Subscribe
Dadlı yemək reseptləri bloqu

Çuğundur və Almalı Bulqur Salatı

Çuğundur və Almalı Bulqur Salatı | AZCookbook.com

Bir müddət bundan əvvəl ailəvi dostumuz olan Yasemin xanımın evində qonaq idik. Süfrəni türk mətbəxinin ləziz yeməkləri, məzələri və salatları doldurmuşdu. Hər şey bir kənara, amma bir salat var idi ki, onun dadına doymaq olmurdu ki, olmurdu. Bu, çuğundur və almalı bulqur salatı idi. Çox qeyri-adi təamı var idi salatın.

Yasemin xanımın reseptinə əsaslanaraq, o salatı evdə dəfələrlə hazırladım. Həm sağlıqlı qida, həm də ki, ləzzətli və rəngli salatdır. Bu salatda çuğundur çiy-çiy sürtgəcdən keçirilib bişmiş bulqurla qarışdırılaraq, salata həm dad, həm də ki, rəng qatır, alma isə xoş turşməzəlik verir.  Sınayın və nuş edin.

Çuğundur və Almalı Bulqur Salatı | AZCookbook.com

Salatda bolluca göyərti də var.

Çuğundur və Almalı Bulqur Salatı | AZCookbook.com

Bulqur əvvəlcə suda yumşaldılır, sonra isə digər ərzaqlarla qarışdırılır.

Çuğundur və Almalı Bulqur Salatı | AZCookbook.com

Ərzaqlar bir-birini tamamlamalıdır, çuğundurun al qırmızı rəngi ilə boyanmalıdırlar. Çuğundur və Almalı Bulqur Salatı | AZCookbook.com

Ləzzətinə doyulmayan salat hazırdır!

 

ÇUĞUNDUR VƏ ALMALI BULQUR SALATI

4 porsiya üçün

Ərzaqlar

  • 1/2 stəkan incə bulqur
  • 1 stəkan qaynar su
  • 1 böyük və ya 2 kiçik çuğundur
  • 1 böyük yaşıl alma
  • 1/4 stəkan doğranmış şüyüd
  • 1/4 stəkan doğranmış cəfəri
  • 2 ədəd yaşıl soğan, doğranmış
  • 1/4 stəkan iri doğranmış qoz
  • 1/4 stəkan zeytun yağı
  • 1 ədəd limonun təzə sıxılmış suyu
  • 1 xörək qaşığı narşərab
  • Duz və istiot
  • Salatı bəzəmək üçün bir neçə zoğ cəfəri

Hazırlanması

  1. Bulquru orta ölçülü kasaya tökün. Qaynar suyu əlavə edib qaşıqla qarışdırın. Ağzını örtüb bulqur yumşaq olana kimi və suyu tamamilə içinə çəkənə kimi 10 dəqiqə müddətində kənara qoyun. Çəngəllə bulquru qarışdırın. Soyuyana qədər kənara qoyun.
  2. Çuğundurları yuyun, soyun. Sürtgəcin iri gözündən keçirib bulqurun üzərinə əlavə edin.
  3. Yaşıl almanı yuyun, sürtgəcin xırda gözü ilə rəndələyin (qabığını soymayın). Bulqurun üzərinə əlavə edin.
  4. Göyərtiləri və qozu kasaya əlavə edin, qaşığın köməkliyi ilə ehtiyyatla qarışdırın.
  5. Zeytun yağı, limon suyu, narşərab və zövqə görə duz-istiotu da əlavə edin. Qaşıqla qarışdırın.
  6. Kasanın üstünü örtün. Salatı 30 dəqiqəlik müddətə soyuducuya qoyun.
  7. Salatı servis qabına yerləşdirin. Üzərini təzə cəfəri və ya şüyüd ilə bəzəyin və süfrəyə verin.

***
Resept Yasemin’s Kitchen bloqundan adaptasiya olunmuşdur.

 

Bir cavab yazın


2 Comments
  1. salam Feride xanim
    bulguru bishirmek lazim deyil?

    • Reseptdə qeyd olunduğu kimi, bulqur qaynar suda isladılır. Beləcə o yumşalır. Bişirməyə gərək yoxdur. İncə bulqurdan istifadə edin.

Bir cavab yazın