Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Fevral 2013

Ağ Turp və Yerkökü Salatı

Ağ Turp və Yerkökü Salatı

Yuxarıdakı qonaq masasında gördüyünüz sarı-ağ rəngli salatı tez-tez hazırlayıram – həm qonaqlar, həm də özümüz üçün. Bu, ağ turp və yerkökü salatıdır. Çox asan hazırlanan, dadlı və sağlığa xeyirli salatdır.

Bu salat üçün sizə ağ turp, yerkökü, təzə göyərti və üzərinə tökmək üçün zeytun yağı, limon yaxud zeytun yağı ilə sirkə qarışığı lazımdır. Siz ərzaqları bir-birinə qata da bilərsiz, gözəl görünüşlü olması üçün bir tərəvəzi digərinin ətrafına düzərək bəzək verə də bilərsiz. Tərəvəzləri bir-birilə qarışdıranda salat daha dadlı olur, amma gözəlliyə üstünlük verirsinizsə ikinci üsuldan istifadə edin.

Ağ Turp və Yerkökü Salatı
‘Sultan’s Kitchen”  (Özcan Ozan) və “The Turkish Cookbook” (Nur Ilkin və Sheila Kaufman)  kitablarından adaptə edilmişdir

4 pay üçün

Burada mən daikon və ya yapon turpu adlanan turpdan istifadə edirəm. Bu turp yerkökü kimi uzunsov olur, və dadı bildiyimiz yumru ağ turpdan fərqli olaraq heç acı olmur. Azərbaycanda daikon turpunun satılıb satılmaması haqqında məlumatım yoxdur. O turp olmasa belə, bu salat adi yumru ağ turpdan da hazırlana bilər. Yerkökü və turpun miqdarını zövqünüzə görə müəyyən edə bilərsiniz – bunun üçün bir qayda yoxdur.

Ərzaqlar:
2 böyük yerkökü – qabığı təmizlənmiş və sürtkəcin iri gözündən keçirilmiş
2 orta boylu ağ turp  – qabığı təmizlənmiş, sürtkəcin iri gözündən keçirilmiş
Doğranmış cəfəri
Doğranmış göy soğan (baş və yarpaq hissəsi ilə birgə)
Qara zeytun (üzərini bəzəmək üçün)

Üzərini üçün sous
3-4 xörək qaşığı extra-virgin zeytun yağı (zövqə görə bir qədər artıq və ya az da olar)
Təzə sıxılmış 1 limonun şirəsi
Zövqə görə duz, döyülmüş qara istiot

Birinci üsül:
Sürtkəcdən keçirilimiş turpu dayaz boşqabın ortasında yerləşdirin. Yerkökünü də turpun ətrafına əlavə edin. Salatın üzərinə tökəcəyiniz sousun ərzaqları kiçik bir qabda qarışdırın. Hazırladığınız qarışığı salatın üzərinə çiləyin. Doğranmış cəfəri və göy soğanı də üzərinə səpin. Sonda qara zeytunla salatın kənarlarını bəzəyin və süfrəyə verin.

İkinci üsul:
Sürtkəcdən keçirilmiş tərəvəzləri və digər ərzaqların hamısını bir qabda qarışdırın. Qabın üzərini bağlayıb ən azı 15 dəqiqə soyuducuda saxlayın. Sərin halda yaxud otaq tempraturunda süfrəyə verin.