Subscribe
Dadlı yemək reseptləri bloqu

Badımcan Kürüsü (Badımcan İkrası)

Badımcan İkrası (Kürüsü) | AZCookbook.com

Badımcan sevənlər üçün yeni resept! Bu gün sizə Badımcan Kürüsü (Badımcan İkrası) kimi tanınan bir qəlyanaltını təqdim edəcəm. Fikrimcə bu, badımcandan hazırlanan ən ləzzətli yeməklərdəndir. Manqalın üstündə közlənmiş badımcan, ona əlavə olunan pomidor, bibərin qarışımından hazırlanan kürü çörək diliminin üstünə çəkilib yeyiləndə bir başqa təamı olur.

“Bu yeməyə nəyə görə kürü deyirlər? Axı əsl kürü osetrin balığında olur!,” deyə bilərsiniz. Tamamilə doğrudur. Amma əsl kürünün qiyməti baha olduğuna və hamının onu almağa imkanı olmadığına görə, tarixdə bir zaman əsl kürünün “kasıb kürüsü” kimi tanınan əvəzi icad olmuşdu ki, bu da bildiyimiz badımcan kürüsüdür. Həm də ki, kürü adı ona görə də ola bilər ki, badımcanın toxumları bir az balıq kürüsünü xatırladır. Bu yeməyin etimoloqiyasındakı “kürü” sözü də bəlkə də elə bununla bağlıdır.

Badımcan İkrası (Kürüsü) | AZCookbook.com

Bu resepti ilk dəfə olaraq müəllifi olduğum Pomegranates & Saffron: A Culinary Journey to Azerbaijan adlı kitabda paylaşmışam, indi isə dedim bloqumu izləyənlərə məndən hədiyyə olsun.

Badımcan kürüsünü çox miqdarda hazırlayıb, bankalara yığıb qışa da saxlamaq olar. Sonra isə aç bankanı, yax kürünü çörəyə və nuş et.

BADIMCAN KÜRÜSÜ (BADIMCAN İKRASI)

Badımcan kürüsü öz ləziz dadını közlənmiş badımcan və bibərdən, sulu pomidorlardan və hər şeyə dad qatan soğandan alır, və bu bərabərlik ipək kimi qarışıma çevrilir. Açıq ocaq üzərində bişməsi badımcana və bibərlərə kürünün autentik dadı üçün vacib olan his ətrini verir. Közləmə prosesini sobada da edə bilərsiniz, amma eyni dadı əldə etməyəcəksiniz.

Təxminən 3 stəkan badımcan ikrası üçün

Ərzaqlar

  • 8 orta böyüklükdə badımcan
  • 1 yaşıl şirin bibər və ya bolqar bibəri
  • ½ stəkan zeytun yağı
  • 1 orta böyüklükdə soğan, xırda-xırda doğranmış (1 stəkan)
  • 2 orta böyüklükdə pomidor, soyulmuş və doğranmış (1 stəkan)
  • Duz və istiot
  • 2 çay qaşığı üzüm sirkəsi

Hazırlanması

  1. Badımcanları və bibəri yuyun və qurudun. Onları açıq qazın üzərində və ya isti kömürlü manqal üzərində yaxşı közləyin. Qabıqları tamamilə qovrulmuş olmalıdır. Soyuduqdan sonra qabıqlarını soyun.
  2. Bibərin toxumlarını çıxarın və həm badımcan, həm də bibəri xırda-xırda doğrayın. Kənara qoyun.
  3. Orta ölçülü tavaya yağ əlavə edin, soğanı tez-tez qarışdıraraq tam qəhvəyiləşənə qədər gözləmədən, təxminən 7-10 dəqiqə qızardın.
  4. Üzərinə pomidorları əlavə edin, suyunu tamam çəkənədək bişirin.
  5. Badımcan və bibəri pomidorların üzərinə əlavə edib, vam xodda arada qarışdıraraq suyu çəkilib və tamam həmcins qarışım əldə edənədək, təxminən 40 dəqiqə bişirin.
  6. Odun üzərindən götürməmişdən 5 dəqiqə əvvəl sirkəni əlavə edin və qarışdırın.
  7. Kənara çəkin və soyumağa qoyun.
  8. Qabın və ya bankanın içinə doldurun. Ən az 3 saat və ya gecə boyu soyuducuda saxlayın.

Bir cavab yazın


3 Comments
  1. Məncə xırda-xırda doğranmış sarımsaq əlavə olunsa SUPER olardı

  2. Salam. Bunu bu şəkildə hazırlayıb qışa saxlamaq olar?

Bir cavab yazın