Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Fevral 2014

Şokoladlı Çələng Keksi

Şokoladlı Çələng Keksi

Chocolate Bundt Cake

Çələng keksi halqa keks formasında bişirilir. Formanın ortası deşikli olduğuna görə, alınan keks çələngə oxşayır. Bu keks yetəcək qədər şirin lakin ənənəvi şokoladlı kekslərdən daha yüngül, eyni zamanda kifayət qədər yumuşaq və çox dadlıdır. Reseptə istədəyiniz kimi əlavələr də edə bilərsiniz. Məsələn, qozdan və ya şokoladdan xoşunuz gəlirsə, xəmirə həm qoz həm şokolad parçaları əlavə edə bilərsiniz. Resepti bəyənəcəyinizi ümid edərək sizə xoş həftə sonu keçirməyi arzu edirəm!

Chocolate Bundt Cake

Keksin xəmirini hazırladıq.

Chocolate Bundt Cake

Xəmiri  keks formasına tökürük.

Chocolate Bundt Cake

Keks hazırdır!!!!

Chocolate Bundt Cake

Keksi kəsib, nuş edin!

Chocolate Bundt Cake

Şokoladlı Çələng Keksi
Cooking Light, January 2002 jurnalı əsasında (orijinal reseptin müəllifi – Alice Medrich)

Hazırlıqlara başlamamışdan əvvəl bir neçə məqamı da qeyd edim.

1) Bir dəfə əlimin altında espresso olmadığı üçün ondan istifadə etməməyi qərar verdim. Əvəzinə keksə qoz ləpələri əlavə etdim. Başqa bir vaxt isə espressodan da istifadə etdim. Hər iki halda qoz ləpələrindən istifadə edə bilərsiniz. Mən şəxsən qoz ləpələrinin əlavə etdiyi xırtıltını çox bəyənirəm. Hər iki halda şəkərin miqdarını artırdım cünki orijinal reseptin şirnisi çatmırdı.

2)  Orijinal reseptə görə süfrəyə verərkən keksin üzərinə bir az şokolad şirəsi (sirop) da tökmək olar. Lakin mən çox vaxt şəkər kirşanından istifadə edirəm.  Yenə də seçim sizindir.

Ərzaqlar:

1 stəkan un
1  stəkan + dörtdə bir stəkan şəkər tozu
Yarım stəkan şəkərsiz kakao tozu
Yarım çay qaşığı qabartma tozu
Dörtdə  bir çay qaşığı duz
Dörtdə  bir stəkan yumuşaq kərə yağı (otaq temperaturunda yumuşalmış)
2 iri yumurtanın ağı (otaq temperaturunda)
1 iri yumurta  (otaq temperaturunda)
Yarım stəkan az yağlı süd (tam yağlı da ola bilər)
2 çay qaşığı tez həll olunan espresso tozu (əlinizin altında yoxdursa, əlavə etməyə də bilərsiniz)
Bir çay qaşığı yarım vanil ekstraktı
Üçdə bir stəkan qoz ləpələri (qozun əvəzinə şokolad dənələrindən də istifadə edə bilərsiniz)
Yağ əvəzliyici sprey və ya kərə yağı (formanı yağlamaq üçün)
Şəkər kirşanı (üzərinə səpmək üçün)

Hazırlanma qaydası:

Sobanı 180C-dək qızdırın.

Unu və ondan sonra gələn 4 ərzaqı (undan duza qədər hamısını) dərin qabda qarışdırın . Sonra yağı, yumurta ağını və yumurtanı da əlavə edin. Mikserlə 1 dəqiqə ərzində aşağı sürətlə çalın.

Daha sonra südü, espressonu və vanili əlavə edib eyni qayda ilə bir dəqiqə qarışdırın. Xəmirə qoz ləpələrini əlavə edib əvvəlcədən yağlanmış halqavari keks formasına tökün.

Sobanın orta gözündə təqribən 35-40 dəqiqə bişirin (kibriti və ya kokteyl çubuğunu keksin ortasına batırdığınızda təmiz çıxırsa, keks hazırdır). Sobadan çıxartdıqdan sonra keks formada 10 dəqiqə soyumalıdır.

Keksi formasından çıxartdıqdan sonra kənara qoyub tam soyumasını gözləyin. Süfrəyə verməkdən əvvəl keksin üstünə şəkər kirşanı səpin.