
Şəkildə gördüyünüz ləziz qoz içliyi ilə doldurulmuş hinduşkanı burada keçirilən ənənəvi Şükranlıq Bayramı süfrəsi üçün hazırlamışdım. Məncə bu yemək Yeni İl süfrəsi üçün də çox gözəl seçim ola bilər.

Hinduşkanı qoz içliyi ilə, yəni ləvəngi ilə doldurmuşdum. Cənub zonasında daha çox məhşur olan bu təam Azərbaycan mətbəxinin əvəzolunmaz bir atributudur. Ləvənginin resepti çox sadədir, yalnız xırdalanmış qoz ləpələri, sürtgəcdən keçirilmiş və suyu süzülmüş soğan və turşu lavaşanın qarışığından ibərətdir. Formulanın sadə olmasına baxmayaraq ləvəngi çox zəngin, turşa-şirin, ekzotik və özünəməxsus bir dada malikdir. Istər quş ətini, istər balığı, istərsə də hətta badımcanı ləvəngi ilə doldurduqda yeməyin adı uyğun olaraq dəyişəcək, məsələn biz bugün hinduşka ləvəngisini hazırlayırıq.
Çox zaman turşu lavaşasının əvəzinə mən narşərabdan istifadə edirəm. Sözün düzü,ləvəngiyə xüsusi təam, zəriflik qatdığına görə mən daha çox narşəraba üstünlük verirəm. Çox ləzzətlidir! Ləvəngini hazırlamaq qaydasını da sizinlə paylaşacam!
Ümid varam ki, resepti bəyənib hinduşka ləvəngisini bayram süfrənizin əsas təamı edəcəksiniz! Yeni iliniz mübarək olsun!

Hind Quşu (Hinduşka) Ləvəngi
Ərzaqlar:
6 kiloluq hind quşu (hinduşka)
Göyərtili yağ qarışığı:
115 qram kərə yağı
Xırda doğranmış təzə göyərti qarışığı- kəklikotu, cəfəri, bibəriyə, reyhan, tərxun (əlinizin altında adı çəkilən bütün və ya istənilən göyərti qarışığını istifadə etmək olar)
Yarım limon şirəsi
Yarım portağal şirəsi
Əzilmiş beş diş sarımsaq (sarımsaq əzəndən istifadə edə bilərsiniz)
Duz və qara istiot
Qoz içliyi:
3 orta ölçülü qırmızı soğan
6 stəkan ət maşınından keçirilmiş qoz ləpəsi (xırda üyüdülmüş amma toz halında olmayan)
Yarım stəkan narşərab
2 çay qaşığı duz (zövqə görə dəyişir)
Yarım çay qaşığı narın qara istiot (zövqə görə dəyişir)
Sous:
4 stəkan hinduşka və yaxud toyuq bulyonu
55 qram kərə yağı
Yarım stəkan un

Hazırlanma qaydası:
Hinduşkanın içalatını təmizləyin və boynunu kəsib ayırın.Sonradan istifadə edəcəyiniz bulyonu hazırlamaq üçün kəsdiyiniz boyunu su ile dolu orta ölçülü qazanda 1 saat orta istilikdə qaynadın. Bolyunu kənara qoyun (lazım olacaq).
Hinduşkanın dərisi üstündə qalsın, onun içini və çölünü axar su altında yuyun. Daha sonra suyu süzülünüdək qurulayın. Hinduşkanın içini və çölünü duzlayın və istiotlayın. Kənara qoyun.
Göyərtili yağ qarışığını hazırlamaq üçün orta ölçülü tavada orta istilikdə yağı bir az əridin (krem halına gələnədək). Hazır olduqdan sonra dərin qaba və ya kasaya boşaldın, üstünə limon və portağal şirələrini, doğranmış göyərtiləri, sarımsağı və zövqə görə duzla istiotu da qatın. Yaxşı qarışdırın. Hinduşkanı döş hissəsinin üstündə olan dərini bir qədər qaldırın, ətdən aralansın amma qopmasın. Dərinin altına göyərtili yağın yarısını əlinizlə yayın. Hinduşkanın çölünə də qalan yağ qarışığını sürtün. Daha sonra ya soyuducuya qoyub ertəsi günü ya da hemin gün içini doldurub bişirin.

İçliyi hazırlayın. Soğanları ya ət maşınından ya da mətbəx kombaynerindən keçirin. Tənzifə doldurub, sıxın ki, suyu tamamən çıxsın. Xırdalanmış qoz ləpələrini, narşərabı, duz və istiotu suyu sıxılmış soğana əlavə edin. Qarışdırın, duzu və istiotu zövqə görə əlavə edin. Narşərabın miqdarını artırmaq da lazım ola bilər, ona görə qarışdırdıqca dadına baxın və zövqə görə qərar verin. Hinduşkanı hazırladığınız içliylə doldurun və ayaqlarını mətbəx sapı ilə bağlayın.

Hinduşkanı telli formanın üstünə yerləşdirərək, 160c dərəcəlik sobada 3 saat yarım və ya 4 saat müddətində bişirin. Bu müddət ərzində hər yarım saatdan bir hazırladığınız hinduşka bulyonundan (toyuq bulyonu da ola bilər) yarım stəkan hinduşkanın üzərinə gəzdirin.
Sousu hazırlayın. Sobadakı formanın dibinə yığılan hinduşka şirəsini bir qazana boşaldın. Bu şirə azdırsa, hazırladığınız bulyondan da buraya əlavə edib ki, toplam 4 stəkan alınsın. Ayrıca bir tavada yağı əridib üzərinə un əlavə edin və qarışdırın. Yağ qarışığını bulyona əlavə edin, 10 dəqiqə qatılaşanadək qarışdırın. Çox qatı alınsa bir az da bulyon əlavə edə bilərsiniz.
Hinduşkanı bölüb iri bir qaba yerləşdirin. Ləvəngisini isə ayrıca bir kəsada süfrəyə verə bilərsiniz. Sousu da ayrıca sous qabına töküb süfrəyə qoyun. Qeyd edim ki, sous Amerikan mətbəxinə aiddir. Hinduşka üstünə sousdan bir az tökülərək yeyilir. Sousun hazırlanması zəruri deyil.
Nuş Olsun!






















Son şərhlər