Best in the World!
Dadlı yemək reseptləri bloqu

Balqabaq-Plov

“Blogundakı bu qurabiyə şəklini nə vaxt dəyişəcəksən?” – deyə dostlarımdan biri gülərüzlə məni məzəmmət etdi. O haqlı idi. Uzun müddət idi ki, yazmırdım. Amma fikrim həqiqətən də həmişə burda olub. Lütfən, yoxluğuma və hərdənbir yaratdığım bu süküta səbr edin. Mən blogu tərk etmirəm – burdayam! Sadəcə şikayət etmək istəmədiyim saysız-hesabsız səbəblərə görə işim bir qədər ləngiyir. Hər şey qaydasındadır, həyat gözəl və rəngarəngdir.

Rəngarənglikdən söz düşmüşkən. Düyü plovu da rəngarəng ola bilər. Düyü, dördkünc doğranmış balqabaq və xırda qəhvəyi lobyadan hazırlanmış resept buna sübutdur. Plova həmçinin “Balqabaqlı aş” da deyilir. Düyü və balqabaqdan Azərbaycanın müxtəlif bölgələrində bir neçə variantda plov hazırlanır. Bəziləri düyüyə təkcə balqabaq qatır, bəziləri əlavə ərzaqlar, məsələn, quru paxlaya, bir başqaları da daha gözəl tamlı olması üçün ətə üstünlük verir. Bəzən bu növ plov quru balıqla da süfrəyə verilir. Bu xüsusi resept isə Balakən və Zaqatala rayonlarına aiddir. Plovun hazırlanmasını bölgə yeməklərinin ən gözəl aşbazı olan xalamdan öyrənmişəm.

Yüngülcə şəkər tozu səpilmiş doğranmış balqabağın üzərinə Balakən və Zaqatala zonasında adət olaraq şüyüd toxumu səpilir. Şüyüd toxumları balqabağa xüsusi ətir və tam verir. Ət ayrıca bişirilir və yeməyə verilməzdən öncə bişmiş düyü ilə qarışdırılır, yaxud da düyünün yanında ayrıca qabda verilir. Bu plovu ətlə hazırlamağın digər üsulu üçün quzu ətinin yumşaq hissəsi qazanın dibinə yarıyadək yerləşdirilir, yarı hissəsinə isə doğranmış balqabaqlar, onun da üzərinə düyü əlavə olunur və dəmə qoyulur. Bu yeməyi çox xoşlayıram. Qeyd edim ki, bu plova zəfəran vurulmur. Plova bol-bol yağ vurmaq da olar. Mənsə az miqdarda qatıram.

Balqabaq-Plov (Balqabaqlı Aş; Qabaq Aşı)

Əgər siz vegetariansızsa o zaman plovu ətsiz hazırlayın.

4-5 pay üçün

Ərzaqlar:

1 fincan xırda, qəhvəyi yaxud qırmızı lobya (gecədən islağa qoymaq da olar)
5 fincan dördkünc doğranmış balqabaq
1 xörək qaşığı şəkər tozu
1 çay qaşığı duz
1/2 çay qaşığı şüyüd toxumu
3 fincan uzun düyü – təmiz yuyulur, qurudulur, 1 xörək qaşığı duz qatılmış azacıq isti suda yarım saat islağa qoyulur
Təxminən 8 xörək qaşığı yağ

Ət üçün

Sümüksüz, doğranmış qoyun yaxud mal əti xırda tikələrə bölünür.
2 xörək qaşığı kərə yaxud bitki yağı
2 baş orta ölçülü soğan – xırda doğranmış halda 2 fincan

Hazırlanma Qaydası

Lobyalar qurudulur, orta ölçülü qazana tökülür, üzərinə su əlavə olunur. Qaynamağa qoyulur, suyu çəkildikcə yenidən əlavə olunur. Lobyalar yumşalana qədər qaynadılır. Sonra suyu süzülür və kənara qoyulur.

Ət tikələri orta ölçülü tavaya tökülür. Üzərinə 2 xörək qaşığı duru və ya kərə yağı əlavə olunur. Orta dərəcəli odda, tez-tez qarışdırılaraq ətin suyu çəkilənə və yağ qalanadək bişirilir. Sonra üzərinə doğranmış soğan əlavə olunur, tez-tez qarışdırılaraq, təxminən 10 dəqiqə, yumşalanadək bişirilir. 1 fincan su əlavə olunur. Tavanın qapağı örtülür, ət yumşalana, suyu çəkilənədək orta dərəcəli odda qaynadılır. Sonra ocağın üzərindən götürülür və kənara qoyulur.

