İspanaq vitamini bol olan tərəvəzlərdəndir. Dəmir çatışmazlığının ən güclü dərmanlarındandır. Mən ispanağı tək başına bişirildiyində çox bəyənməsəmdə, yumurtayla bişirilən halını bəh-bəhlə yeyirəm. Sizə də məsləhət görürəm.
ISPANAQ ÇIĞIRTMASI
4 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
1 kilo ispanaq
5 xörək qaşığı duru yağ və ya kərə yağı
1 baş soğan
zövqə görə duz
zövqə görə istiot
4 yumurta
Sarımsaq-Qatıq üçün
1 stəkan qatığa 2-3 diş əzilmiş sarımsaq əlavə edib qarışdırın
1. İspanağı yaxşıca yuyun və süzün.
2. İri qazanı suyla doldurun və qaynadın. İspanağı suya salıb təxminən 3 dəqiqə ərzində pörtlədin.
2. İspanağı sudan çıxardın və aşsüzənə qoyub süzün. Suyunun tamamilə çıxması üçün ispanağı əlinizlə sıxın. Süzülmüş ispanağı iri-iri doğrayın.
3. Tavada yağı qızdırın. Soğanı xırda-xırda doğrayıb tavaya əlavə edin və təxminən 7 dəqiqə ərzində qızardın. Üstünə ispanağı əlavə edib, təxminən 5-10 dəqiqə bərabər qızardın. Zövgə görə duz və istiot vurun.
4. Yumurtaları bir qaba qırıb qarışdırın. İspanağın üstünə tökün. Yumurta hər tərəfə yayılsın deyə, tavanı o tərəf bu tərəfə əyin. Tavanın qapağını örtün və təxminən 7-10 dəqiqə ərzində, və yaxud yumurta bərkiyənə qədər qarışdırmadan bişirin.
5.Süfrəyə sarımsaq-qatıqla verin. Nuş Olsun!
Son şərhlər