Best in the World!
Dadlı yemək reseptləri bloqu

Sirkə-Sarımsaqlı Göy Lobya Salatı

Sirkə-Sarımsaqlı Göy Lobya Salatı | AZCookbook.com

Bu gün sizə yay fəslinin asan və yüngül salatları silsiləsindən olan Sirkə-Sarımsaqlı Göy Lobya Salatının hazırlanmasını təqdim edəcəm. Bu yaxınlarda mən bu salatı evimizdə təşkil etdiyim Azərbaycan Mədəniyyət və Mətbəx Gecəsində amerikalı qonaqlara təqdim etmişdim və salat hamı tərəfindən bəyənilmişdir. Göy lobyanın sarımsaqla qarışığından əmələ gələn xoşməzə təam hamıya maraqlı gəlmişdi.

Təssüf ki, bizim bildiyimiz göy lobyanı burada yalnız bəzi şərq marketlərində tapa bilirəm, o da ki, adətən qart lobya olur. Neynək. Olanı bişiririk və şükr edirik. Siz isə əla nəticə əldə etmək üçün, cavan və zərif maş lobyadan istifadə edin. Necə də olsa, Azərbaycanda bunun qıtlığı yoxdur yəgin ki. Nuş olsun!

Göy Lobya | AZCookbook.com

SİRKƏ-SARIMSAQLI GÖY LOBYA SALATI

Ərzaqlar

  • Yarım kilo təzə göy lobya, təmizlənmiş, və iridirsə, 2-3 hissəyə bölünmüş
  • 5-6 xörək qaşığı sirkə (üzüm ya da alma ola bilər)
  • 5 diş əzilmiş sarımsaq
  • 3-4 xörək qaşığı xırda doğranmış cəfəri (reyhan da ola bilər)
  • Duz

Hazırlanması

  1. Orta boy qazanda lobyanı örtəcək qədər su töküb 10-20 dəqiqə, yaxud lobya yumuşalana qədər qaynadın. Lobyanı suyunu süzün.
  2. Qarışdırma qabına süzülmüş lobya, sirkə, əzilmiş sarımsaq və cəfərini, və zövqə görə duzu əlavə edib yüngülvari qarışdırın.
  3. Süfrəyə verməzdən əvvəl salatı ən az 3 saat soyuducuda saxlayın.
  4. Lobyalar dayaz boşqabda səliqəli şəkildə düzülüb təqdim olunmalıdır.

Resept Fəridə Buyuranın Pomegranates & Saffron: A Culinary Journey to Azerbaijan kitabından adaptasiya olunmuşdur.

Bir cavab yazın