Best in the World!
Dadlı yemək reseptləri bloqu

Sobada Badımcanlı-Göbələkli Təhçin Plov

Sobada Badımcanlı-Göbələkli Təhçin Plov | AZCookbook.com

Parlaq və əlvan rənglər, dayanılmaz dad, aromatlı ədviyyatların istifadəsi, dadlı və şirin yeməklər üzərinə səpilmiş təzə göyərtilər, qurudulmuş qızılgül ləçəkləri, püstə, badam, zəncəfil ilə göz oxşayan görüntü. Mən Iran mətbəxtini sevirəm. O, çox gözəldir və onun bizim Azərbaycan mətbəxi ilə ortaq elementləri çoxdur. Bəlkə də elə buna görə İran mətbəxinə qarşı biganə deyiləm.

Ən çox bəyəndiyim İran yeməklərindən biri təhçin adlı sobada bişmir plovdur. Adətən, təhçin qatıq və yumurta sarısı ilə qarışdırılan, zəfəranla ətirləndirilmiş düyü arasına sıxışdırılmış toyuqdan hazırlanır. Sobada bişirilir, yeməyin qızılı rəng almış üzü görünsün deyə servis qabına alt-üst edilərək yerləşdirib süfrəyə verilir. Süfrədə o qədər gözəl görünür ki!

Sobada Badımcanlı-Göbələkli Təhçin Plov | AZCookbook.com

Buradakı reseptdə toyuq yoxdur. Əvəzində düyü qatlarının arasına ədviyyatla bişirilmiş Portobello göbələyi və sobada qızardılmış badımcan layları qoyulur. Ət sevməyənlər üçün mükəmməl seçimdir. Elə ət sevənlər də bu variantı çox sevəcəklər. Bişmiş və tərs çevrilmiş düyünün üzəri müxtəlif rənglərlə örtülür –  yaşıl püstə və zərif yaqut qırmızısı rəngində zirinc. Bəh bəh!

Reseptin orijinal mənbəsi Yasmin Xanın The Saffron Tales adlı kitabdırMən onu öz zövqümə uyğun modifikasiya etmişəm. Mənim dəyişdirdiyim şey badımcanları düyü ilə düzməzdən əvvəl onları sobada bişirmək idi. Orjinal reseptə görə badımcanlar tavada qızarmalı idi, ancaq mən onları sobada bişirmək üsulunu seçdim. Beləliklə, mən vaxtıma qənaət etmiş oldim, çünki badımcanın hamısı eyni vaxtda bişdi. Nəticəsi isə əla idi. Bax belə.

Mən ümid edirəmki, siz bu dadlı və gözəl görünüşlü yeməkdən zövq alacaqsınız. İranlılar demikən, nuşi can!

Sobada Badımcanlı-Göbələkli Təhçin Plov | AZCookbook.com

Siz bu gözəlliyə bir baxın!

Sobada Badımcanlı-Göbələkli Təhçin Plov | AZCookbook.com

Badımcanlar sobadan çıxdı və düyü layları arasına düzülməyə hazırdırlar.

Sobada Badımcanlı-Göbələkli Təhçin Plov | AZCookbook.com

Bu şəkildə isə təhçin artıq bişib və çevrilməyə hazırdır.

Sobada Badımcanlı-Göbələkli Təhçin Plov | AZCookbook.com

Bu isə layların görünüşü.

Sobada Badımcanlı-Göbələkli Təhçin Plov | AZCookbook.com

SOBADA BADIMCANLI-GÖBƏLƏKLİ TƏHÇİN PLOV

8-10 nəfərlik porsiya üçün

Ərzaqlar

Düyü:

  • 2 stəkan uzun düyü
  • Duz
  • 2 yumurta sarısı
  • 3/4 stəkan qatıq (sulu olmasın)

Zəfəran Suyu Üçün:

  • 1/4 çay qaşığı zəfəran sapları
  • 1 çimdik şəkər tozu
  • 3 xörək qaşığı qaynar su

İçlik üçün:

  • 3 ədəd orta ölçülü badımcan, uzunsov şəkildə qalın dilimlərə kəsilmiş
  • Duz və istiot
  • Zeytun yağı
  • 3 xörək qaşığı kərə yağ
  • 1 ədəd ortaölçülü doğranmış soğan
  • 3 diş doğranmış sarımsaq
  • 4 ədəd iri hissələrə dilimlənmiş Portobello göbələyi (hər hansı növ göbələklə əvəz etmək olar)
  • 1/2 çay qaşığı sarıkök
  • 1/2 çay qaşığı döyülmüş yenibahar
  • 1/2 çay qaşığı zirə

Üzəri üçün:

