Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Aprel 2010

Kartoflu Keks

Kartoflu Keks

Bu resepti mənə əziz oxucum Günel Əhmədova göndərib. Keks ailəcə hamımızın elə xoşuna gəldi ki, bir iki saata ondan əsər-əlamət qalmadı. Bu keksi həm səhər yeməyində, həm ət yeməklərinin yanında,  həm də qəlyanaltı kimi süfrəyə verə bilərsiniz. Bişirin, məncə xoşunuza gələcək. Günel, reseptə görə çox sağ ol.

Kartoflu Keks

4 ədəd kartof (təxminən 600 qram)
1 ədəd yerkökü
2 ədəd yumurta
yarım stəkan (bir armudu istəkan qədər edir) duru yağ
1  stəkan qatıq
1 stəkan un
1 çay qaşığı qabartma tozu
yarım stəkan doğranmış keşniş-şüyüd qarışığı (istəyə görə keşnişi cəfəri ilə əvəz etmək olar)
1 çay qaşığı duz
zövqə görə istiot

Kartof və yerkökünü suda qaynadıb bişirin. Qabıqlarını soyun və tərəvəzləri kubik şəklində doğrayın. Kənara qoyun.

Sobanı 190Cdək qızdırın. Ölçüləri  23 X 13 X 8  santimetr olan baton formasının dibini və kənarlarını azacıq yağlayın. Kənara qoyun.

İri kasaya yumurtaları qırın. Üstünə duru yağı əlavə edib, çırpma teli ilə qarışdırın. Üstünə qatığı töküb qarışdırın. Sonra isə un və qabartma tozunu əlavə edib, yenə qarışdırın. Kütlənin üstünə döğradığınız kartof, yerkökü və göyərtini əlavə edib yavaşca qarışdırın.

Alınan kütləni formaya töküb üstünü hamarlayın. Sobada təxminən 1 saat və yaxud keksin üstü qızaranadək bişirin. Soyuduqdan sonra dilimləyib süfrəyə verin. Bu keks soyuducuda 3 günə yaxın qala bilər. Soyuqkən çox yaxşı dilimlənir. Nuş Olsun!