Best in the World!
Dadlı yemək reseptləri bloqu

Posts Tagged heyva

Heyva Mürəbbəsi

Heyva Mürəbbəsi

Armud, alma və nar sezonuyla bərabər Kaliforniyaya heyva sezonu da gəlib. Düzü, burada heyva hər yerdə tapılmır, amma mənim bəxtim gətirib –  yaxınlığımızda İran və Ərəb dükkanları var – bu vaxtı oralarda heyva bolluğu olur. Mən heyvanı elə belə də yeməyə xoşlayıram, mürəbbə formasında da. Buranın heyvası Ordubad heyvası qədər sulu olmasa da, ondan yaxşı mürəbbə alınır. Özü də hazırlanması olduqca asan. Nuş olsun!

Heyva Mürəbbəsi

1 litrəlik banka üçün

1 kilo çəkirdəyi çıxarılmış heyva (təxminən 4-5 ədəd) – (proses reseptdə izah olunur)
1 kilo şəkər tozu
1 stəkan su
Bir çimdik limon duzu

Heyvaları yarıya bölüb, sonra isə hər yarını iki hissəyə bölün. İçlərini kəsib atın. Şəkildəki kimi, nə nazik, nə də ki çox qalın olan dilimlərə doğrayın – təxminən 0.5 sm qalınlığında. Bunun üçün ya ziqzaqlı bıçaqdan (şəkildəkindən) ya da adi bıçaqdan istifadə edə bilərsiniz.

İndi isə heyvanı çəkin – hər kiloya bir kilo şəkər tozu istifadə edəcəyinizə görə, gərək ölçülər üst-üstə düşsün.

Heyvanı, şəkər tozunu və suyu ləyənə qoyun. Orta hərarətdə bişirin. Arada bir qarışdırın. Kəf yığılarsa, kəfkirlə yığın. Mürəbbə təxminən 50 dəqiqə – 1 saatdan sonra hazır olmalıdır. Hazır mürəbəınin rəngi narıncı-qırmızıtəhər olmalıdır, şirəsi isə bir qədər qatılaşmalıdır. Mürəbbə hazır olmazdan 5 dəqiqə qabaq, ona limon tuzu əlavə edib bişirin.

Mürəbbə soyuduqdan sonra onu bankaya yığın.