Best in the World!
Dadlı yemək reseptləri bloqu

İkinci Yeməklər

Göyərti Küküsü


Bu kükünü Bakının Karvansaray Restoranında çəkmişəm.

Yaz-yayın ən ləzzətli yeməklərindən – göyərti küküsü. Azərbaycanın müxtəlif bölgələrində kükünü başqa cür bişirirlər, daha doğrusu, kükünün içinə qatılan göyərtilər bölgəyə görə müxtəlif olur. Burada gördüyünüz klassik kükü reseptidir. Əgər təzə sarımsaq mövsümüdürsə, küküyə xüsusi ləzzət qatmaq üçün ona sarımsağın yaşıl yarpaqlarından əlavə etmək olar. Bəzən küküyə ispanaq da vurulur. Nanə da ola bilər.

Göyərti Küküsü

4 pay üçün

Ərzaqlar:

2 stəkan xırda doğranmış keşniş
1 stəkan xırda doğranmış şüyüd
½ stəkan xırda doğranmış təzə soğan
5 ədəd yumurta
Bir çimdik duz, istiot
Dörtdə bir stəkan kərə yağı
Süfrəyə vermək üçün sarımsaq-qatıq

Hazırlanma Qaydası:

Göyərti, yumurta, duz-istiotu bir qabda qarışdırın.

Eni 25 sm olan dibi yapışmaz tavada yağı əridin. Qarışığı tavaya töküb yayın. Altı qızaranadək, 5-8 dəqiqə bişirin. Bıçaqla 4 (və ya istəyə görə 8 üçbucağa kəsin). Bunları çevirib o tərəfini qızardın. Gərəkirsə tavaya bir az da yağ əlavə edin.

Çörək və sarımsaq-qatıqla süfrəyə verin.