
Bu balaca ləziz qurabiyyələri Meksika adətinə görə orada toylarda hazırlayıb, qonaqlara təklif edirlər. Buna görə də onların adı Meksika toy qurabiyyəsidir. Amma bir məsələ də var ki, bu reseptə eyni zamanda başqa adlar altında da rast gəlmək olar – sən demə, bu qurabiyyələrin İspan toy qurabiyyəsi, Avstriya kipferin qurabiyyəsi, hətta Rus çay qurabiyyəsi adları da var. Meksika əsilli rəfiqəm Berta təstiq etti ki, bəli, bu qurabiyyələr Meksika mətbəxinə aiddir, amma onu da əlavə etti ki, onun Alman dostu bir gün Amerikada bu cür qurabiyyənin dadına baxdıqdan sonra onun Alman qurabiyyəsi olduğunu iddia etdi. İndi gəl dəqiq de ki, bu haranın qurabiyyəsidir. Amma haranın olursa olsun, bunu bililəm ki, çox ləzzətli qurabiyyədir. Ağızda ovulub gedir. Nuş Olsun!

Meksika Toy Qurabiyəsi
Williams-Sonoma Essentials of Baking kitabından adaptə edilmişdir
18 ədəd qurabiyə üçün
Qeyd: Ölçülərə dəqiqliklə rəayət edin. Çəkilmiş badam-fındığın miqdarı mütləq 1 stəkanın dörtdə üçü qədər olmalıdır. Bunlar çəkildikdən sonra toz kimi və yaxud azacıq diri-diri qala bilər (istəyə görə).
1 stəkan (155 g) un
1 çay qaşığının dörtdə biri qədər duz
Yarım stəkan (125 g) kərə yağı – otaq hərarətində
Bir stəkanın üçdə biri qədər (90 g) şəkər tozu
1 çay qaşığı vanil ekstraktı
1 stəkanın dörtdə üçü qədər (90 g) qovrulmuş, qabığı soyulmuş və çəkilmiş fındıq * və yaxud qovrulmuş və çəkilmiş badam (qabığını soymağa gərək yoxdur) **
Təxminən yarım stəkan (60 g) şəkər kirşanı (pudrası)
Sobanı 165C-dək qızdırın. İri qurabiyyə listinin dibinə perqament kağızı sərin.
Bir qabda un və duzu qarışdırıb, qabı kənara qoyun.
Ayrı iyi qabda yağ, şəkər tozu və vanili mikserlə yaxşıca qarışanadək, təxminən 1 dəqiqə ərzində çalın. Çəkilmiş badam və ya fındığı əlavə edib qarışanadək az sürətdə çalın. Unlu qarışığı da əlavə edib bir az çalın ki, ərzaqlar qarışsın.
İndi isə qurabiyyələri düzəldin. Bunun üçün xəmirdən bir xörək qaşığı qədər (üstünü çox doldurmayın) götürüb əllərinizin arasında yumru top şəklinə salın. Topun diyametri 2.5 sm olmalıdır. Hazırladığınız topları bir-birindən 2.5 sm aralı olmaq şərtilə listə düzün.
Qurabiyyələri sobanın orta rəfində altları bir az qızaranadək, üstləri isə qızarmağa başlayanadək, amma daha çox öz rəngində qalanadək bişirin, təxminən 20-25 dəqiqə. Listi sobadan çıxartdıqdan sonra, qoyun qurabiyyələr listə bir az soyusunlar, sonra isə kənarda tamamən soyudun.
Şəkər kirşanını bir qaba qoyun. Qurabiyyələri kirşanın içində gəzdirin. İstəyə görə, qurabiyyələri qaba yığdıqdan sonra onların üstünə qalan kirşanı da ələyə bilərsiniz.
* Fındığı qovurub qabığını soymaq üçün: Onları ya sobada (165Clik) ya da tavada bir az qovurduqdan sonra, çay dəsmalının arasına qoyaraq ovun ki, qabıqları çıxsın.
** Badamı qovurmaq üçün: Badamı sobada qovurun və çəkin.




















Son şərhlər