Best in the World!
Dadlı yemək reseptləri bloqu

Mərcanılı-Şokoladlı Şirin Bulkalar

Mərcanılı-Şokoladlı Şirin Bulkalar

Mən ərzaq bazarlığına iki müxtəlif siyahı ilə gedən adamlardanam. Biri alınacaq şeylərin fiziki siyahısı olur, digəri isə başımızda spontan yaranan mental siyahıdır. Birdən elə bir şey görürsünüz ki, o sizə lazım deyil, amma almaqdan özünüzü saxlaya bilmirsiniz və düşünürsünüz ki, o tezliklə gərəyiniz ola bilər. Mənim üçün əksər hallarda həmin o “tezliklə” çox gec gəlir, artıq o vaxt gəlir ki, alınmış ərzaq sözün həqiqi mənasında mənə qışqırır: “Daha işlət qurtar da məni!”

Cranberry-Chocolate Sweet Buns

Xeyli vaxt bundan əvvəl aldığım məcranı (ingiliscə “cranberry”, rusca “клюква”) giləmeyvəsi həmin o ikinci siyahıya aid idi. Onlar xarab olmaq ərəfəsində idi, amma qəhrəmancasına müqavimət göstərirdilər. Onları istifadə etməli idim. Mən onlardan sobada nəsə bişirmək istəyirdim və düşündüm ki, onları şokoladla kombinə etsəm yaxşı bir şey alınacaq. İndi Amerikada mərcanı mövsümünün qızğın vaxtıdır, şokolad isə həmişə, hər mövsümdə əlimizin altındadır. Beləliklə qərara gəldim ki, əlimdə imkan varkən ikisini bir yerdə istifadə edim.

cranberry chocolate sweet buns_02_web

Seçimimi mərcanılı-şokoladlı bulkaların üstündə saxladım. Bu resepti xeyli vaxt əvvəl gözaltılamışdım. Sınaqdan keçirdim və çox bəyəndim. Bulkalar çox gözəl alındı. Bulkadan bir dişlək alırsınız, şirəli mərcanı giləmeyvəsi ağzınızda partlayır və ərimiş şokolad damcıları ilə qarışır. O qədər gözlənilməz, o qədər gözəldir ki! Mən bu bulkaları dönə-dönə yenə bişirəcəyəm.

cranberry chocolate sweet buns_03_web

Mərcanılıokoladlı Şirin Bulkalar
Home Baking by Jeffrey Alford and Naomi Duguidkitabından götürülmüş reseptin dəyişdirilmiş versiyası

16 ədəd bulka üçün

Qeyd: Bilirəm ki, mərcanı Azərbaycanda bir o qədər yayqın deyil və bazar və supermarketlərdə çətin ki, satılar. Təzəsi yerinə qurudulmuş meyvədən də istifadə edə bilərsiniz. Eşitdiyimə görə, quru mərcanı Bakıda Qurd Qapısının yanında Avropa ərzaqları satan bir dükanda və bəlkə Kontinentalda var. Siz yenə də yoxlayın. Heç biri yoxdursa, onda quru vişnə və ya hər hansı turşməzə təzə ya quru meyvədən istifadə edə bilərsiniz. 

Ərzaqlar

Xəmir:
2 stəkan süd, ilıq olana qədər qızdırılmış
2 çay qaşığı aktiv quru maya
5 stəkan un
2 xörək qaşığı duzsuz kərə yağı, əridilmiş və soyudulmuş
2 xörək qaşığı şəkər tozu
1 iri yumurta, yüngülcə çalınmış
1/4 çay qaşığı duz
3/4 stəkan yarışirin şokolad damlaları, soyuducuda soyudulmuş
1/2 stəkan yaxşıca soyudulmuş təzə mərcanı giləmeyvəsi (Qeydə bax)

Üstü üçün:
1 yumurta, 2 xörək qaşığı ilıq su ilə yüngülcə çalınmış; parıltı üçün
Təqribən 3 xörək qəhvəyi  şəkər (adi şəkər tozu ilə, yaxud inci şəkərlə əvəz oluna bilər), üzərinə səpmək üçün

Hazırlanması

İki 23 x 13 sm ölçülü kərpic çörək formasını, yaxud iki 20 sm diametrli dəyirmi tort qabını kərə yağı ilə yüngülcə yağlayın. Kənara qoyun.

Südü orta ölçülü bir dərin qaba (cəmə) qoyub mayanı onun içinə qarışdırın. Bir neçə dəqiqəliyinə dincəlməyə qoyduqdan sonra unun 1 stəkanını əlavə edib qarışdırın. Kərə yağı, şəkər, yumurta və duz əlavə edib eynicinsli kütlə alınana qədər qarışdırın. Qalan 4 stəkan unu da əlavə edib tam eynicinsli xəmir əldə edin. Şokolad damlalarını və mərcanıları əlavə edin. Xəmiri bir az unlanmış səthin üstünə qoyun, ehtiyatla yoğurun. Bunu xəmiri öz üzərinə qatlaya-qatlaya edin və çox bərk basmayın, çünki mərcanıların partlamasını istəmirsiniz, amma əgər partlayarsa eybi yoxdur. 4 dəqiqə ərzində yoğuraraq tamamilə hamar, amma bir azca ələ yapışan bir xəmir əldə etmiş olursunuz.

