Best in the World!
Dadlı yemək reseptləri bloqu

Posts Tagged Salatlar

Rəngli Bolqar Bibəri Salatı

Mən yay vaxtı adətən yüngül salatlarla müraciyət edirəm. Həm kaloriyası az olur, həm də yararlı olur. Bax götürək elə bu bibər salatını. Həm rəngli, həm ləzzətli, həm də yüngül. Bu salata Türk mətbəxində rast gəlmək olar. İspaniyada, Yunanistan, İtaliyada da buna bənzər salat hazırlayırlar. Bu, mənim ən çox sevdiyim salatlardandır.

Bu salat adətən qırmızı bibərdən hazırlanılır, amma mən bəzən evdə sarı və portağal rəngdə Bolqar bibərindən də istifadə edirəm ki, salat rəngarəng olsun. Bu sizin istəyinizə bağlıdır. Hələlik isə, nuş olsun!


RƏNGLİ BOLQAR BİBƏRİ SALATI

QEYD 1: Bu reseptdə ərzaqların miqdarı zövgə və istəyə görə artırıla və ya azaldıla bilər.

QEYD 2: Bu salat üçün yalnız qırmızı Bolqar bibərindən də istifadə edə bilərsiniz.


ƏRZAQLAR

2 ədəd iri qırmızı Bolqar bibəri
2 ədəd iri sarı Bolqal bibəri
2 ədəd portağal rəngli Bolqar bibəri
xırda doğrançəş cəfəri (zövqə görə nanə də əlavə edə bilərsiniz)
2-3 diş əzilmiş sarımsaq
təxminən yarım limonun suyu
zeytun yağı
duz
istiot

1. Bolqar bibərlərini bütov ya qazın üstündə çevirə-çevirə kabab edin, ya manqalda, ya da sobada bişirin – Qabığı bir az qaralanda və bibərlər azacıq yumuşalanda bibərlər hazırdır. Diqqət! Bibərləri çox bişirməyin, yoxsa xəşilə dönər. Bİbərlər bir az bişməli, amma eyni zamanda da diri qalmalıdırlar.

2. Bişmiş bibərlərin qabığını soyun. Toxumunu və sapını kəsib atın. Bibərləri təxminən bir barmağın yarısı enliyində uzunsov kəsin. Bir qaba qoyun. Üstünə doğranmış cəfəri (və ya cəfəri və nanə qarışığı), əzilmiş sarımsaq,  limon suyu və zeytun yağı, duz, istiot əlavə edib qarışdırın. Soyuducuda bir qədər soyutduqdan sonra süfrəyə verin.