Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for May 2013

Badımcan Sırdağı

Badımcan Sırdağı

Badımcan Sırdağı

Uzun çəkən səssizliyimi üzürlü hesab edin. Bir müddət əvvəl kiçik bir sağlıq problemiylə üzləşdiyimə görə fasiləm bir az uzun çəkdi. İndi hər şey qaydasındadır və yenidən qarşınızdayam. Sizə çoxdandır ki hazırladığım bir resepti nəhayət ki, bu gün çatdırıram. Bu dəfə sizə badımcan sırdağını təqdim edəcəm.

Azərbaycanın cənub qərbinə məxsus olan badımcan sırdağı Lənkəran zonasında xüsusi ilə məşhurdur. Belə hesab olunur ki, badımcan sırdağının vətəni elə Lənkərandır. Yeməyi hazırlamaq üçün sadəcə 3 ərzaq lazımdır- badımcan, pomidor və sarımsaq və təamların bir-birinə qarışması üçün bir qədər su. Vəssalam, bununla da yemək hazır olur! Sözlə ifadə edilmbəyəcək dərəcədə gözəl dad alınır. Badımcanı sevən, hətta sevməyən də bu yeməyi bəyənəcək.

Bu resepti mənə sevimli rəfiqəm Sevda İsmayıl verib. Sevda Lənkəranlıdır və bu reseptin əsl sırdağ resepti olduğunu deyir. Onun sözlərinə görə, hətta göyərti belə səpməyə gərək yoxdur, baxmayaraq ki, xanımlar bu improvizasiyaya çox vaxt əl atırlar. Düzünü desəm, mən də bəzən sırdağın üstünə göyərti səpirəm, yeməyin daha da rəngarəng görünməsi üçün.

Qeyd edim ki, Lənkəran mətbəxində balıq sırdağı da yer alır. O resepti gələcək yazılarıma saxlayıram. Hələlik isə nuş olsun!

Badımcan Sırdağı

4 pay üçün

Lazım olan ərzaqlar:
8-9 ədəd orta boylu badımcan
Qızartmaq üçün təxminən yarım fincan bitki yağı
5 ədəd orta ölçülü yetişmiş, lakin bərk pomidor – dairəvi formada qalın doğranmış
4 diş sarımsaq- xırda doğranmış
1/3 fincan su
Duz, istiot

Hazırlanması:

Badımcanlar bıçaqla yarım santimetr qalınlığında uzununa doğranılır. Badımcanın acılığını almaq üçün aşağıda göstərilən iki üsulun birindən istifadə edin:

1) Badımcan dilimləri süzgəcin içinə yığılır, üzərinə təxminən 2 xörək qaşığı duz səpilir. Duzlanmış badımcanların üzərinə ağır bir şey qoyulur. Məsələn, boşqab – onun da üzərinə banka yaxud ağır qapaq yerləşdirilir. Bu ona görədir ki badımcanların suyu yaxşı çıxsın və acılığı getsin. Təxminən 20 dəqiqə sonra badımcandan ayrılan tünd su süzülüb atılır. Badımcanlar təmiz su ilə yüngülcə yuyulur, suyu süzülür. Hətta yaxşı olardi ki, salfet və ya kağız dəsmalla suyunu tamamilə çəkəsiniz.

2) DBadımcan dilimləri  duzlu suya salınır. (Bunun üçün bir orta ləyən soyuq suya 2 xörək qaşığı duz əlavə edilir.) Üzəyinə ağır bir şey qoyulur, 20 dəqiqə sonra su tamamilə süzülüb atılır. Badımcanlar təmiz su ilə yuyulur və suyu süzülür. Hətta yaxşı olardi ki, salfet və ya kağız dəsmalla suyunu tamamilə çəkəsiniz.

Tavaya yağ salınır, orta dərəcəli odda yağ dağ olanadək qızdırılır. Əgər yağ yaxşı isinməsə badımcanlar yağı tamamilə öz canına çəkəcək. Badımcanların hər iki tərəfi, təxminən 3-5 dəqiqə olmaqla qızılı rəng alanadək bişirilir. Bişirərkən lazım olarsa yenidən yağ əlavə olunur. Yağ badımcanları bişirməzdən əvvəl hər dəfə isidilməlidir. Bişdikdən sonra badımcanlar tavadan götürülüb, yağı süzülsün deyə salfet üzərində qoyulur.

Tavada əlavə yağ qalıbsa doğranmış pomidorların da hər iki tərəfi, laz az müddət, təxminən bir dəqiqə bişirilir. (Əgər tavada badımcanlar bişərkən qara yanıqlar əmələ gəlibsə onlar təmizlənir, bir qədər yağ əlavə olunub lazımınca qızdırılıdıqdan sonra pomidorlar bişirilir.) Pomidorlar bişdikdən sonra ayrıca boşqaba yığılır.

Təmiz tavaya əvvəlcə 3-4 qat bişmiş badımcanlar düzülür, ən üst qata pomidorlar yerləşdirilir. Xırda doğranmış sarımsaq səpilir, duz, istiot vurulur. Su əlavə olunduqdan sonra tavanın üzəri qapaqla örtülür, vam odda qarışdırılımadan, 15 dəqiqə bişirlir. Hazır yemək çörəklə birgə süfrəyə verilir.