  • 1 xörək qaşığı kərə yağ
  • 2 xörək qaşığı zirinc
  • 1/4 stəkan + 1 xörək qaşığı iri-iri doğranmış püstə
  • 1 xörək qaşığı şəkər tozu

Hazırlanması

  1. Düyünü hazırlayın: Düyünü su təmizlənənə kimi bir neçə dəfə soyuq suda yuyun, sonra böyük bir kasanın içərisində bir çay qaşığı duz əlavə edilmiş ilıq suda 15 dəqiqə isladın. Suyu boşaldıb düyünü süzün və kənara qoyun.
  2. Böyük bir qazanla bir suyu qaynamağa qoyun, içərisinə 1 çay qaşığı duz əlavə edin. Düyünü əlavə edin və orta istilikdə 4-5 dəqiqə bişirin. Dadına baxın, yarımbişmişdən bir az yumşaqdırsa, deməli  hazırdır. Süzün və kənara qoyun.
  3. Zəfəran suyunu hazırlayın: Zəfəran suyunu həbəngdəstənin yardımı ilə 1 çimdik şəkərlə birgə zəfəranı əzərək və qaynar su əlavə edərək hazırlayın. Üzərini nəlbəki ilə örtün, kənara qoyun dəmlənsin.
  4. İçliyi hazırlayın: Sobanı əvvəlcədən 232ºC dərəcədə qızdırın. Bişirmə listinə perqament kağızını sərin, badımcan dilimlərini 1 lay olmaqla düzün. Badımcanların üzərinə firça ilə zeytun yağı çəkin və duz səpin. Təqribən 25 dəqiqə, bu müddət ərzində  bir dəfə o tərəfinə çevirmək şərtilə üzəri qızılı rəngdə olana kimi bişirin. Sobadan çıxarın və kənara qoyun.
  5. Eyni vaxtda, içliyin digər hissəsini də hazırlayın. 2 xörək qaşığı zeytun yağını 1 xörək qaşığı kərə yağı ilə böyük bir tavada isidin, soğanları əlavə edib 10 dəqiqə yumşalana kimi qızardın. Sarımsağı əlavə edin, 2 dəqiqə də qızardın. Göbələkləri, bütün ədvaları və çay qaşığı duz, 1/4 çay qaşığı istiotla birgə əlavə edin.
  6. Kiçik bir tavada 1 dəqiqəlik müddətə zirərni rta istilikdə yüngülcə yanmaması üçün qarışdıraraq qızardın, sonra həvəngdəstə və ya adviyyat əzən maşınla əzərək göbələyə əlavə edin. Göbələklər yumşalana kimi bişirin, sonra odu söndürün. Göbələklər tündləşəcək – bu normaldır.
  7. Təhçini hazırlayın. Sobanı əvvəlcədən 190ºC dərəcə qızdırın. Böyük bir kasada yumurta sarılarını qatıq, zəfəran suyu, 1/2 çay qaşığı duz, 1/4 çay qaşığı istiotla birgə çalın. Qatığı əlavə edib qaşırdırın.  20X27 sm ölçüsündə istiliyə davamlı şüşə yeməkbişirmə qabını 1 xörəkqaşığı yağla yağlayırıq. Düyünün yarısını qaşıqla qaba qoyub yüngülcə üstündən presləyin.
  8. Düyünün üstünə badımcan dilimlərini 1 cərgə olaraq düzün, ardınca göbələkləri düzün. Bunun üzərini qalan düyü ilə örtün. Qalan yağı üstünə səpələyin, qabı folqa ilə örtün, təqribən 1 saat və ya 45 dəq və ya təhçinin dibi qızarana kimi bişirin.
  9. Təhçin hazır olanda sobadan çıxarın və siz üzərinin bəzəyini hazırlayana kimi soyumağa qoyun.
  10. Üzərini hazırlayın: Kiçik bir tavada yağı əridin, zirinc, püstə və şəkəri 2 dəqiqəlik müddətə şəkər əriyənə kimi və zirinc şişənə kimi qızardın. Kənara çəkin.
  11. Təhçini servis edin: Təhçini boşqabdan ayırmaq üçün bıçağı ehtiyatla onun kənarlarında gəzdirin. Üzərinə qab qoyun və cəld çevirin. Üstü alta gələcək. Üzərini zirinc və püstə səpərək bəzəyin.

****
Yasmin Khan-ın The Saffron Tales adlı kitabından adaptasiya olunmuşdur.

Bir cavab yazın

4 Şərh
  1. Salam. Gözəl görünür. Bəs badımcanın qabaqcadan acısı çıxarılmalıdır?

  2. İran metbexi doğurdan da zengin metbexdir olivia ise qeşeng görünür
    Sağolun cox yaxşı başa salmısız.

  3. Bağışlayın plov yazacaqdım sehven oldu.

Bir cavab yazın