Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for May 2014

Asan (Yumurtasız) Çiyələkli Dondurma

Asan (Yumurtasız) Çiyələkli Dondurma

Strawberry Ice Cream

Buraya, Long Biçə artıq yay gəlib! Keçən həftə dəhşətli isti var idi. İsti günlərdə adamın ürəyi nə istəyir? Əlbəttə ki, dondurma! Beləliklə keçən həftənin isti günlərinin birində mən dondurma düzəltdim. Soyuducuda çox yağlı qaymaq tapdım,  istifadə olunmaq üçün yalvarırdı. Birdən məndə olan asan dondurma resepti yadıma düşdü. Asan. Yumurtasız. Çiyələklərlə dolu. Qaymaqlı. Hamısı birində. Beləliklə bir az dondurma düzəltdim. Əla alındı.  Bu da resept. Ərzaq siyahısının nə qədər qısa olduğunu görəndə şok olacaqsınız. Şokedici nəticəyə də hazır olun. Əlbəttə ki, yaxşı mənada. Nuş olsun!

Fresh Strawberries

Dondurma üçün təptəzə çiyələkdən istifad etdim. Yarısını pure halına saldım, qalanını da xırda-xırda doğradım.

Pureed Strawberries

Şəkildə çiyələklərin pure halına salınmış hissəsini görürsünüz.

Strawberry Ice Cream

Balaca əlvan çiyələk tikələri dondurmanın açıq çəhrayı rəngi ilə təzad təşkil edir. Gözəl görünür. Sizə də elə gəlir?

Asan Çiyələkli Dondurması

Təqribən 6 porsiya

Ərzaqlar:

3 stəkan təzə çiyələk (orqanik olsa daha yaxşı olar)
1 stəkan şəkər tozu
2 stəkan soyuq yağlı qaymaq
2 stəkan soyuq tam yağlı süd

Hazırlanma Qaydası:

Çiyələkləri yuyun və təmizləyin. Çiyələkdən 2 stəkan götürüb  blenderdə pure halına salın. Qalan çiyələkləri isə xırda-xrda doğrayın. (Əgər çiyələklər çox yetişibsə və yumşaqdırsa siz sadəcə olaraq onların hamısını ya çəngəllə, ya da kartof əzənlə əzib həm şirə, həm də kiçik yumşaq parçalar əldə edə bilərsiniz.)

İri dərin qabda çiyələk püresini şəkərlə qarışdırıb əllə çalın. Suyu ilə birlikdə doğranmış çiyələkləri, yağlı qaymağı və südü əlavə edin. Qarışdırın.

Qarışığı dondrmadüzəldəninizin buzxana qabına töküb istehsalçının verdiyi təlimata görə hərəkət edin.

Əgər dondurma maşınınız yoxdursa qarışığı qapaqlı möhkəm qaba töküb buzxanaya qoyun. Bir saatdan sonra buzxanadan çıxarıb bir neçə dəqiqə yumurtaçalanla, yaxud elektrik əl mikseri ilə kənarlarındakı buzu qırmaqla çalın. Qapağını örtüb yenidən buzxanaya qoyun. Bunu daha 2-3 dəfə təkrar edin və dondurmanı tamamilə donmaq üçün buzxanada saxlayın. Bu proses krem teksturalı dondurma əldə etməyə imkan verəcək.

Şərh yazmağı unutmayın!