Subscribe
Dadlı yemək reseptləri bloqu

Soğanlı Göbələk Qızartması

Bu gün sizə göbələk qızartmasının reseptini təqdim edəcəyəm. Bu reseptdə maraqlı məqam var. Göbələklər olduğu kimi yağda qızardılmaq əvəzinə, əvvəlcə qaynar suda bir az xaşlanıb, sonra qovrulurlar. Ayrıca soğan da qovrulur və sonra hər ikisi bir yerdə bir müddət bişirilir. Olur həm ləzzətli, həm də ki, pratik. İlk dəfə bu resepti sınaqdan keçirəndə, fikirləşmişdim ki, yəgin göbələklər suda qaynadıqdan sonra tamını bir qədər itirir. Amma heç də belə olmadı. Əksinə, elə bil göbələyin dadı dərinləşdi, həm də, qara rəngi də suya çıxdı ki, onu atdım.

Siz də bu üsulla bişirin. Görək xoşunuza gələcəkmi. Bildiyiniz maraqlı göbələk resepti varsa, şəhrlərdə mənimlə və bütün oxucularla paylaşa bilərsiniz.  Nuş olsun!

Soğanlı Göbələk Qızartması | AZCookbook.com

SOĞANLI GÖBƏLƏK QIZARTMASI

2-3 pay üçün

Ərzaqlar

  • 700 qram təmizlənmiş və iri dilimlərə kəsilmiş göbələk (hər hissəsi)
  • Təxminən 4 xörək qaşığı kərə yağ və ya zeytun yağı
  • Xırda-xırda doğranmış 2 orta ölçülü soğan (2 stəkan doğranmış)
  • Duz və istiot
  • Qarnir üçün xırda doğranmış təzə şüyüd

Hazırlanması

  1. Orta ölçülü qazana su və 1 xörək qaşığı duz tökün. Qazanı qaynamağa qoyun.
  2. Doğranmış göbələkləri qazana tökün, 10 dəqiqə müddətinə və ya göbələk yumuşalanadək (əzilməməlidir) qaynadın, göbələkləri aşsüzəndən süzün.
  3. Göbələklər qaynayarkən, orta istilik üzərində sote hazırlayacağınız tavada yağı qızdırın. Soğanı əlavə edin və təqribən 15 dəqiqə ərzində qızılı rəng alana kimi tez-tez qarışdıraraq bişirin. Soğanı tavadan götürün, ancaq yağı tavada qalsın.
  4. Süzülmüş göbələkləri tavaya əlavə edin, lazım olarsa bir az daha yağ əlavə edin. Tez-tez qarışdıraraq göbələklər qəhvəyi rəng alana kimi 15 dəqiqə müddətinə bişirin.
  5. Göbələklərin üzərinə qovrulmuş soğanı əlavə edin və təxminən 10 dəqiqə bişirin.
  6. Zövqə görə duz və istiot əlavə edin.
  7. Ocağın altını söndürün.
  8. Göbələkləri servis boşqabına qoyub üzərinə doğranmış şüyüd səpin. Çörəklə süfrəyə verin
  9. İstəsəniz, yeməyin yanında üzərinə tökmək üçün xama da servis edə bilərsiniz.

Bir cavab yazın


2 Comments
  1. Görüntüsü çox xoşuma geldi.
    Ne vaxtsa mütleq sınaq edecem.
    Sağolun resepte göre. 🙂

Bir cavab yazın