Bu arada, doğranmış balqabaqları, şəkər, duz və şüyüd toxumları bir qaba töküb qarışdırılır. Təxminən 15 dəqiqə, balqabaq şirəsini buraxanadək gözlənilir. Sonra şirə süzülür. (Ola bilər ki balqabağın heç şirəsi olmasın)

Böyük qazana 12 fincan su tökülür. 2 çay qaşığı duz əlavə olunur və qaynamağa qoyulur. Qaynara düşəndə düyü əlavə olunur, 5-10 dəqiqə qaynadılır, yapışmasın deyə ehmalca arabir qarışdırılır. Yarıbişmiş hala gəlincəyədək bişirilir. Sonra düyünün üzərinə dərhal əvvəlcədən bişmiş lobya əlavə olunur, qarışdırılır və birlikdə aşsüzəndən suyu süzülür.

4 xörək qaşığı yağ həmin qazanın dibində qızdırılır. Balqabaqlar əlavə olunur və orta dərəcəli odda, təxminən 3 dəqiqə qarışdırılaraq bişirilir.

Bir qat balqabaq yerləşdirilir, üzərinə kəfgirlə düyü-lobya qarışığı yayılır. Düyü təpə formasında qalanır, qazanın üzərinə dəsmal yerləşdirilir, qapaqla örülür. Vam odda, təxminən 15 dəqiqə dəmə qoyulur. Qapaq götürülür, qalan 4 xörək qaşığı yağ düyünü üzərinə tökülür, yenidə üzəri dəsmal və qapaqla örtülüb 45 dəqiqə bişirilir.

Düyü plovunu başqa cürə də servis etmək olar. 1) Doğranmış balqabaq və ət düyü ilə birgə boşqabın içinə (bulud) tökülür. Plov təpəcik şəklində qalanır. 2) Düyü boşqabın içinə tökülür, təpəcik şəklində qalanır. Ayrıca qabda bişmiş balqabaq və zövqə görə ət də süfrəyə verilir.

Bir cavab yazın

15 Şərh
  1. Uzaqligimda hec xosum gelmeezdi bu pliovdan. Ama indi bu gurbet ellerde hansi cesit azerbaycan plov olsa yeyerem.
    Elinize saglik olsun..
    Cok gozel gorunur

  2. Cox gozel!Men de bu plovdan tez tez hazirlayiram!Ellerinize sagliq!

  3. Cox gozeldir men evde bishirirem bunu texminen eynidir, yenede cox sagolun Allah razi olsun

  4. biz bu plovu,lobyasiz,quru ve ya duza qoyulmus baliqla bisiririk.biz Lenkerandaniq,bizim zonada bele hazirlanir

  5. Ellerinize saglik(tûrkler demişken).Cox sevdiyim plov ceşidlerinden biridir.Men de duzlu baliqla xoşlayiram.

  6. men bu plovdan yememisem amma bisirecem tesekkur

  7. salam necesiz???cox isteyerdim macaronun hazirlanmasini paylasardiniz.nece hazirlamagini sekillerele.yeni iliniz mubarek

  8. plovu cox sevirem balqabaqla nece olur ?

  9. məndə tez tez hazırlayıram

  10. bunun balqabagini biz yag soganla qarisdiririq. bir de bizde, yeni Balakende balqabaqdan yox, boz yumru qabaqdan istifade olunur.

  11. Balgabag pilov duzlu guru balignan cok gøzel gedir

  12. Salam,Fəridə x.m. Əl qabiliyyətinizi çox bəyənirəm və evdə Sizin reseptlərdən düzəldirəm. Bİr dənə ricam olacaq balıqlı aşın reseptini bilirsinizsə,burada görmək istəyərdim. 🙂

  13. Salam,menim balqabaqdan hec xowum gelmir,sadece balqabagin faydalarini oxudum,ona gore de istedimki plov kimi biwirib yeyim,size de tewekkur edirem

  14. Bu plova qoz elave olunur,cox xahiw yazardiz

  15. slm ilk defedi size yaziram.yevlaxdanam.ama biz boranili plovu basqa cur edirik.cox gozel dadli olur.isteseniz hazirlaya bilersiniz.kilo yarim borani temizlenir.dogranilir.qazana tokulub suyu cekilenedek bisirilir.suyu cekildikce seker tozu kim ne qeder istese.mes men 5 6qasiq atiram.dosab bildiyimiz 2 3xorek qasigi tokulur.yag 50q tokulur.qoz xirda dogranmis.texmini 1balaca kasa.bisirilir hamisi 1yerde.borani temiz ezilmelidi.duyu 1kq.adi plov kimi demlenir.qazmaq hazirlanir.qazmagin ustunden bismis borani qarisigi qoyulur.ustden qalan duyu.aralarina sarikoko de atilir rengine gore.deme qoyulur.2saat vam odda bisirilir

Bir cavab yazın