Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şokoladlı Çatlaq Qurabiyə

Chocolate Crinkle Cookies

Mənim son dəqiqə bayram biş-düşü seçimim (yəni qonum-qonşu və qapıdan bayramlaşmağa gələnlərlə bölüşmək üçün bişirdiyim qurabiyələr) şokoladlı çatlaq qurabiyələr oldu. Çölü xırçıltılı və çatlaq, içi isə bir az yumşaq kimi kimi olan qurabiyə. Uşaqların ürəyi getdi. Teksturası əla idi. Çox ümid edirəm ki, siz də bu qurabiyələri tezliklə bişirəcəksiniz.

Bu arada, mən özüm Miladı qeyd etməsəm də, bu bayramı qeyd edənlərin hamısının Milad bayramı mübarək. Hamıya isə qarşıdan dələn Yeni İliniz mübarək deyirəm. Hamınıza sevdiklərinizlə birlikdə gözəl bayramlar keçirməyi arzu edirəm! Qoy bu mövsüm hər evə, hər ailəyə və gözəl dünyamıza xeyir-bərəkət gətirsin. Bir çox bayram mövsümləri boyunca bloquma göstərdiyiniz davamlı dəstəyə görə çox sağ olun! Qoy bundan sonra da birlikdə neçə belə bayram mövsümü keçirək.

Chocolate Crinkle Cookies

İndi isə gəlin reseptimizə keçək. Bu qurabiyə reseptində həm şəkərsiz şokolad, həm də şəkərsiz kakao var. İkisi də birləşib super dərin bir şokolad dadı əmələ gətirir.

Chocolate Crinkle Cookies

Sağdakı şəkildə hazır xəmirin necə görünməli olduğunu görürsünüz. Soruşa bilərsiniz ki, belə bir yumşaq xəmir necə qurabiyəyə çevrilə bilər. Amma bilər. Necəsini sizə resept deyəcək.

Chocolate Crinkle Cookies

Qurabiyə toplarını sobaya qoymazdan əvvəl tamamilə şəkər pudrasında urvalayın. Sonra da adama amansızcasına gəl-gəl deyən şokoladlı çatlaq qurabiyələrin hazır olmasını gözləyin.

Şokoladlı Çatlaq Qurabiyə
Williams-Sonomanın “Essentials of Baking” kitabındakı resept əsasında

Təxminən 30 qurabiyə alınır

Qeyd 1: Orijinal reseptdə deyilir ki, xəmirə şokolad və kakaodan başqa 1  1/2 stəkan (280 q) kiçicik yarımşirin şokolad damlaları da əlavə edilməlidir. Mən bu qurabiyəni şokolad damlaları ilə bişirməyə cəhd etdim, amma nəticə mənim zövqümə görə çox şirin alındı. Əgər siz həddindən çox şirin qurabiyə sevmirsinizsə bunu nəzərə alın. Şokolad damlaları qurabiyənin teksturasını bir az daha karamelvari (axıcı) edir, amma qurabiyə onlarsız da çox yaxşı alınır. Beləliklə seçim sizindir. Əgər şokolad damlalarını əlavə etmək istəsəniz xəmiri soyuducuya qoymazdan əvəvl onları əlavə edib qarışdırın.

Qeyd 2: Reseptdə Holland üsulu kakao pudrasından istifadə edilməsi tövsiyyə edilir, amma əlinizin altında yoxdursa təbii şəkərsiz kakaodan da istifadə edə bilərsiniz. Lakin bu zaman xəmirə qabartma tozu ilə birlikdə ¼ çay qaşığı çay sodası da əlavə edin.

Ərzaqlar

125 q şəkərsiz şokolad, doğranmış
1/4 stəkan (60 q) duzsuz kərə yağı
1 + 1/2 stəkan (235 q) ağ un
1/2 stəkan (45 q) Holland üsulu kakao tozu
2 çay qaşığı qabartma tozu
1/4 çay qaşığı duz
4 iri yumurta
2 stəkan (400 q) şəkər tozu
1 çay qaşığı vanil ekstraktı
1/2 stəkan (60 q) şəkər pudrası

Hazırlanması

Şokolad və kərə yağını odadavamlı orta ölçülü dərin bir qaba qoyub qabı içində yüngülcə qaynayan su olan qazanın üzərinə yerləşdirin. Qab suya toxunmamalıdır. Tez-tez qarışdıraraq, yağ və şokolad tam əriyənə qədər qızdırın. Suyun üzərindən götürüb bir az soyumaq üçün kənara qoyun.

Başqa bir dərin qabda un, kakao tozu, qabartma tozu və duzu qarışdırın. Kənara qoyun.

