qaba qoyun. Barmaqlarınızla unu yağa kiçik parçacıqlar şəklində qalana kimi yedizdirin. Xamanı və yumurta sarılarını əlavə edib, daha yumşaq xəmir alana kimi yoğurun. Yumşaq və zərif xəmiri təxminən 5-7 dəqiqə yoğurduqdan sonra əldə edəcəksiniz. Xəmiri 3 bərabər hissəyə bölüb, yumrulayın. Polietilen pakete büküb, 30 dəqiqə müddətinə soyuducuya yerləşdirin.
  2. İçliyi hazırlayın. Şəkər tozunu, hili və qozları bir qabda bir-birinə qarışdırın.
  3. Sobanı 190ºC qızdırın. İki soba qabını bişirmə kağızı sərərək hazırlayın.
  4. Xəmirlərdən birini sobadan çıxarın. Təxminən 28 sm diametrində nazik və yumru şəkildə yayın. Xəmiri iti bıçaqla əvvəl ortadan sonra isə eninə 4 hissəyə, hər hissəni də ikiyə bölərək 8 üçbucaq şəklində ayırın.
  5. Hər üçbucağın içinə qalın tərəfindən kənarında bir sm buraxaraq 1 çay qaşığı içlik qoyun, sonra nazik tərəfinə doğru yumrulayın. Geri qalan xəmirlərlə eyni prosesi edin. Aralarında təxminən 2 sm məsafə buraxaraq mütəkkələri soba qabında yerləşdirin.
  6. Sobanın orta hissəsində 20 dəqiqə bişirin.
  7. Sobadan çıxandan sonra qabında soyumağa qoyun. Tamam soyuduqdan sonra üzərinə şəkər pudrası səpin. 

***
Resept Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan kitabından adaptasiya olunmuşdur.

Bir cavab yazın

3 Şərh
  1. Salam,ezizim Feride xanim!Gec de olsa ramazan bayraminizi tebrik edirem!Men xemiri sizin reseptle eledim,cox gozel alindi.Amma icliyini bir qadar ferqli eledim.Demeli Novruz bayramindan soyuducumda sekerburs ici qalmiwdi,onu goturdum,ona 3 yumurta sarisi elabe etdim ve mutakiler coooooox lezzetli alindi.Onda ici daha kovrek daha yumwaq olur ve agizda xircildamir.Siz ve saytla maraqlanan xanimlara tovsiyye ederdim ki,bu usulla da sinaqdan kecirtsinler mutakini.Bir daha tewekkur edirem ?Reseptdi.

  2. Oy Feride xanim,uzr isteyirem bir sehv getdi commentde.demeli mutakinin icine yuxarida 3 yumurta sarisi yazmiwam.Sarisi deyil yumurtanin Agi!!!!!!

    • Çox sağ olun, Sevinc! Mən də sizin bayramınızı təbrik edirəm. Məsləhətə görə çox sağ olun. Yumurta ağı əla fikirdir. Mütləq sınayacam. Mən mütəkkə edəncə, içliyin şəkərinin çox az vururam, qozu iri-iri doğrayıram, onda xırçıldamır. Amma yumurta ağı da əla olar. Bir növ Soçi paxlavası kimi. Çox sağ olun təkrar!

Bir cavab yazın