Subscribe
Dadlı yemək reseptləri bloqu

Nar Qovurması

Bu yeməyin vətəni Göyçaydır. İndi ki narın və şabalıdın mövsümüdür, bu yeməyi bişirmənin əsl vaxtıdır. Düzü buradakı narlar Göyçay narı qədər ləzzətli olmasa da, onlardan hazırladığım nar qovurması pis alınmır. Siz də bişirin nuş edin. Bloqlarımız vasitəsiə tanış olduğum Mehinə bu reseptə görə təşəkkürümü bildirirəm.


Nar Qovurması

4 pay üçün

1 kilo sümüklü və ya sümüksüz qoyun əti – orta tikələrə doğranmış
təxminən 6 x. q. yağ
1 ədəd iri baş soğan – uzunlamasına yarı bölün sonra nazik-nazik doğrayın (aşın qarasında olduğu kimi)
4 stəkan təmizlənmiş şabalıd
duz
istiot
bir çimdik zəfəran tozu
2 x. qaşığı qaynar su
2 stəkan turşməzə nar dənəsi (Gülöyşə narı yaxşı olardı)

Əti bir qazana qoyub, qazanı suyla doldurun. Əti qaynadın və içinin qırmızısı gedənədək suda bişirin. Bu müddət ərzində kəfini yığın. Ətin suyunu süzüb bir kanara qoyun. Əti ayrı qaba qoyun.

Tavada (kənarları bir az hündür olsun) yağı qızdırıb soğanı bir az saralanadək qızardın. Əti soğana əlavə edib, tez tez qarışdıra-qarışdıra bərabər qızardın (təxminən 20 dəqiqə).

Təmizlənmiş şabalıdı ətə əlavə edin. Zərəfan tozunu 2 qaşıq suda dəmləyin, sonra isə bu dəmi ətə əlavə edin. Kənara qoyduğunuz ət suyundan 1 stəkan götürüb qazana əlavə edin. Zövqə görə duz və istiot vurun.

Tavanın qapağını qoyun və yeməyi orta odda təxminən 30 dəqiqə, və ya ət bişənədək  bişirin. Bişməzdən 5 dəqiqə əvvəl narı əlavə edib bişirin. Süfrəyə ya plov ya da çörəklə verin.

Qeyd: Bu yemək qaldıqca nar qaraldığına görə, bunu bişdikdən sonra həmən yemək məsləhətdir. Əgər sonra yemək üçün bişirirsinizsə, onra narı süfrəyə verməzdən əvvəl qazana əlavə edib bişirin. Və yaxud, narı heç  bişirməsəniz də olar. Bir qaba qoyun ki, hər kəs istədiyi qədər isti yeməyinə nar əlavə etsin, bişirmədən.

nar xoşlayan 2 yaşlı bir uşaq:)

Bir cavab yazın