
Həyətimizdə balaca üzüm tənəyi var. Bu il üstündə o qədər yarpağı oldu ki, yığmaqla qurtarmır. Elə hey artır. Mən də yarpaqlar artdıqca onları yığıram və ya dolma bişirirəm, ya da qışa saxlayıram. Bildiyiniz kimi, yarpağı xüsusi metoda əsasən bankalara yığıb da qışa saxlamaq olar. Amma düzü, mən bu metotdan istifadə etmirəm. Ona görə ki, təzə yarpağı sonra istifadə etmək üçün elə təzəcə saxlamaq olar. Necə? İndi hər şeyi başa salacağam.

Bakıda mənə pay verilən butulka yarpağı.

Bu isə digər üsul – yarpaqlar plastik ziploc torbasına doldurulub, buzluğa qoyulur.
# 1 – Plastmas butulkada üzüm yarpağı
Bu üsul Azərbaycanda yayğındır. Cavan üzüm yarpaqları yığılır, üç-üç, beş-beş olmaq şərtilə üst-üstə düzülür, və boş plastmas butulkanın içinə salınır. Butulka dolduqca, çubuqla yarpaqların üstünə bastırılır ki, yeni yer açılsın. Buraya nə duz, nə də su vurulur. Butulka dolanda, qapağını sız bağlayıb, butulkanı sərin yeri qoyun. 1 il hətta 2 il belə sərin yerdə qala bilər. Yarpaqlar lazım olduğunda, butulkanı ortadan bıçaqla kəsib ikiyə bölün. Yarpaqları çıxardın. Dolma bişirin.

Ziploc torbasına yığılan üzüm yarpağı buzluqda saxlana bilər.
# 2 – Ziploc torbalarında üzüm yarpağı
Mənim istifadə etdiyim üsul. Təzə yarpaqları bir-birinin üstünə yığıb, şəkildə gördüyünüz ziploc torbasına yerləşdirin. Torbanı kip bağlayıb buzluğa qoyun. Yarpaqlar bu torbada uzum müddət təravətini qoruyaraq, saxlana bilər. Lazım olduğunda çıxardıb istifadə edin.

Məltəm üzüm yarpağı yığır. Tezliklə süfrədə dolma olacaq.





















Son şərhlər