Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Oktyabr 2010

Pomidor Souslu Bulqurlu Kroketlər

Pomidor Souslu Bulqurlu Kroketlər

Bulqur Türk mətbəxi və ümumiyyətlə Şərq mətbəxində tez-tez istifadə edilən ərzaqdır. Türk mətbəxində ondan ləziz plov, salat, küftələr düzəldirlər.

Bəs bu məşhur bulqur nədir,  nədən hazırlanır? Bulqur buğdadır, amma onun bir qədər emal edilmiş formasıdır. Bulqur əldə etmək üçün buğda təmizlənir, yarımçiy bişirilir, sonra isə qurudulub döyülür, və  nəticədə alınan buğda hissəcikləri bulqur adlanır. Bulqur yarımbişmiş olduğuna görə yeməklərdə istifadə edildiyində tez bişir. Bulqurun iki əsas növü var – iri bulqur və narın (incə, küftəlik) bulqur. İri bulqur plovlarda, incə bulqur isə salat və küftələrdə istifadə olunur.

Bu gün içində bulqurun da yer aldığı ləziz kroketlər hazırlayacayıq. Kroket ətli və ya tərəvəzli bir qarışığın lülə şəkli  verilib qızardılan yeməyə deyilir. Bu kroketlərin tərkibində ətdən başqa bulqur da var. Bulqur və Azərbaycan mətbəxində  istidafə olunan yarma bulqurla eynidir. Bu reseptdə bulquru yarma ilə əvəz etməyin.

Bulqurlu kroketlər olduqca ləzzətli olur. Yanında qozlu-pomidor sousuyla süfrəyə verildiyində daha da iştahaçıcı olur. Kroketləri ya sousa batırıb, ya da sousu üstlərinə töküb yeyin. Nuş Olsun!

Pomidor Souslu Bulqurlu Kroketlər
Sahrap Soysalın “Anne, Ben Acıktım” kitabından adaptə edilmişdir.

Kroketlər üçün:

2 stəkan incə bulqur (Türkcə buna köftelik bulqur deyirlər)
yarım stəkan mannı (mannı yoxdursa undan istifadə edin, amma mannı daha məsləhətlidir)
2 stəkan qaynar su (bulqur və mannını islatmaq üçün)
Yarım kilo çəkilmiş mal əti
1 stəkan xırda-xırda doğranmış qoz
1 ədəd orta baş soğan – rəndələnmiş
1 ədəd yumurta
1 xörək qaşığı tomat məti (tomat pastası) və yaxud şirin qırmızı bibər  məti (və ya ikisinin qarışığı)
1 çay qaşığı duz
Zövqə görə istiot
Zövqə görə zirə – toz halına gətirin (zəruri deyil)

1 stəkan duru yağ – qızartmaq üçün

Pomidor Sousu Üçün;

2 ədəd yetişmiş pomidor (əgər pomidor çox sulu deyilsə, onda sousa bir az tomat məti də əlavə etmək olar) – qabığını soyub əzin (püre edin)
2 xörək qaşığı zeytun yağı
2 diş sarımsaq – əzin
1 çay qaşığı quru nanə və ya reyhan
Zövqə görə düz və istiot
1 stəkan xırda doğranmış qoz

Əvvəlcə kroketləri hazırlayın. Bunun üçün bulqur və mannını bir qaba qoyun. Üstünə qaynar suyu töküb, üstünü qabla örtün. Qoyun kənarda 10-15 dəqiqə qalsın. Bu müddət ərzində bulqur suyun hamısını canına çəkəcək və yumuşalacaq.  Ət, qoz, soğan, yumurta,  bibər və ya tomat məti, duz-istiot və zirəni bulqura əlavə edib yaxşıca yoğurun, təxminən 5 dəqiqə. Alınan kütlənin 10 dəqiqəliyinə soyuducuya qoyun.

Sousu hazırlayın. Bunun üçün qozdan başqa bütün ərzaqları balaca qazana qoyub, orta odda təxminən 5 dəqiqə ərzində  bişirin. Kənara çəkib qozu əlavə edin və qarışdırın.

İndi isə kroketləri bişirin. Soyuducudakı kütlədən yumurta boyda əlinizə alib, sıxıb yumrulayın, sonra isə lülə şəkli verin. Lülələri yağda qızardın (kotlet qızartdığınız kimi). Od çox yüksək olmasın, yoxsa kroketlərin içi çiy qalar, istündəki bulqurlar isə qızarıb bərkiyər. İstəsəniz, qızarmış kroketləri kağız dəsmalın üstünə qoyub yağını süzdürün. Kroketləri pomidor sousulya süfrəyə verin.