Subscribe
Dadlı yemək reseptləri bloqu

Keçi Pendirli Qurabiyələr

Keçi Pendirli Qurabiyələr | AZCookbook.com

Keçən ilin dekabr ayında, Melissa’s Produce şirkətində məşhur yemək yazarı və şirniyyat ustası Dorie Greenspan-nın  yeni, Dorie’s Cookies (Dorinin Qurabiyələri) adlı kitabının təqdimatında iştirak etmişdim. Tədbirdə eyni zamanda kitabdakı reseptlərdən hazırlanan bir neçə şirin və duzlu qurabiyə hazırlanmışdı. Tədbirə gələn qonaqların çoxunun əli şirin qurabiyələrə uzandığı halda, mənim gözüm daha çox duzlu qurabiyələrdə idi, çünki adətən duzlunu şirindən üstün tuturam. 

Dori (ingliscə Dorie) Greenspan resept yazmaq üslubuyla Amerikada çox tanınır. Onun kitablarındakı reseptlər heç vaxt heç bir sual doğurmur, çünki olduqca detallı və aydın izah olunurlar. Yemək yazarlığına başladığım illərdə virtual izlədiyim Dorini həyatda görmək çox xoş idi. O, şirniyyat və kitab yazma mövzularında savadlı ekspert olsa da,  qazandığı  medal və naliyyətlərin sayı-hesabı olmasa da, qarşımda bir o qədər də təvazökar insan gördüm. Tədbirdən olduqca həzz aldım.

Tədbir qurtarandan sonra evdə Dorinin yeni kitabıbdan onlarla resept seçdim ki, bir gün mütləq sınaqdan keçirim.

Keçi Pendirli Qurabiyələr | AZCookbook.com

İlk seçimim keçi pendirli duzlu qurabiyələrdə idi. Çünki keçi pendirini çox xoşlayıram. Burada satılan keçi pendiri çox bərk və ovulan deyil, əksinə yumşaq olur və dadı da çox sərt olmur. Fikirləşdim ki, bu pendir  növü duzlu qurabiyəyə çox yaraşar. Yanılmadım. Qurabiyələr o qədər ləzzətli alındı ki! Ev əhli də bəyəndi. Ən çox isə bişirən yedi, çünki bu ləzzətin qabağında özünü saxlaya bilmirdi ki, bilmirdi. Şşş, heç kimə deməyin.

Keçi Pendirli Qurabiyələr | AZCookbook.com

Keçək reseptə. Dori xəmiri lavaş kimi yaydıqdan sonra, yumru qurabiyə formaları vasitəsilə dairəvi şəkildə kəsməyi məsləhət görür. Mən isə fikirləşdim ki, yumru qurabiyələri başqa cür də kəsmək olar – həm də daha rahat üsulla. Xəmirə rulet kimi uzun forma verilir, sonra isə rulet dilimlənir. Nəticədə mükəmməl yumru qurabiyələr alınır. Həm də ki, digər metoddakı kimi artıq xəmir də qalmır.

Kiçik dairələrlə yanaşı, xəmiri yayıb balaca ürək formasında da kəsdim. Hədiyyə vermək üçün əla seçimdir məncə. Balaca, ləzzətli ürəklər. Hamınıza nus olsun!

Keçi Pendirli Qurabiyələr | AZCookbook.com

Xəmirin tərkibibdə çox incə, kövrək kəvər (burada chive adlanır) var. O olmadıqda, yaşıl soğandan da istifadə etmək olar.

Keçi Pendirli Qurabiyələr | AZCookbook.com

Balaca ürəklər bişməyə hazırdır!

Keçi Pendirli Qurabiyələr | AZCookbook.com

Dairəvi qurabiyələri bax belə əldə etdim.

Keçi Pendirli Qurabiyələr | AZCookbook.com

Ürəklər bişdi!

Keçi Pendirli Qurabiyələr | AZCookbook.com

Bəyəndiniz? Elə isə haydı mətbəxə!