İri bir qabda yumurtaları, şəkər tozunu və vanil ekstraktını qarışdırın. Mikserin orta sürətində təqribən 3 dəqiqə, açıq rəngli qatı qarışıq əldə edənə qədər çalın. Mikserin sürətini azaldıb ərinmiş şokolad qarışığını əlavə edin və eynicinsli kütlə alınana qədər çalın. Quru ərzaqları da əlavə edib tam qarışana qədər çalın.

Qabı streç örtüklə örtün və bərkiyənə qədər, 2 saat soyuducuda saxlayın. Xəmirdən toplar düzəltmək mümkün olmalıdır.

Rəfi sobanın orta gözünə yerləşdirin və sobanı 165ºC-yə qədər qızdırın. 2 kənarsız listi perqament kağızı ilə örtün. Balaca dərin bri qaba şəkər pudrası tökün.

Xörək qaşığı ilə xəmirdən götürüb əllərinizin arasında yumrulayın və 4 sm ölçülü toplar düzəldin. Hər bir topu şəkər pudrasınnın içində urvalayın. Əgər toplar əlinizə yapışırsa vaxtaşırı əllərinizi yuyun. Və qurabiyə düzəltməyə davam edin. Qurabiyələri əvvəlcədən hazırladığınız lisitin üzərinə bir-birindən 7.5 sm aralı düzün.

Sobaya listləri bir-bir qoyub üzəri şişənə və çatlayana qədər, 15-17 dəqiqə bişirin. Amma qurabiyələr toxunan zaman yalnız bir az bərk olmalıdır, çünki çox bərk olarsa soyuduqca daha da bərkiyəcək. Qurabiyələri listin içindəcə 5 dəqiqəliyinə soyumağa qoyun, sonra tamamilə soyumaq üçün kondiser telləri üzərinə yığın. Qurabiyələri hermetik qabın içərisində otaq temperaturunda 3 günə qədər saxlaya bilərsiniz.

Chocolate Crinkle Cookies

Bir cavab yazın

12 Şərh
  1. sizin reseptlerinizden seve-seve istifade edirik .ALLAH komeyiniz olsun.qarsidan gelen bayramlarinizda mubarek; xeyirli,ugurlu duserli olsun; elimiz obamiz.sizler,bizler ucun insALLAH…

  2. Salam,qurabiye wirniyyatlar arasinda en cetinidir,hazirlanma ve biwirilme prossesi yaman qelizdir,ona gore hec vaxt qurabiye biwirmeye risk etmerem,ama dadi cox gozel olur,sizin elinize sagliq,cox gozel alinib,tewekkurler

  3. Cox gozel gorunur,eminem ki,dadida ela olar. Size 2 sualim var, men sakaladi parda eride bilmirem,bu sakalatin keyfiyyetinden asili ola bilermi? Ikinci sualim odur ki,yazmisiz sekersiz sakalat,men onu nece,hardan tapim. Umumiyyetle parda eriye bilecek sakalatlarin adini yazsaz cox sevinerem. Tesekkur edirem.

    • İstidən hər plitka şokolad əriməlidir, keyfiyyətindən asılı olmayaraq. Şəkərsiz şokolad bəlkə hansısa supermarketlərdə var. Mən dəqiq deyə bilmirəm, çünki Bakıda yaşamıram. Şəkərsiz yoxdursa, az şəkərli, və yaxud aci-şirin (bittersweet) plitka şokoladı alın.

  4. Harada həyat varsa, orada ümid də vardır. Yeni ildə bütün ümidlər və müvəffəqiyyətlər sizinle olsun. Yeni iliniz Mubarək Feride xanim !!!

  5. Çox gozel gorunurler. Bir anliq pryanikleri xatirlatdi. Tesadufen dadi da benzemir ki?!

  6. Salam Feride xanim. Bu kurabiyelerden de bishirdim. Usaglar cox beyendiler ve yediler. Dogurdan da cox lezzetlidirler. Size de minnetdaram Ki, bele Gozel reseptleri paylawirsiniz. Ugurlar size.

  7. Men saytınızı gec gördüm ona göre de reseptleri derc ettiğinız vaxtdan çox sonralar şerh yazdım daha doğrusu özümü yazmaq mecburiyetinde hiss eledim. Ne yaxşıki öz dilimizde bir resept saytı var. Bildiğimiz reseptlerden elave ferqli reseptlerde var. Şekillerde çox şeffaf keyfiyyetlidir yemeklerin neye oxşadığını aydın bir veziyyetde görebilirik. Gelek bu qurabiye reseptine görüntüsü çox qeşengdir. Neçe vaxdır qurabiyelere maraq salmışam bunu da hazırlayacağım qurabiyelerin arasına qeyd eledim.

Bir cavab yazın