Xəmiri təmiz bir dərin qabın içinə qoyun, üzərini dəsmalla örtün və təxminən saat yarımlığına, xəmir iki dəfə artana qədər gəlməyə qoyun.

Xəmiri bir az unlanmış səthin üzərinə qoyub əvvəlcə iki yerə, sonra hər hissəni 8 yerə bölün. Bu hissələrdən birini əlinizin altında yumrulayaraq bərk top halına salın. Xəmirin digər hissələrindən də belə toplar düzəldin. Əlinizdəki formalar düzbucaqlıdırsa 8 topu cüt-cüt listə yerləşdirin. Əgər listiniz dəyirmi tort qabıdırsa o zaman topları kənarlardan başlayıb içəriyə doğru yerləşdirərək hər tort qabına 8 bulka qoyun. Üzərini dəsmal, yaxud plastic örtüklə örtüb 30 dəqiqəliyinə gəlməyə qoyun.

Soba rəfini sobanın ortasına yerləşdirin. Sobanı 200ºC-yə qədər qızdırın.

Bişməyə qoymazdan əvvəl hər bir batonun üzərinə fırça ilə yumurta qarışığı çəkin. Üzərinə şəkər səpib sobada 30 dəqiqə, yəni şişənə və qızılı qonur rəng alana qədər bişirin. Bişən kimi dərhal qablardan çıxarın; rəfin üzərində soyumağa qoyun. Bu bulkalar ilıq hala gələndə, yaxud otaq temperaturuna qədər soyuyanda çox ləzzətli olur. Bulkaları qoparıb ləzzətlə yeyin.

cranberry chocolate sweet buns_05_web

Bir cavab yazın

9 Şərh
  1. MaşAllah Feride xanim ellerinizle Saqliq, cox gozel görünürler, cox qeqengdiler , mende biwirecem, yeqin ki bele sizinki kimi qeweng alinacaq

  2. Salam!Bulkular super gorunur.Bele formada maqazinlerde bulkur satilir,amma sade formasi gilemeyvesiz.Men 5 ildiki Rusiyada yasayiram,duzun desem hec rastima cixmayib bu meyve.Amma mutleq maraqlanacagam.Olsa eger bu bulkalari inwAllah bisirecem.Cox sag olun ,Feride xanim

  3. Xeyirli sabahlar Feride xanım necesiniz. Men Azerbaycandan yazıram . indi burda seherdi saatların ferqli oldugu ucun yeqin ki kaliforniya da axwamdi. Bu saytla taniwligim pizza reseptini axtararkən oldu . Çox sevinirəm ki qiyabi de olsa sizi tanimiwam. Reseptleriniz çox gözel ve en esasi deqiqdir. Sizin tariflerle biwirdiklerim çox dadlı olur. Bu bulkalar da çox gözel alindi . Ellerinize saglig. Ve size zebra barede bir sualım olacaq. Zebranin terkibine soda evezine qabartma tozu vurmaq olarmi? Bildiyim qeder onların ikisinin de terkibi eynidi ama qabartma tozunun iyi yoxdu. Uzaqlıqda anam da bu tortdan çox biwirerdi sodanı sirkede kopdurerdi ki iyi gelmesin. Elbetde vanil de sodanın iyini goturur. Ama men nedense qabartma tozunu iwletmeye daha çox ustunluk verirem ona gore de bilmek isteyirem eger soda evezine qabartma tozu iwletsem zebra tortunda hemen effekti verer yoxsa yaxwi alınmaz. Cox yazdım Feride xanım uzr isteyirem InwaAllah ki narahat etmiw olmaram.evvelceden çox tewekkur edirem.

    • Qabartma tozu olar. Miqdarını ikiqat artırın.

      • Tewekkur edirem Feride xanım. Eger mumkunse ev weraitinde qatilawmiw sudun nece hazırlanmasını diyerdiz.

  4. Salamlar Feride xanim xoş gorduk sizi uzun suren aradan sonra yeniden yaniniza qyitdim cunki meslehetlerinize en esasda ki ferqli ve bir-birinden dadlı reseplerinize cox ehtiyacim var.Sizi izleyenler sırsına meni de daxil etseniz cox sad olaram.Zehmetkeş ellerininzden opurem.

    • Xoş sözlərə görə çox sağ olun. Həmişə gəlin. Yeni reseptlər olur.

  5. Əllərinizə sağlıq. Gözəl reseptlər paylaşır və dəyərli məsləhətlər verirsiniz. 🙂

Bir cavab yazın