 

KEÇİ PENDİRLİ QURABİYƏLƏR

Bu qurabiyələr kokteyl və digər xırda yığıncaqlar üçün mükəmməldir. Qapalı şəkildə 3 gün müddətində yumuşaq şəkildə saxlanıla bilər. Hazır xəmirin özü isə soyuducunun buzxanasında yayılmış və ya bütöv şəkildə 2 ay boyunca qala bilər. Sonra istədiyiniz vaxt dolabdan dərhal sobaya (xəmiri əritmədən, buzlu-buzlu) və qurabiyələriniz hazırdır.

Təxminən 35 ədəd balaca qurabiyə üçün

Ərzaqlar

  • 113 qram şit kərə yağı, otaq hərarətində və xırda hissələrə bölünmüş
  • 85 qram təzə yumuşaq keçi pendiri
  • Yarım çay qaşığı duz
  • Yarım çay qaşığı istiot
  • 2 xörək qaşığı xırda doğranmış zərif təzə kəvər (əgər olmazsa göy soğanla da əvəz etmək olar)
  • 1 böyük yumurta, otaq hərarətində
  • 1 çay qaşığı bal
  • 1  1/4 fincan (170 qram) ələnmiş un

Hazırlanması

  1. Xəmir: Mikserlə geniş bir qabda yumşalmış yağ, pendir, duz, isitiot, xırda doğranmış kəvəri orta sürətlə 2 dəqiqə ərzində çırpın.
  2. Yumurta və balı əlavə edib  2 dəqiqə daha çırpın. Mikseri söndürüb unu əlavə edin və daha aşağı sürətlə xəmir alınanadək qarışdırın. Son mərhələdə əlinizdən də istifadə edə bilərsiniz. Hazır xəmiri aşağıdakı üsullardan istifadə etməklə disk və ya qalın sosis şəklinə salın.
    Üsul 1: Xəmiri işlək masanızın üzərində bir yerə yığıb ona yumru disk şəklini verin. Həmin diski perqament kağızının arasında 6 millimetr qalınılığında yayın. Yaydıqdan sonra 1 saat müddətində soyuducunun buzxanasında saxlayin.
    Üsul 2: Bu qaydada isə xəmiri əlinizlə 2 eyni hissəyə bölüb, onlara sosis formasını verin və perqament kağızına büküb, yenə də soyuducunun buzxanasında 1 saat saxlayın.
  3. Sobanı əvvəlcədən 180ºCdək qızdırın. Bişirmə listinizi perqamentlə döşəyin. Soyuducudan yaydığınız xəmiri çıxardın. Üzərindəki perqamenti kənarlaşdırıb təxminən 3 sm diametri olan istənilən forma ilə xəmirdən ürək, ay, gül və digər şəkillər kəsin. Əgər işləyərkən xəmir çox yumuşaqdırsa, kəsilmiş formaları yenə də soyuducuya yerləşdirin. Kənarlardakı qırıqları yenə də xəmir şəklinə gətirib soyuducuya qoyun, daha sonra qurabiyə şəklinə gətirin. Sosis şəklindəki xəmirdən isə 6 millimetr qalınılığında intervalla iti bıçaqla dairələr kəsin. Aralarında 1 sm məsafə olmaq şərtiylə kəsdiyiniz qurabiyələri listə düzün.
  4. Qurabiyələr 15-18 dəqiqə ərzində alt tərərfləri açıq qəhvəyi rəng alanadək bişməlidirlər. Hazır olan zaman üzərlərində və kənarlarında xırda yağ qabarcıqlarının əmələ gəldiyni görəcəksiniz ki, bunlar da qurabiyələr soyuyan zaman sönəcək. Sobadan cıxan qurabiyələri süfrəyə verməzdən öncə  soyudun. Qurabiyələri qapalı şəkildə 3 gün müddətində yumuşaq şəkildə saxlaya bilərsiniz.

***
Resept Dorie Greenspan-nin Dorie’s Cookies kitabıbdan adaptasiya olunmuşdur.

Bir cavab yazın